Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev:
“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
Azərbaycan tarixində xalqımızın yaddaşına əbədi həkk olunmuş, milli qürurumuzu və dövlətçilik iradəmizi əks etdirən mühüm hadisələr var. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi də belə tarixi hadisələrdən biridir. Bu tarix yalnız bir şəhərin azad olunması deyil, həm də illərlə davam edən həsrətin sona çatması, tarixi ədalətin bərpası və Azərbaycan xalqının birliyinin təntənəsi idi.
Şuşa Azərbaycan xalqı üçün sadəcə bir şəhər deyil. O, tariximizin, mədəniyyətimizin, musiqimizin və milli kimliyimizin ayrılmaz hissəsidir. Qarabağın tacı adlandırılan bu qədim şəhər dahi şəxsiyyətlər yetişdirmiş, Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələr vermişdir. 1992-ci il mayın 8-də Şuşanın işğal olunması xalqımızın yaddaşında ağır bir tarix kimi qalsa da, doğma şəhərimizə qayıdış ümidi heç vaxt sönməmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu arzunun gerçəkləşməsinə aparan yol oldu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi.
Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri Şuşa uğrunda aparılan döyüşlər oldu. Şəhərin mürəkkəb dağlıq relyefi və çətin döyüş şəraiti Azərbaycan hərbçilərindən xüsusi peşəkarlıq və cəsarət tələb edirdi. Əsgərlərimizin misilsiz şücaəti nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bu hadisə Azərbaycan hərb tarixinə qəhrəmanlıq nümunəsi kimi daxil oldu.
Mənim düşüncəmə görə, Şuşanın azad olunmasını yalnız hərbi uğur kimi qiymətləndirmək düzgün olmazdı. Bu hadisə həm də xalqımızın milli birliyinin, vətənpərvərlik ruhunun və dövlətçilik iradəsinin təntənəsi idi. Müharibə günlərində hər bir azərbaycanlının ürəyi cəbhədə döyünür, ordumuzun qazandığı hər uğur ümumxalq sevincinə çevrilirdi. Xalq-ordu birliyi Qələbəmizin əsas mənəvi dayaqlarından biri oldu.
Bu böyük Zəfərin arxasında şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti dayanır. Bu gün azad Şuşadan danışarkən Vətən uğrunda canından keçən qəhrəmanlarımızı unutmamaq vacibdir. Onların əziz xatirəsini yaşatmaq, göstərdikləri fədakarlığı gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. 2021-ci il mayın 7-də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Tarixi abidələrin bərpası, infrastrukturun yenilənməsi və mədəni tədbirlərin keçirilməsi şəhərin yenidən dirçəlişinin göstəricisidir.
Bir müəllim kimi hesab edirəm ki, bu tarixi hadisələrin gənc nəslə düzgün və dolğun şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Şagirdlərimiz bilməlidirlər ki, bu gün sahib olduğumuz azadlıq və qürur hissi böyük fədakarlıqlar hesabına əldə edilib. Vətən sevgisi yalnız sözlə ifadə olunmamalı, tariximizi öyrənmək, milli dəyərlərimizi qorumaq və dövlətimizə bağlı olmaqla özünü göstərməlidir. Bizim vəzifəmiz yalnız şagirdlərə bilik vermək deyil, həm də Vətənini sevən, tarixini bilən və gələcəyinə məsuliyyətlə yanaşan nəsil yetişdirməkdir.
Bu gün Şuşanın küçələrində Azərbaycan bayrağının dalğalanması hər birimiz üçün böyük qürur mənbəyidir. Vaxtilə həsrətlə xatırladığımız Şuşa bu gün azaddır və yenidən öz tarixi-mədəni həyatına qovuşur. 8 Noyabr Azərbaycan xalqının iradəsinin, ordumuzun qəhrəmanlığının və milli birliyimizin rəmzidir. Şuşa Zəfəri gələcək nəsillərə ötürəcəyimiz ən böyük tarixi dərslərdən biridir.
Şuşa bizim tariximiz, qürurumuz və milli kimliyimizin ayrılmaz hissəsidir. Bu Zəfəri bizə yaşadan qəhrəmanlarımızın xatirəsi daim yaşayacaq, 8 Noyabr isə Azərbaycan tarixində əbədi olaraq Zəfər Günü kimi qalacaq!
Aysun Hüseynli
Güney Qışlaq kənd tam orta məktəbində müəllim, partiya fəalı