PDF Oxu

Siyasət

  • 746

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi – Tarixi Zəfərə aparan qəhrəmanlıq yolu - ŞƏRH

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi – Tarixi Zəfərə aparan qəhrəmanlıq yolu - ŞƏRH

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Həmin gün tariximizin ən şanlı səhifələrindən birinin – Vətən müharibəsinin başlanğıcı oldu. 44 gün davam edən bu müharibə Azərbaycan xalqının sarsılmaz iradəsini, milli birliyini, ordumuzun döyüş qüdrətini və Ali Baş Komandanın qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun irəliləyişi, yeni yaşayış məntəqələrinin və strateji yüksəkliklərin düşmən işğalından azad edilməsi ilə yadda qaldı. Ordumuz döyüş meydanında böyük peşəkarlıq, yüksək döyüş ruhu və misilsiz qəhrəmanlıq göstərərək uzun illər işğal altında qalan torpaqlarımızın azadlığına doğru inamla addımladı. Hər bir uğurlu əməliyyat xalqımızın qələbəyə olan inamını daha da gücləndirirdi.
Bu Zəfərin arxasında illərlə aparılan məqsədyönlü ordu quruculuğu, güclü iqtisadiyyat, müasir silahlanma, hərbi kadr hazırlığı və dövlətin ardıcıl siyasəti dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında özünəməxsus yerini möhkəmləndirmişdi. Müharibə günlərində Ali Baş Komandanın qətiyyətli mövqeyi, beynəlxalq mediaya verdiyi müsahibələr və xalqa müraciətləri ölkədə yüksək ruh yüksəkliyi yaratdı.
44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri yalnız silahla deyil, həm də Vətən sevgisi, torpaq həsrəti və tarixi ədalətin bərpası əzmi ilə döyüşürdü. Hər qarış torpaq uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı xalqımızın yaddaşına əbədi həkk olundu. Onların göstərdiyi şücaət Azərbaycan dövlətçiliyinin və milli qürurumuzun ən böyük nümunələrindən biridir.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri və yüzlərlə yaşayış məntəqəsi azad edildi. Xüsusilə noyabrın 8-də Şuşa şəhərinin azad olunması Vətən müharibəsinin taleyini həll edən mühüm hərbi və siyasi hadisə oldu. Şuşanın azad edilməsi Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutan möhtəşəm qələbəyə çevrildi.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi və Azərbaycanın hərbi-siyasi üstünlüyü təsdiq olundu. Beləliklə, 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi nailiyyətlər nəticəsində torpaqlarımızın işğalına son qoyuldu, ərazi bütövlüyümüzün bərpası istiqamətində həlledici mərhələ başa çatdı.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, xalqın birliyi, güclü dövlətçilik, qüdrətli ordu və qətiyyətli rəhbərlik ən mürəkkəb tarixi sınaqlardan uğurla çıxmağın əsas şərtləridir. Azərbaycan xalqı həmin günlərdə bir yumruq kimi birləşərək öz Liderinin ətrafında sıx səfərbər oldu. Ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə isə bütün xalqımız eyni amal uğrunda mübarizə apardı.
Bu gün azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhər və kəndlərimiz yenidən qurulur, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərimiz üçün yeni həyat başlanır. Böyük Qayıdış proqramı tarixi Zəfərin davamı, Azərbaycanın sülh və inkişaf strategiyasının mühüm istiqamətidir.
44 gün ərzində Azərbaycan Ordusunun hər gün irəliyə getməsi sadəcə hərbi uğur deyildi. Bu, 30 ilə yaxın davam edən torpaq həsrətinin sona çatması, milli qürurumuzun bərpası və tarixi ədalətin təntənəsi idi. Həmin 44 gün Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq, birlik və Zəfər salnaməsi kimi əbədi yaşayacaq.
Bu Zəfər bizim qürurumuz, şəhidlərimizin əmanəti, gələcək nəsillərə ötürəcəyimiz ən böyük tarixi mirasımızdır.

Vüqar Qasımzadə
YAP Sədərək rayon təşkilatının fəal üzvü,
Heydərabad qəsəbə ƏPT sədri

Digər xəbərlər