PDF Oxu

Siyasət

  • 633

Şuşanın azadlığı – ata vəsiyyətinin və milli iradənin təntənəsi - ŞƏRH

Şuşanın azadlığı – ata vəsiyyətinin və milli iradənin təntənəsi - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, milli yaddaşımızın, qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi kimi yaşayır. 8 Noyabr – Zəfər Günü məhz belə möhtəşəm tarixlərdən biridir. Bu gün xalqımızın illərlə qəlbində yaşatdığı Qarabağ həsrətinin sona çatdığı, milli birliyimizin, sarsılmaz iradəmizin və qəhrəmanlığımızın bütün dünyaya nümayiş etdirildiyi şanlı bir tarixdir.
Azərbaycan xalqının bu böyük Zəfəri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, onun siyasi irsinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasına inanır, Qarabağın azad olunmasını xalqımızın qarşısında duran ən mühüm tarixi vəzifələrdən biri hesab edirdi. Onun siyasi uzaqgörənliyi, möhkəm dövlətçilik təməlləri və xalqımıza aşıladığı Vətən sevgisi bu gün əldə etdiyimiz tarixi nailiyyətlərin əsasını təşkil edir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. 44 gün davam edən müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyü böyük ölçüdə bərpa edildi. Bu mübarizənin ən möhtəşəm hadisələrindən biri isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması oldu. Şuşanın azad edilməsi hərbi-strateji əhəmiyyəti ilə yanaşı, xalqımızın mənəvi ruhunun, milli kimliyinin və tarixi ədalətə inamının təntənəsinə çevrildi.
Şuşanın azad olunmasından sonra Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək səsləndirdiyi fikirlər xalqımızın yaddaşına əbədi həkk olundu: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Bu sözlər sadəcə qələbə sevincinin ifadəsi deyil, həm də bir xalqın uzun illər daşıdığı ağrı-acının, həsrətin və mübarizənin tarixi yekunu idi. Ata vəsiyyətinin yerinə yetirilməsi ifadəsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqətin, dövlətçilik ənənələrinin davamlılığının və milli məqsədlərimizin gerçəkləşməsinin parlaq təcəssümüdür. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşdu, milli qürurunu və mənəvi bütövlüyünü daha da möhkəmləndirdi.
Bu Zəfərin arxasında Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının sarsılmaz birliyi dayanır. Şəhidlərimizin hər biri xalqımızın azadlıq salnaməsinə öz adını qızıl hərflərlə yazdırdı. Onların fədakarlığı heç zaman unudulmayacaq, xatirələri daim ehtiramla yad ediləcəkdir. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizin müqəddəs amalının, xalqımızın mübarizə əzminin və dövlətimizin qüdrətinin rəmzidir.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, milli musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin beşiyidir. Bu qədim şəhərin azadlığı təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli-mədəni irsimizin öz həqiqi sahibinə qaytarılması deməkdir. Bu gün Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi və mədəni abidələrin yenidən dirçəldilməsi, şəhərin əvvəlki şöhrətinin qaytarılması dövlətimizin Qarabağa və milli irsimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
8 Noyabr – Zəfər Günü bizə bir daha göstərdi ki, xalqın birliyi, dövlətin gücü və qətiyyətli rəhbərlik qarşıya qoyulan ən çətin məqsədlərin belə reallaşmasını təmin edə bilər. Bu tarixi Qələbə Azərbaycan xalqının milli ruhunu daha da yüksəltdi, dövlətimizin beynəlxalq mövqeyini möhkəmləndirdi və gələcək nəsillər üçün qürur mənbəyinə çevrildi.
Bu gün hər bir azərbaycanlının üzərinə düşən əsas vəzifələrdən biri qazanılmış tarixi Zəfəri qorumaq, milli birliyimizi möhkəmləndirmək, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalmaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq prosesinə öz töhfəsini verməkdir.
8 Noyabr xalqımızın yaddaşında daim yaşayacaq. Bu tarix şəhidlərimizin qanı ilə yazılmış qəhrəmanlıq salnaməsi, milli iradəmizin təntənəsi və müstəqil Azərbaycanın qüdrətinin ifadəsidir. Zəfərimiz mübarək olsun, Azərbaycan!
Nəriman Məmmədli
YAP Şahbuz rayon təşkilatının fəal üzvü

Digər xəbərlər