PDF Oxu

Siyasət

  • 947

Tarixi Qələbə – Konstitusiyanın aliliyi və dövlət suverenliyinin təntənəsi

Tarixi Qələbə – Konstitusiyanın aliliyi və dövlət suverenliyinin təntənəsi

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlətçilik tariximizin ən mühüm hadisələrindən birini, müstəqil Azərbaycanın hüquqi təməllərinin formalaşmasını və milli iradəmizin təntənəsini ifadə edir. Konstitusiya yalnız dövlətin idarəçilik prinsiplərini müəyyən edən hüquqi sənəd deyil, həm də xalqın müstəqillik, azadlıq, ədalət və gələcək inkişaf arzularını özündə birləşdirən Əsas Qanundur.

Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək dövlətin və cəmiyyətin inkişaf perspektivlərini əks etdirir. Bu sənədin fəlsəfəsində xalqımızın çoxəsrlik dövlətçilik təcrübəsi ilə müasir dünyanın demokratik prinsipləri və hüquqi dəyərləri vəhdət təşkil edir.
Azərbaycanın konstitusiya tarixinin mürəkkəb və özünəməxsus mərhələləri var. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, milli dövlətçilik tariximizdə silinməz iz qoydu. Həmin dövrdə Əsas Qanun qəbul edilmədi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, sovet hakimiyyəti dövründə qəbul olundu. Sonrakı illərdə 1927 və 1937-ci illərdə yeni konstitusiyalar təsdiqləndi.
1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyası isə milli dövlətçilik tariximiz baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin qətiyyətli mövqeyi və təşəbbüsü nəticəsində Azərbaycan dili Əsas Qanunda dövlət dili kimi təsbit edildi. Bu, sadəcə hüquqi müddəa deyil, milli kimliyə, ana dilinə və xalqın mənəvi varlığına sahib çıxmaq iradəsinin ifadəsi idi. Sovet siyasi sisteminin sərt çərçivələri daxilində belə bir qərarın qəbuluna nail olmaq böyük siyasi uzaqgörənlik və cəsarət tələb edirdi.
Müstəqilliyin bərpasından sonra Azərbaycan ağır siyasi və iqtisadi böhranla üzləşdi. 1991–1993-cü illərdə ölkədə hökm sürən anarxiya, hakimiyyət qarşıdurmaları və idarəçilik böhranı dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə yeni Konstitusiyanın hazırlanması üçün zəruri siyasi və hüquqi zəmin yox idi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik bərpa edildi, dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi və müstəqil dövlət quruculuğunun yeni mərhələsi başlandı.
Məhz bu tarixi şəraitdə Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsi hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin 86 faizi iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın qəbuluna səs verdi. Əsas Qanun noyabrın 27-də qüvvəyə mindi. Beləliklə, Azərbaycan xalqı öz dövlətinin gələcəyini müəyyənləşdirən tarixi sənədə iradəsini ifadə etdi.
Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun prinsiplərini, hakimiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini təsbit etdi. Onun 48 maddəsinin bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr olunması Əsas Qanunumuzun mərkəzində insan amilinin dayandığını göstərir. Bu sənəd vətəndaşların hüquq bərabərliyini, azadlıqlarını və dövlət qarşısında hüquqi təminatlarını müəyyənləşdirərək müasir hüquq sistemimizin əsasını yaratdı.
Konstitusiyanın qəbulundan sonra hüquqi institutların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarətinin institusional əsaslarını möhkəmləndirdi. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanuna əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatlarının genişləndirilməsinə və hüquqi mexanizmlərin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etdi.
Bu gün Konstitusiyamızın tarixi əhəmiyyəti daha geniş məna daşıyır. Çünki onun təsbit etdiyi ən mühüm prinsiplərdən biri – dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması artıq tarixi Zəfərimizlə real məzmun qazanıb. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi bərpa olundu. Beləliklə, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda da tam bərqərar edildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu tarixi nailiyyətlər Əsas Qanunumuzda təsbit edilmiş dövlətçilik prinsiplərinin əməli təntənəsidir. Bu gün həmin prinsiplər azad edilmiş ərazilərimizdə ucalan bayrağımızda, yenidən qurulan şəhər və kəndlərimizdə, Böyük Qayıdış prosesində öz ifadəsini tapır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi məna daşıyırdı. Konstitusiyamızın qəbulunun 30 illiyinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonrakı dövrə təsadüf etməsi dövlətçilik tariximizin mühüm mərhələlərini bir araya gətirdi. Bu yubiley yalnız Əsas Qanunun yaşını deyil, Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli yolun, milli iradənin və tarixi ədalətin təntənəsini ifadə edirdi.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb. Bu gün həmin təməl üzərində müstəqil və suveren Azərbaycan inkişaf edir. Qarşıda duran əsas hədəflər – azad edilmiş ərazilərin dirçəldilməsi, iqtisadi gücün artırılması, insan kapitalının inkişafı və vətəndaş rifahının yüksəldilməsi də Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanır.
Konstitusiya yalnız hüquqşünasların istinad etdiyi maddələr toplusu deyil. O, hər bir vətəndaşın hüququnun, dövlətin məsuliyyətinin və cəmiyyətin birliyinin hüquqi təminatıdır. Onun aliliyinə hörmət, qanunlara riayət və insan hüquqlarının qorunması dövlətçilik mədəniyyətimizin ayrılmaz hissəsi olmalıdır.
12 Noyabr bizə bir daha xatırladır ki, müstəqilliyi qorumaq üçün güclü dövlət, güclü dövlət qurmaq üçün isə möhkəm hüquqi əsas lazımdır. Azərbaycan xalqı bu əsasları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul etdiyi Konstitusiya ilə yaratdı, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə suverenliyini tam bərpa edərək dövlətçilik tarixində yeni mərhələyə qədəm qoydu. Konstitusiyamız müstəqilliyimizin hüquqi dayağı, suverenliyimizin təminatı, milli iradəmizin ifadəsidir. Onun aliliyini qorumaq isə hər birimizin dövlət və vətəndaşlıq borcudur.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər