PDF Oxu

Siyasət

  • 640

8 Noyabr – Zəfər Günü: Milli Qürurumuzun və Dövlətçilik iradəmizin təntənəsi - ŞƏRH

8 Noyabr – Zəfər Günü: Milli Qürurumuzun və Dövlətçilik iradəmizin təntənəsi - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik tarixində elə əlamətdar günlər var ki, onlar yalnız tarixi hadisə kimi deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təcəssümü kimi yaşayır. 8 Noyabr – Zəfər Günü də məhz belə unudulmaz tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası, milli birliyimizin və ordumuzun qüdrətinin təntənəsi kimi tariximizə qızıl hərflərlə yazılmışdır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni tarixi mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən müharibə zamanı əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq, şücaət və fədakarlıq nümayiş etdirdilər.

Vətən müharibəsi xalqımızın həmrəyliyinin, milli ruhunun və dövlətə sədaqətinin parlaq nümunəsinə çevrildi. Cəbhədə döyüşən hərbçilərimizin qəhrəmanlığı ilə yanaşı, arxa cəbhədə xalqımızın nümayiş etdirdiyi birlik və dəstək də Qələbənin əldə olunmasında mühüm mənəvi güc oldu. Azərbaycan vətəndaşları vahid amal – torpaqlarımızın azadlığı naminə bir yumruq kimi birləşdilər.

Müharibənin ən mühüm və həlledici hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Bu tarixi hadisə müharibənin gedişinə ciddi təsir göstərərək Azərbaycanın Qələbəsini şərtləndirən əsas amillərdən birinə çevrildi. Həmin gün Prezident İlham Əliyevin xalqa müraciəti ilə Şuşanın azad olunması xəbəri bütün ölkədə böyük sevinc, qürur və fəxarət hissi ilə qarşılandı.

2020-ci il dekabrın 3-də imzalanmış Sərəncama əsasən, noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü elan edildi. Bu qərar xalqımızın tarixi Qələbəsinin əbədiləşdirilməsi, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin uca tutulması baxımından mühüm əhəmiyyət daşıyır.

Zəfər yalnız hərbi uğur deyil, həm də Azərbaycanın siyasi iradəsinin, iqtisadi potensialının, güclü ordusunun və milli həmrəyliyinin təntənəsidir. Bu Qələbə dövlətimizin beynəlxalq nüfuzunu daha da gücləndirmiş, ölkəmizin gələcək inkişafı və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi üçün yeni imkanlar yaratmışdır.

Bu tarixi uğurun arxasında Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı və minlərlə hərbçimizin fədakarlığı dayanır. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır. Onların göstərdiyi igidlik Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, yaşayış kompleksləri, məktəblər, səhiyyə müəssisələri və digər sosial infrastruktur obyektləri inşa olunur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses ölkəmizin gələcək inkişafının və regionun dirçəldilməsinin mühüm istiqamətlərindən biridir.

8 Noyabr – Zəfər Günü xalqımızın mübarizə əzminin, milli birliyinin və dövlətçilik düşüncəsinin təntənəsidir. Bu əlamətdar tarix hər bir Azərbaycan vətəndaşına Vətən sevgisi, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq aşılayır. Zəfər salnaməmiz gələcək nəsillərə müstəqilliyin, azadlığın və torpaq sevgisinin nə qədər böyük mənəvi dəyər olduğunu daim xatırladacaqdır.

Bu gün böyük qürur hissi ilə azad Qarabağdan, dirçələn Şuşadan və güclənən Azərbaycandan danışırıq. 8 Noyabr xalqımızın yaddaşında əbədi yaşayacaq, milli qürurumuzun və dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri kimi gələcək nəsillərə ötürüləcəkdir.

Zəfərimiz əbədi, Azərbaycanımız daim qüdrətli olsun!

Nərmin Azadova

"H.B.Zərdabi küç.96" (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər