PDF Oxu

Siyasət

  • 562

Prezident İlham Əliyevin siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal təşəbbüslərini gücləndirir - ŞƏRH

Prezident İlham Əliyevin siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal təşəbbüslərini gücləndirir - ŞƏRH

Müasir dünyada siyasi, dini və mədəni ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq münasibətlərdə etimad böhranının müşahidə olunduğu bir dövrdə dialoq və qarşılıqlı anlaşma xüsusi aktuallıq kəsb edir. Belə bir şəraitdə Azərbaycanın VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı fəal mövqeyini və qlobal əməkdaşlığa verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir.

Oktyabrın 27-də Bakıda keçirilən Forumda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasət prioritetlərini, milli maraqlara əsaslanan mövqeyini və beynəlxalq proseslərə münasibətini əks etdirən mühüm mesajlarla yadda qaldı. “Ortaq gələcək naminə dialoq” mövzusu ətrafında 100-dən artıq ölkənin nümayəndələrinin bir araya gəlməsi tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdı. Bu, eyni zamanda Azərbaycanın müxtəlif sivilizasiyalar arasında əlaqələrin inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.
Ölkəmizin multikulturalizm sahəsində qazandığı təcrübə təsadüfi deyil. Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dini icmaların birgə yaşadığı, fərqli mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi bir coğrafiya olub. Bu zəngin tarixi irs müasir dövrdə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir. Azərbaycanda dini etiqad azadlığının, etnik müxtəlifliyin və mədəni irsin qorunması cəmiyyətin sabitliyinə, milli birliyə və qarşılıqlı etimada mühüm töhfə verir.
Azərbaycançılıq ideologiyası da bu birliyin möhkəmlənməsində mühüm rol oynayır. Xalqımızın vahid dövlətçilik maraqları ətrafında birləşməsi, müxtəlifliyə baxmayaraq ortaq milli dəyərləri bölüşməsi Azərbaycanın ən böyük mənəvi sərvətlərindəndir. Ermənistanın təcavüzü ilə üzləşdiyimiz illərdə xalqımızın nümayiş etdirdiyi həmrəylik, Vətən müharibəsi zamanı bütün cəmiyyətin vahid məqsəd ətrafında səfərbər olması bu reallığı bir daha təsdiqlədi. 2020-ci ildə qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası dövlətimizin qüdrətini, xalqımızın qətiyyətini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin beynəlxalq hüquqla bağlı səsləndirdiyi fikirlər də xüsusi diqqətə layiqdir. Çünki beynəlxalq münasibətlər sisteminin sağlam əsaslar üzərində qurulması bütün dövlətlərə münasibətdə eyni hüquqi prinsiplərin tətbiqini tələb edir. Təəssüf ki, Azərbaycanın ərazilərinin uzun illər işğal altında qalması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin vaxtında icra olunmaması beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartları açıq şəkildə göstərdi. Azərbaycan bu ədalətsizliyə baxmayaraq, öz milli gücünə və siyasi qətiyyətinə arxalanaraq tarixi ədaləti bərpa etdi.
Bu gün ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş nailiyyətləri möhkəmləndirmək və regionda yeni əməkdaşlıq mərhələsinin əsasını yaratmaqdır. Azərbaycanın Ermənistanla sülh münasibətlərinin qurulmasına yönəlmiş təşəbbüsləri bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Rəsmi Bakı regionda qarşıdurma mühitinin aradan qaldırılmasını, kommunikasiyaların açılmasını, iqtisadi əlaqələrin genişlənməsini və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını dəstəkləyir. Lakin sülhün davamlı olması üçün tərəflər beynəlxalq hüquqa, qarşılıqlı öhdəliklərə və razılaşmalara hörmətlə yanaşmalıdırlar.
Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində enerji siyasəti də mühüm amillərdən biridir. Ölkəmiz Avropanın və digər tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə töhfə verməklə etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın regional və qlobal bağlantılardakı strateji əhəmiyyətini artırır.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın yalnız öz milli maraqlarını müdafiə edən deyil, eyni zamanda beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verən dövlət olduğunu bir daha ortaya qoydu. Bu tədbir ölkəmizin siyasi nüfuzunun, təşkilatçılıq imkanlarının və dünyada dialoq mədəniyyətinin inkişafına yönəlmiş təşəbbüslərinin bariz nümunəsidir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və prinsipial siyasət Azərbaycanın beynəlxalq mövqelərini bundan sonra da gücləndirəcək. Milli maraqların qorunması, dövlətçilik prinsiplərinə sadiqlik, multikulturalizm ənənələrinin yaşadılması və sülh təşəbbüslərinin dəstəklənməsi ölkəmizin gələcək inkişafının əsas istiqamətləri olaraq qalacaq.

Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini

Digər xəbərlər