Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Lakin bu tarixi yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi kimi qiymətləndirmək doğru olmazdı. Çünki 8 Noyabr Zəfəri illərlə aparılan məqsədyönlü dövlət siyasətinin, milli iradənin, siyasi qətiyyətin, hərbi quruculuğun və diplomatik mübarizənin məntiqi yekunudur.
Mən bu məsələyə həm də şəxsi təcrübəmdən yanaşmaq istəyirəm. 1992-ci ildən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Həmin dövrün ağrılarını, çətinliklərini, döyüşlərin reallıqlarını, insanlarımızın fədakarlığını yaxından görmüşəm. O zaman Azərbaycan xalqı Vətən uğrunda böyük qurbanlar verdi. Şəhidlərimizin, yaralılarımızın, qazilərimizin sayı sonrakı Vətən müharibəsi ilə müqayisədə dəfələrlə çox oldu. Həmin dövrdə geniş səfərbərlik həyata keçirilmiş, çoxsaylı şəxsi heyət döyüşlərə cəlb olunmuşdu. Ancaq bütün bu fədakarlıqlara baxmayaraq, nəticə istədiyimiz kimi olmadı. Müharibə uzun illər davam etdi, böyük insan itkiləri verdik, torpaqlarımızın təxminən 20 faizi işğal olundu, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Bəs niyə eyni xalq, eyni Vətən uğrunda mübarizə aparan insanlar 1990-cı illərdə bu qədər ağır itkilər versələr də, qarşıya qoyulan məqsədə nail ola bilmədilər, 2020-ci ildə isə cəmi 44 gün ərzində tarixi Zəfər qazandılar?
Mən hesab edirəm ki, bu fərqin əsas səbəblərindən biri dövlət idarəçiliyi, siyasi iradə və lider amili idi. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqil dövlət kimi hələ formalaşma mərhələsində idi. Ölkədə siyasi sabitlik, vahid komandanlıq, peşəkar hərbi idarəetmə və sistemli dövlət siyasəti baxımından ciddi problemlər mövcud idi. Ordunun idarə olunmasında pərakəndəlik, siyasi qarşıdurmalar və vahid strategiyanın olmaması hərbi potensialımızın lazımi nəticə verməsinə mane olurdu. Yəni xalq döyüşürdü, insanlar Vətən uğrunda canından keçirdi, lakin bu qəhrəmanlığı vahid dövlət strategiyasına çevirən güclü idarəçilik sistemi yox idi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması və ordu quruculuğunun sistemli əsaslarla aparılması istiqamətində yeni mərhələ başlandı. Prezident İlham Əliyev bu dövlətçilik kursunu davam etdirərək ölkənin hərbi, iqtisadi, siyasi və diplomatik potensialını məqsədyönlü şəkildə gücləndirdi.
Əslində, Zəfərə gedən yol xalqla liderin birliyindən başladı. Azərbaycan cəmiyyətində milli həmrəylik möhkəmləndi, dövlətə və orduya inam artdı. Vətənpərvərlik ruhunda yeni nəsil yetişdi. Azərbaycan gəncliyi milli dövlətçilik düşüncəsi, Vətən sevgisi və tarixi məsuliyyət hissi ilə formalaşdı. 2020-ci ildə həmin gənclik öz qəhrəmanlığı ilə bu hazırlığın nəticəsini bütün dünyaya göstərdi.
Digər tərəfdən, Azərbaycan illər ərzində hərbi qüdrətini sistemli şəkildə artırdı, müasir silahlarla təchiz olundu, peşəkar ordu quruculuğunu həyata keçirdi. Bununla paralel olaraq diplomatik cəbhədə də ardıcıl mübarizə aparıldı. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünün bərpası məsələsini daim dünya gündəliyində saxladı. Qarabağ münaqişəsinin mahiyyətinin və Azərbaycanın suveren hüquqlarının beynəlxalq səviyyədə tanınması istiqamətində uzun illər ciddi siyasi-diplomatik fəaliyyət göstərildi.
Bütün bunlar 2020-ci ildə tarixi məqam yetişəndə öz nəticəsini verdi. 44 günlük Vətən müharibəsi göstərdi ki, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Bu, siyasi sabitliyə, güclü iqtisadiyyata, müasir orduya, vahid komandanlığa, milli birliyə və konkret strateji məqsədlərə malik müstəqil dövlətdir.
Burada Prezident, Ali Baş Komandan İlham Əliyevin rolu xüsusi qeyd edilməlidir. Müharibədə yalnız nə vaxt başlamağı deyil, hansı məqamda dayanmağı da bilmək böyük strateji qərarvermə tələb edir. 44 gün ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar, Ali Baş Komandanın siyasi və hərbi rəhbərliyi, hər bir mərhələdə verilən qərarlar Zəfərin əldə olunmasında mühüm rol oynadı. Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu. 10 noyabr 2020-ci il Bəyanatı ilə hərbi əməliyyatların dayandırılması isə əldə edilmiş hərbi nəticələrin siyasi müstəvidə təsbitinə şərait yaratdı.
Ancaq Azərbaycanın tarixi missiyası bununla bitmədi. Qarşıda dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpası vəzifəsi dayanırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində bu məqsədə də nail olundu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək bütöv Azərbaycan dövlətçiliyinin yeni mərhələsinə qədəm qoydu.
Bu gün Qarabağda aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, yeni yaşayış məntəqələrinin salınması Zəfərin davamıdır. Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdan xalqın, öz suverenliyini təmin etmiş güclü dövlətin reallığını yaşayırıq.
Bütün bunları ümumiləşdirərək deyə bilərəm ki, 1990-cı illərlə 2020-ci il arasındakı əsas fərq Azərbaycan xalqının qəhrəmanlığında deyildi. Xalqımız hər iki dövrdə eyni dərəcədə fədakar, vətənpərvər və mübariz idi. Fərq həmin qəhrəmanlığın hansı dövlətçilik sistemi, hansı hərbi idarəetmə və hansı siyasi strategiya ilə istiqamətləndirilməsində idi. 1990-cı illərdə xalqın fədakarlığı olsa da vahid dövlət iradəsi və effektiv hərbi idarəetmə yox idi. 2020-ci ildə isə xalq-lider birliyi, güclü dövlət, müasir ordu və Ali Baş Komandanın rəhbərliyi vahid məqsəd ətrafında birləşdi və tarixi Zəfəri təmin etdi.
Prezident İlham Əliyev Azərbaycan tarixinə Qarabağın azad edilməsinə, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasına nail olan lider kimi daxil oldu. Onun Qarabağ fatehi kimi tarixdəki yeri məhz bu tarixi nəticələrlə müəyyənləşir.
Zəfər Gününün əsas fəlsəfəsi budur: xalqın qəhrəmanlığı, liderin siyasi iradəsi, ordunun qüdrəti və dövlətin strateji düşüncəsi birləşəndə tarix dəyişir. Biz 1990-cı illərdə Vətən uğrunda döyüşdük, 2020-ci ildə isə güclü Azərbaycan dövləti olaraq qalib gəldik. Bu Zəfər xalqımızın qəhrəmanlığının, dövlətçiliyimizin gücünün və milli birliyimizin təntənəsidir.
Bəhruz Quliyev, Səs qəzetinin baş redaktoru, siyasi ekspert