PDF Oxu

Siyasət

  • 573

8 Noyabr – Zəfər Günü: Tariximizin qürur zirvəsi

8 Noyabr – Zəfər Günü: Tariximizin qürur zirvəsi

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da artır, milli yaddaşımızda silinməz iz qoyur. 8 Noyabr – Zəfər Günü məhz belə tarixi günlərdəndir. Bu tarix təkcə hərbi qələbənin deyil, bütöv bir xalqın sarsılmaz iradəsinin, milli birliyinin və Vətən sevgisinin təntənəsidir. Otuz ilə yaxın davam edən işğala son qoymaq, tarixi ədaləti bərpa etmək Azərbaycan xalqının ən böyük arzusu idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu arzunun gerçəkləşməsi istiqamətində tarixi dönüş nöqtəsinə çevrildi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması isə bu mübarizənin ən parlaq səhifəsi, Zəfərə aparan yolun həlledici hadisəsi oldu. Müzəffər Azərbaycan əsgərinin sıldırım qayaları aşaraq Şuşada nümayiş etdirdiyi şücaət hərb tarixinə qəhrəmanlıq nümunəsi kimi yazıldı.

Bu Qələbə, hər şeydən əvvəl, Vətən uğrunda canından keçən şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və döyüşçülərimizin misilsiz rəşadəti hesabına qazanıldı. Onların hər biri Azərbaycanın azadlığı naminə öz taleyini Vətənin taleyi ilə birləşdirdi. Bu gün üçrəngli bayrağımızın Qarabağın hər guşəsində dalğalanması həmin qəhrəmanlığın, verilən qurbanların və göstərilən iradənin nəticəsidir. Zəfərin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət həlledici rol oynadı. Cənab Prezidentin müharibə dövründə nümayiş etdirdiyi prinsipial mövqe, beynəlxalq platformalarda Azərbaycanın haqq səsini qətiyyətlə müdafiə etməsi xalqın və ordunun mübarizə əzmini daha da gücləndirdi. Həmin günlərdə Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşərək bütün dünyaya milli həmrəyliyin və dövlət-xalq-ordu birliyinin nə demək olduğunu göstərdi. Məhz bu birlik, siyasi qətiyyət və hərbi güc tarixi Zəfərin əsasını təşkil etdi.

Bu gün 8 Noyabrı qeyd edərkən biz yalnız keçmişin şanlı hadisələrini xatırlamırıq, həm də qarşıya qoyulan yeni hədəflərə hansı güc və əzmlə çatdığımızı bir daha dərk edirik. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, Böyük Qayıdış proqramının həyata keçirilməsi Zəfərin məntiqi davamıdır. Bir vaxtlar dağıdılmış, viran qoyulmuş yurd yerlərində yeni yaşayış məntəqələrinin, yolların, məktəblərin, xəstəxanaların və digər infrastruktur obyektlərinin inşa edilməsi Azərbaycanın qurucu gücünü nümayiş etdirir. Ən böyük mənəvi qələbələrdən biri isə illərlə doğma torpaq həsrəti ilə yaşayan insanların ata-baba yurdlarına qayıtmasıdır. Zəfər Günü bizə bir daha xatırladır ki, dövlətin gücü onun xalqının birliyində, ordusunun qüdrətində, rəhbərliyinin qətiyyətində və milli məqsədlərə sədaqətindədir. 8 Noyabr Azərbaycan xalqının alnıaçıq, başıuca yazdığı tarixdir. Bu tarix nə zamanın, nə də nəsillərin yaddaşından silinəcək. Çünki Zəfər xalqımızın ortaq iradəsinin, şəhidlərimizin əbədiyaşar xatirəsinin və müstəqil Azərbaycanın qüdrətinin təcəssümüdür.

Toğrul ZEYNALOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər