PDF Oxu

Siyasət

  • 649

Şuşa Zəfəri – qətiyyətli siyasət və milli birliyin parlaq nəticəsidir - ŞƏRH

Şuşa Zəfəri – qətiyyətli siyasət və milli birliyin parlaq nəticəsidir - ŞƏRH

8 noyabr 2020-ci il Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. Həmin gün xalqımız, dövlətimiz və qəhrəman ordumuz bir amal uğrunda birləşərək əsrlər boyu davam edən ədalətsizliyi aradan qaldırdı, Qarabağın tacı – Şuşanı azad etdi. Bu hadisə təkcə bir hərbi qələbə deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik fəlsəfəsinin və sarsılmaz birliyinin parlaq təntənəsi idi. Şuşanın azad olunması Vətən müharibəsinin zirvəsi, müstəqil Azərbaycanın tarixində ən böyük zəfər kimi yadda qaldı.
Şuşa Azərbaycan tarixində və milli kimliyində xüsusi yer tutur. XVIII əsrdə Pənahəli xan tərəfindən salınan bu şəhər yüzillər boyu dövlətçilik ənənələrimizin, mədəniyyətimizin, musiqi və poeziyamızın beşiyi olub. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilərin adları ilə bağlı olan Şuşa xalqımızın milli ruhunu, azadlıq və mənəvi dirəniş iradəsini simvolizə edir. 1992-ci ildə şəhərin işğalı xalq üçün təkcə ərazi itkisi deyil, həm də dərin mənəvi yara idi. 28 il boyunca Şuşanın azadlığı dövlətin strateji məqsədinə, xalqın isə müqəddəs arzusuna çevrildi. 2020-ci ildə bu arzu gerçəkləşdi və milli ədalət bərpa olundu.
8 Noyabr 2020-ci il Azərbaycan tarixində ədalətin, milli ruhun və dövlət iradəsinin təntənəsi - Şuşanın azad olunduğu unudulmaz gün kimi əbədiləşdi.Qarabağın tacı və mədəniyyət mərkəzimiz olan Şuşanın azadlığı xalqımızın mənəvi azadlığının bərpası demək idi.
27 sentyabrda başlayan Vətən müharibəsində xalqın birliyi, ordumuzun gücü və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi 44 gün ərzində tarixi qələbəni təmin etdi. Şuşanın azad edilməsi isə bu şanlı zəfərin ən zirvə nöqtəsi və qələbənin əsas açarı oldu.
Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsinin şah əsəri, ən parlaq səhifəsidir. Sıldırımlı qayalar, çətin relyef, düşmənin illərlə qurduğu istehkamlar Azərbaycan əsgərinin qarşısında aciz qaldı. Əsgərimiz sanki dağa dönüb qayadan doğuldu; yalnız ilahi bir iradə, polad kimi ruh və “Qarabağ Azərbaycandır!” nidası ilə zirvələrə doğru irəlilədi. Sıldırımdan sıldırıma aşaraq... Və 8 noyabrın səhəri Şuşa azadlığına qovuşdu.
Tarixin o unudulmaz anı əbədiyaşarlıq qazandı — Ali Baş Komandan xalqa müraciətində qürurla elan etdi: “Əziz həmvətənlər, bu gün Azərbaycan xalqına müjdə vermək istəyirəm. Şuşa şəhəri azad edildi! Şuşa bizdədir! Qarabağ Azərbaycandır!”
Bu tarixi sözlər sadəcə qələbə xəbəri deyil, otuz illik həsrətə, göz yaşlarına çəkilən qəti nöqtə, bir xalqın şərəf salnaməsi idi. Həmin an hər bir azərbaycanlının qəlbində tək bir həqiqət yaşanırdı: “Bəli, biz qalib gəldik!”
Şuşa bu gün yeni bir erasını yaşayır — dirçəlir, abadlaşır və əvvəlki görkəmindən də qat-qat möhtəşəm şəkildə həyata qayıdır. Dağıdılmış ocaqlar bərpa olunur, minarələrdən səslənən dualar, ocaq başındakı sənət ocaqları xalqın qayıdış şeirini yazır. Dünyanın mədəniyyət xəritəsində Şuşa artıq Azərbaycanın ucalıq simvoludur. Cıdır düzündən səmaya yüksələn “Xarıbülbül” səsləri, “Vaqif Poeziya Günləri”nin ecazkar ritmi bu torpağın əsarəti tanımayan azad ruhunun təntənəsidir.
Ali Baş Komandanın vurğuladığı kimi: “Biz bu Zəfəri döyüş meydanında, qəhrəman oğullarımızın qanı və canı bahasına qazandıq. Bu qələbə bizim milli birliyimizin, xalq-ordu-dövlət birliyinin nəticəsidir.”
Şuşanın azadlığı ilə Azərbaycanın özü də yenidən bütövləşdi.
O qürur dolu ruh bu gün milyonların ürəyində işıq saçır, bayrağımızın hər dalğalanışında tarix yazır, gələcək nəsillərin dilində əzbər olur.
Çünki bu qüdrətli ruhun adı — Zəfərdir!

Rahim Muradov

YAP Naftalan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər