Azərbaycan Respublikasının xarici siyasət strategiyasında dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm yer tutur. Bu baxımdan Avropanın aparıcı dövlətlərindən biri olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış siyasi, iqtisadi və diplomatik münasibətlər bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında münasibətlərin tarixində mühüm hadisədir. Bu sənəd qarşılıqlı etimada, siyasi dialoqa və uzunmüddətli əməkdaşlığa əsaslanan əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Böyük Britaniya münasibətləri möhkəm tarixi və hüquqi əsaslara söykənir. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Yeni Strateji Tərəfdaşlıq Bəyannaməsi isə bu münasibətlərin müasir çağırışlara uyğun şəkildə genişləndirilməsi və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəyannamənin əsas prinsiplərindən biri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin təsdiqlənməsidir. Sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin vacibliyi xüsusi vurğulanır. Bu müddəalar Azərbaycanın dövlətçilik maraqları və beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursu ilə uzlaşır.
Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin əhəmiyyəti də qeyd olunur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması, Böyük Britaniyanın regionda davamlı sülhün təmin olunmasına dəstəyini bir daha təsdiqləməsi sənədin mühüm siyasi məqamlarındandır. Bu yanaşma Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ayrıca istiqamət kimi müəyyənləşdirilib. Tərəflər regional sülh və sabitliyin qorunması, mövcud və potensial təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyət imkanlarının artırılması, müdafiə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər. Bu çərçivədə təlimlərin, peşəkar hazırlığın, institusional potensialın gücləndirilməsinin və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, hüquq-mühafizə orqanları arasında əlaqələrin, sərhəd idarəçiliyinin, məhkəmə və hüquqi əməkdaşlığın gücləndirilməsi də prioritetlər sırasındadır. Sənədin digər mühüm istiqaməti ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Azərbaycan və Böyük Britaniya iqtisadi əlaqələrin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini artırmaq niyyətindədirlər. Xüsusilə bərpaolunan enerji, infrastruktur və xidmətlər sektorunda uzunmüddətli tərəfdaşlıqların qurulması, yeni iş yerlərinin yaradılması, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi mühüm hədəflər kimi müəyyən edilib.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat-logistika imkanları bu əməkdaşlığa əlavə üstünlüklər qazandırır. Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin ifadə olunması xüsusi əhəmiyyət daşıyır. Şərqlə Qərb arasında mühüm nəqliyyat və ticarət bağlantısı rolunu oynayan bu marşrutun inkişafı Azərbaycanın regional və beynəlxalq iqtisadi mövqeyinin möhkəmlənməsinə, tranzit imkanlarının genişlənməsinə və yeni investisiyaların cəlb edilməsinə töhfə verə bilər. Enerji sahəsində əməkdaşlıq da strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Yeni Bəyannamədə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyaların tətbiqi və təmiz enerji keçidi üzrə əməkdaşlığın nəzərdə tutulması bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda, enerji təhlükəsizliyi ilə ekoloji dayanıqlılığın uzlaşdırılması hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edir.
Tərəfdaşlığın mühüm istiqamətlərindən biri də təhsil, elm və innovasiyadır. Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti insan kapitalının inkişafı, elmi nailiyyətlər və yeni texnologiyaların tətbiqi ilə bilavasitə bağlıdır. Bu baxımdan ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların artırılması, universitetlər və tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bəyannamədə süni intellekt, rəqəmsal idarəetmə, innovasiya və həyat elmləri sahələrində təcrübə mübadiləsinin təşviqi də nəzərdə tutulur.
Bununla yanaşı, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, mədəni əlaqələrin genişləndirilməsi, insanlararası təmasların və peşəkar mübadilələrin təşviqi də strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Çünki dövlətlərarası münasibətlərin davamlılığı yalnız siyasi və iqtisadi əlaqələrdən deyil, həm də xalqlar arasında formalaşan etimad və dostluq münasibətlərindən asılıdır.
Bəyannamədə nəzərdə tutulan üç əsas istiqamət üzrə əldə olunan nəticələrin qiymətləndirilməsi, gələcək prioritetlərin müəyyənləşdirilməsi və əməkdaşlığın gedişatına nəzarət məqsədilə illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılıq əldə olunması sənədin praktiki əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoyur. Sənəd siyasi dialoqun dərinləşdirilməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də elm, təhsil və innovasiya sahələrində yeni imkanların yaradılması baxımından mühüm yol xəritəsi kimi çıxış edir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri