Azərbaycan Respublikasının xarici siyasətinin əsas xüsusiyyətlərindən biri milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxşaxəli əməkdaşlıq strategiyasının ardıcıl həyata keçirilməsidir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi dəyişikliklərin sürətləndiyi, iqtisadi rəqabətin gücləndiyi, enerji və nəqliyyat təhlükəsizliyinin qlobal əhəmiyyət qazandığı bir dövrdə dövlətlərin etibarlı tərəfdaşlarla münasibətlərini inkişaf etdirməsi xüsusi önəm daşıyır. Azərbaycan bu reallıqları nəzərə alaraq həm regionda, həm də beynəlxalq miqyasda siyasi dialoqun genişləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə və milli maraqların etibarlı şəkildə müdafiəsinə yönəlmiş siyasət yürüdür. Bu baxımdan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə münasibətlərin inkişafı Azərbaycanın Avropa istiqamətində xarici siyasətinin mühüm tərkib hissəsidir. İki ölkə arasında uzun illər ərzində formalaşmış siyasi etimad, enerji sahəsində uğurlu əməkdaşlıq, investisiya əlaqələri və qarşılıqlı maraqlar yeni strateji tərəfdaşlıq mərhələsinin əsasını təşkil edir. 2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul edilməsi bu münasibətlərin tarixində mühüm hadisədir. Sənəd Azərbaycan-Böyük Britaniya əlaqələrinin siyasi, iqtisadi, təhlükəsizlik, təhsil və innovasiya sahələrində daha sistemli və geniş əsaslarla inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm tarixi və siyasi əsası mövcuddur. Birləşmiş Krallıq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanımış, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Sonrakı illərdə qarşılıqlı diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması, siyasi təmasların genişlənməsi və iqtisadi əməkdaşlığın inkişafı ikitərəfli əlaqələrin institusional əsaslarını gücləndirmişdir. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin inkişafında mühüm siyasi sənədlər olmuşdur. 2016-cı ildə xarici işlər nazirlikləri arasında Strateji Dialoq mexanizminin yaradılması isə siyasi məsləhətləşmələrin və qarşılıqlı fəaliyyətin daha müntəzəm xarakter almasına şərait yaratmışdır. 2026-cı il noyabrın 12-də qəbul edilmiş yeni Birgə Bəyannamə məhz bu tarixi təməlin üzərində formalaşmış münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini ifadə edir. Burada əsas diqqət yalnız keçmiş əməkdaşlığın qiymətləndirilməsinə deyil, gələcək fəaliyyətin konkret istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldilir. Sənədin əhəmiyyəti ondadır ki, tərəflər münasibətləri qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsipləri əsasında strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətlərini rəsmiləşdirirlər. Bu yanaşma Azərbaycan diplomatiyasının mühüm xüsusiyyətlərindən birini — siyasi bəyanatları konkret əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirmək prinsipini əks etdirir.
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əməkdaşlıq imkanlarının genişlənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və balanslaşdırılmış xarici siyasətin mühüm nəticələrindəndir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını əsas götürən, müstəqil qərarlar qəbul edən və tərəfdaşları ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq quran dövlət kimi mövqeyini möhkəmləndirib. Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Bununla yanaşı, ölkəmiz müxtəlif beynəlxalq təşkilatlar və regional platformalar çərçivəsində fəal iştirak edir, Şərq ilə Qərb arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan üçün mühüm olan yalnız ikitərəfli münasibətlərin genişlənməsi deyil, eyni zamanda, ölkəmizin regional və beynəlxalq proseslərdə etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitlik və iqtisadi inkişaf sahələrində beynəlxalq əhəmiyyətini artırıb. Bu gün ölkəmiz Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı, enerji təchizatında etibarlı tərəfdaş və Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının formalaşmasına təsir göstərən əsas aktorlardan biridir. Böyük Britaniya ilə imzalanan Birgə Bəyannamə də Azərbaycanın bu mövqeyini daha geniş siyasi və iqtisadi əməkdaşlıq çərçivəsində möhkəmləndirmək baxımından əhəmiyyətlidir.
Birgə Bəyannamənin mühüm müddəalarından biri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir. Bu prinsip Azərbaycanın xarici siyasətinin fundamental istiqamətlərindən biridir. Ölkəmiz uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünün bərpasını, suveren hüquqlarının təmin edilməsini və regionda davamlı sülhün formalaşdırılmasını müdafiə edib. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpa edilməsi Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Bu hadisələr regionda geosiyasi reallıqları dəyişdirməklə yanaşı, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq gündəliyinin də yenidən formalaşmasına səbəb oldu. Bəyannamədə suverenlik və ərazi bütövlüyü prinsiplərinin xüsusi vurğulanması Azərbaycanın dövlətçilik maraqları baxımından əhəmiyyətlidir. Bu, beynəlxalq münasibətlərdə dövlətlərin sərhədlərinin toxunulmazlığına və müstəqil qərarvermə hüququna hörmətin vacibliyini bir daha təsdiqləyir. Azərbaycan üçün beynəlxalq tərəfdaşlığın əsas meyarlarından biri qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqdır. Bu prinsiplər ölkəmizin xarici siyasətində olduğu kimi, Böyük Britaniya ilə strateji münasibətlərin də əsasını təşkil edir.
Yeni Birgə Bəyannamədə 2025-ci il avqustun 8-də qəbul edilmiş Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması xüsusi siyasi məna daşıyır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması Böyük Britaniyanın regionda davamlı sülhün təmin edilməsinə dəstəyini ifadə edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazda uzunmüddətli sabitlik beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və qarşılıqlı maraqlara əsaslanan münasibətlər əsasında formalaşmalıdır. Sülh prosesi yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, konkret nəticələrə, nəqliyyat əlaqələrinin açılmasına, iqtisadi əməkdaşlığa, sərhədlərin delimitasiyasına və etimad quruculuğuna xidmət etməlidir. Böyük Britaniyanın bu prosesə siyasi dəstəyini ifadə etməsi regionun gələcək inkişafı baxımından əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda davamlı sülhün təmin olunması yalnız region dövlətlərinin deyil, beynəlxalq tərəfdaşların da maraqlarına uyğundur. Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin əsas məqsədi regionda qarşıdurma və münaqişə mühitinin aradan qaldırılması, iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlıq imkanlarının reallaşdırılmasıdır. Bu baxımdan beynəlxalq tərəfdaşların prosesə konstruktiv yanaşması, tərəflərin suveren hüquqlarına hörmət etməsi və ikitərəfli dialoqu dəstəkləməsi vacibdir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü