PDF Oxu

Siyasət

  • 935

“44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi”

“44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biri, milli birliyimizin, dövlətimizin qüdrətinin, xalqımızın əzmkarlığının və rəşadətli Ordumuzun misilsiz igidliyinin təntənəsidir.Bu əlamətdar tarix yalnız hərbi Qələbənin deyil, uzun illər davam edən həsrətin sona çatmasının, tarixi ədalətin bərpasının və Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin parlaq nəticəsinin rəmzidir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, xalqımızın yaddaşında əbədi yaşayacaq 44 günlük Vətən müharibəsi başlandı. Bu müharibə Azərbaycan dövlətinin öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək əzmini, ordumuzun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedərək düşmənin müdafiə xətlərini yarıb keçdi, kəndlərimizi, qəsəbələrimizi və şəhərlərimizi bir-birinin ardınca işğaldan azad etdi. Hər qarış torpaq uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri böyük şücaət, peşəkarlıq və fədakarlıq göstərdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad edilməsi qələbəyə aparan yolun mühüm mərhələləri oldu.
Bu tarixi mübarizənin ən mühüm hadisələrindən biri isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Mürəkkəb relyefə malik dağlıq ərazidə aparılan döyüş əməliyyatları Azərbaycan hərb tarixində xüsusi yer tutdu. Azərbaycan əsgərlərinin yüksək döyüş ruhu, cəsarəti və peşəkarlığı nəticəsində Şuşa azad edildi. Şuşanın azad olunması müharibənin taleyinə həlledici təsir göstərdi və Azərbaycanın tarixi Qələbəsinin əsas simvollarından birinə çevrildi.Noyabrın 8-də Azərbaycan xalqına müraciət edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunduğunu elan edərək xalqımıza tarixi müjdə verdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Azərbaycan xalqı illərdir gözlədiyi arzunun gerçəkləşməsinin sevincini yaşadı.Vətən müharibəsində əldə olunan Qələbə, ilk növbədə, dövlət-xalq-ordu birliyinin təntənəsi idi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, düşünülmüş hərbi-siyasi strategiyası, ordumuzun gücü və xalqımızın birliyi bu tarixi nəticənin əldə edilməsində mühüm rol oynadı. Müharibənin bütün mərhələlərində Ali Baş Komandanın xalqa müraciətləri, beynəlxalq mediaya verdiyi müsahibələr və diplomatik müstəvidə apardığı fəaliyyət Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasına xidmət edirdi.
Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti Vətən torpağının azadlığı naminə böyük fədakarlıq göstərdi. Onlar döyüş meydanında yalnız hərbi tapşırıqları yerinə yetirmir, eyni zamanda, xalqımızın tarixi yaddaşını, milli qürurunu və gələcək nəsillər qarşısında məsuliyyətini öz çiyinlərində daşıyırdılar. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına əldə edilən bu Qələbə hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.
Zəfər Gününün ən böyük mənəvi dəyəri şəhidlərimizin əziz xatirəsi ilə bağlıdır. Vətən uğrunda canından keçən qəhrəmanlarımız öz adlarını Azərbaycan tarixinə əbədi həkk etdilər. Onların ailələri, övladları və yaxınları qarşısında dövlətimizin və cəmiyyətimizin mənəvi borcu daim diqqət mərkəzindədir. Şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizə ehtiram göstərmək və onların qəhrəmanlıq nümunələrini gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Qarabağ və Şərqi Zəngəzurda yollar, tunellər, körpülər, elektrik stansiyaları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı təmin olunur. Uzun illər işğal altında qalmış ərazilərimizdə həyat yenidən canlanır, şəhər və kəndlərimiz müasir inkişaf mərhələsinə qədəm qoyur.
Bu gün Zəfər Günü Azərbaycan dövlətinin gücünü, milli həmrəyliyini və gələcəyə inamını ifadə edən ümumxalq bayramıdır. Bu tarix bizə xatırladır ki, xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və ordunun gücü milli hədəflərin həyata keçirilməsində mühüm amillərdir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yenilməz ruhunun, əzminin və mübarizə iradəsinin təntənəsidir. Bu Qələbə gələcək nəsillər üçün şərəfli tarix, əbədi qürur mənbəyi və vətənpərvərlik məktəbidir.

Malik Mirzəyev,

YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər