PDF Oxu

Siyasət

  • 341

Konstitusiyadan suverenliyə: müstəqil Azərbaycanın qürur salnaməsi - ŞƏRH

Konstitusiyadan suverenliyə: müstəqil Azərbaycanın qürur salnaməsi - ŞƏRH

Hər il 12 noyabr tarixi xalqımız tərəfindən müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri — Konstitusiya Günü kimi böyük qürur hissi ilə qeyd olunur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm bünövrəsini qoymuş, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmişdir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə dərin siyasi böhran, iqtisadi tənəzzül və xarici hərbi təcavüzlə üz-üzə qalmışdı. Həmin dövrdə hələ də sovet dönəmindən qalma 1978-ci il Konstitusiyası qüvvədə idi. Yeni müstəqil dövlətin reallıqlarına və xalqın iradəsinə cavab verən milli Əsas Qanunun qəbulu tarixi zərurətə çevrilmişdi. Bu məqsədlə 1995-ci ilin mayında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə xüsusi Konstitusiya Komissiyası yaradıldı. Geniş ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbuluna səs verdi. Noyabrın 27-də hüquqi qüvvəyə minən bu ali sənəd Ulu Öndərin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə rəsmi olaraq Konstitusiya Günü kimi təsis edildi.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının bilavasitə müəllifi və memarı Ümummilli Lider Heydər Əliyevdir. Onun konstitusiya quruculuğuna verdiyi misilsiz töhfələr hələ sovet hakimiyyəti illərindən başlamışdır. Belə ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan dilinin dövlət dili statusu Əsas Qanunda təsbit olunmuşdu. Müstəqillik dövründə — 1995-ci il Konstitusiyasında isə Ulu Öndər dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olması, qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin bölünməsi prinsiplərini dəqiq şəkildə müəyyənləşdirdi. Onun təşəbbüsü ilə Əsas Qanunun maddələrinin təxminən üçdə biri məhz insan və vətəndaş hüquq və azadlıqlarına həsr edildi və bu hüquqların təminatı dövlətin ali məqsədi kimi bəyan olundu. Həmçinin Konstitusiyanın aliliyini qorumaq məqsədilə 1998-ci ildə ölkəmizdə ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradıldı.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və müasir qlobal çağırışlar Konstitusiyanın da zamanın tələblərinə uyğun təkmilləşdirilməsini şərtləndirdi. 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilən ümumxalq referendumları ilə Əsas Qanuna edilən əlavə və dəyişikliklər insan hüquqlarının müdafiə mexanizmlərini daha da gücləndirdi, sosialyönümlü dövlət siyasətini dərinləşdirdi və vitse-prezidentlik institutunun yaradılması ilə dövlət idarəetməsində çevikliyi artırdı.

Prezident İlham Əliyevin konstitusiya quruculuğu tarixinə yazdığı ən böyük zəfər isə Konstitusiya suverenliyimizin tam bərpası oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bununla da 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi və aliliyi tam şəkildə bərqərar oldu.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ənənələrimizə və ümumbəşəri demokratik dəyərlərə söykənən etibarlı hüquqi təminatdır. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı bu hüquqi təməl Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütöv və suveren Azərbaycanın bütün ərazisində tam işlək mexanizmə çevrilmiş, qalib xalqımızın gələcək tərəqqisinə sarsılmaz zəmin yaratmışdır.

Sitarə Babayeva

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər