Şuşa Qarabağ bölgəsində, Kiçik Qafqazın dağlıq ərazisində yerləşən qədim şəhərlərimizdən biridir. Dəniz səviyyəsindən 1400–1800 metr yüksəklikdə yerləşən şəhər gözəl təbiəti, dağlıq relyefi və əlverişli coğrafi mövqeyi ilə seçilir. Tarixi boyunca Şuşa Azərbaycanın mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur. Şəhərin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Əvvəlcə Pənahabad adlandırılan şəhər sonralar Şuşa adı ilə tanınmışdır. Qısa müddətdə Qarabağ xanlığının əsas mərkəzinə çevrilən Şuşa möhkəm qala divarları və əlverişli coğrafi mövqeyi ilə mühüm müdafiə əhəmiyyəti qazanmışdır. XIX əsrdə Şuşa Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilmiş, burada ticarət və sənətkarlıq inkişaf etmişdir. Şəhər özünəməxsus memarlıq üslubu, daşla döşənmiş küçələri, tarixi məhəllələri, məscidləri və ictimai binaları ilə seçilmişdir. Şuşa təkcə tarixi və strateji əhəmiyyəti ilə deyil, həm də zəngin mədəniyyəti, musiqisi, ədəbiyyatı və incəsənəti ilə də tanınmışdır. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və Xurşidbanu Natəvan kimi tanınmış sənətkarların bu şəhərdə dünyaya gəlməsi Şuşanın Azərbaycanın mədəni həyatındakı rolunu daha da artırmışdır. Şuşanın tarixi-memarlıq abidələri arasında qala divarları, məscidlər, karvansaraylar, hamamlar və qədim bulaqlar xüsusi yer tutur. Şuşa qalasının üç əsas giriş qapısı – Gəncə, İrəvan və Ağoğlan qapıları şəhərin müdafiə sisteminin mühüm hissəsini təşkil etmişdir. Bu tikililər şəhərin tarixi görkəmini və memarlıq ənənələrini əks etdirir. Beləliklə, XVIII əsrdə əsası qoyulan Şuşa zamanla Qarabağın mühüm mərkəzlərindən birinə çevrilmiş, Azərbaycanın tarixində, mədəniyyətində və incəsənətində özünəməxsus yer tutmuşdur.
1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi Qarabağda vəziyyətin ağırlaşmasına səbəb olmuşdur. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşanı işğal etmişdir. Nəticədə şəhərin minlərlə sakini doğma yurdunu tərk etmək məcburiyyətində qalmış və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdır. İşğal dövründə şəhərin yaşayış evlərinə, sosial obyektlərinə, təhsil və mədəniyyət müəssisələrinə ciddi ziyan dəymişdir. Şuşanın zəngin tarixi və mədəni irsi dağıntılara və talanlara məruz qalmışdır. Şəhərdəki muzeylər, kitabxanalar, tarixi binalar və dini abidələr zədələnmiş, bir sıra mədəniyyət nümunələri məhv edilmişdir. Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri, Xurşidbanu Natəvanın yaşadığı ev və digər tarixi məkanlar da dağıntılardan zərər görmüşdür. Şuşanın işğalı Azərbaycanın tarixində dərin iz buraxmış hadisələrdən biri olmuşdur. Şuşa 28 ildən artıq müddətdə işğal altında qalmışdır. Bu müddət ərzində şəhər sakinləri doğma yurdlarına qayıtmaq ümidi ilə yaşamış və bu arzunun gerçəkləşəcəyini gözləmişlər. Nəhayət, 44 gün davam edən Vətən müharibəsi zamanı, 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edilmişdir. Bu tarixi xəbər Azərbaycan xalqı tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanmışdır. Şuşanın azad edilməsindən sonra şəhərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanılmışdır. İlk növbədə, infrastrukturun yenilənməsi, yaşayış binalarının tikintisi, yolların, elektrik və su təchizatı sistemlərinin, eləcə də digər kommunal xətlərin bərpası üzrə layihələr həyata keçirilmişdir. Bununla yanaşı, tarixi-memarlıq abidələrinin qorunmasına və əvvəlki görkəminin bərpasına xüsusi diqqət yetirilmişdir. Bərpa işləri çərçivəsində Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Mehmandarovların malikanə kompleksi və digər tarixi abidələr bərpa edilmişdir. 2021-ci il mayın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Həmin il Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmış, şəhərin tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində fəaliyyətə başlanmışdır. Şəhərin sosial həyatının bərpası da əsas prioritetlərdən biri olmuşdur. Bu məqsədlə yeni yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri və xidmət obyektləri inşa edilmiş, turizm infrastrukturu inkişaf etdirilmişdir. 2024-cü il mayın 11-dən etibarən keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışına başlanılmışdır. Bununla da uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin şəhərdə yenidən məskunlaşması prosesi başlamışdır. Bu gün Şuşada həyata keçirilən bərpa və quruculuq işləri şəhərin tarixi görkəminin qorunmasına, mədəni həyatının canlandırılmasına və sosial-iqtisadi inkişafına xidmət edir. Şəhər tarixi və mədəni irsini qorumaqla yanaşı, sakinlərin yaşadığı, mədəni tədbirlərin keçirildiyi və turizmin inkişaf etdiyi məkana çevrilir. Şuşa bizim tariximiz, qürurumuz və milli kimliyimizin ayrılmaz parçasıdır. Bu qədim şəhərin yenidən dirçəlişi Azərbaycanın Zəfər salnaməsinin ən parlaq səhifələrindən biri kimi daim yaşayacaqdır.
Fatimə Bayramova
“H.B. Zərdabi küçəsi 96” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi) ərazi partiya təşkilatının fəalı.