PDF Oxu

Siyasət

  • 272

Bakı-London oxu: uğurlu əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

Bakı-London oxu: uğurlu əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətləri tamamilə yeni, keyfiyyətcə ali mərhələyə qaldıran tarixi sənəddir.

Onilliklər boyu enerji təhlükəsizliyi və neft-qaz sektoru ətrafında formalaşan möhkəm təməllər, bu strateji sənədlə birlikdə müdafiə, təhlükəsizlik, rəqəmsal transformasiya, yaşıl enerji, ticarət, eləcə də elm və təhsil kimi geniş spektrli sahələri əhatə edən çoxşaxəli dövlətlərarası tərəfdaşlığa çevrilmişdir.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı diplomatik və iqtisadi münasibətlər dərin tarixi köklərə və etibarlı tərəfdaşlıq ənənələrinə malikdir. Dublində imzalanan bu yeni Strateji Tərəfdaşlıq Bəyannaməsi öz gücünü məhz keçmişin uğurlu təməllərindən – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Böyük Britaniyanın Baş naziri Con Meycor arasında 1994-cü il fevralın 23-də Londonda imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamədən və Toni Bleyerlə 1998-ci il iyulun 21də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən götürür. Belə ki, əgər ilk Bəyannamə Azərbaycan dövlət başçısının bu ölkəyə ilk rəsmi səfəri çərçivəsində imzalanaraq iki ölkə arasında strateji və iqtisadi münasibətlərin qurulmasında mühüm tarixi təməl olmuşdusa, ikinci Bəyannamə özündən əvvəlki sənəddə qoyulmuş təməlləri daha da inkişaf etdirərək, iki dövlət arasındakı münasibətləri tərəfdaşlıq baxımından keyfiyyətcə yeni bir mərhələyə daşımışdı. Hələ 1994-cü ildəki səfər zamanı iki ölkə arasında Bəyannamə ilə yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın əsasının qoyulduğu daha yeddi sənəd imzalanmışdı.

Nəticədə, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən neft strategiyası çərçivəsində Britaniyanın nəhəng enerji şirkətlərinin (xüsusilə BP) Azərbaycana cəlb olunması ilə başlanan bu əməkdaşlıq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal miqyaslı siyasi və iqtisadi müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu baxımdan, noyabrın 12-də ili ölkə liderləri arasında imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə və ərazi bütövlüyünə sadiqliyini qətiyyətlə təsdiqləyir ki, bu da 30 ildən artıqdır uğurlu dostluq və tərəfdaşlıq münasibətlərini davam etdirən ölkələrin bir-birinə münasibətdə ən yüksək mövqedə dayandığını sübut edir.

Bəyannamənin ən mühüm siyasi aspektlərindən biri Cənubi Qafqazda yaranan yeni reallıqların və sülh gündəliyinin qlobal səviyyədə dəstəklənməsidir. Sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin tarixi əhəmiyyəti xüsusi vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sülh addımları alqışlanır. Başqa sözlə, Birləşmiş Krallığın ikitərəfli dialoq və konstruktiv səylər vasitəsilə regionda davamlı sülhə nail olunmasına verdiyi davamlı dəstək, Londonun Cənubi Qafqazın təhlükəsizlik və inkişaf arquiteturasındakı fəal rolunu bir daha nümayiş etdirir.

Strateji Bəyannamə qarşılıqlı maraq doğuran üç əsas istiqamət üzrə konkret hədəfləri müəyyən edir. İlk növbədə, münasibətlərin yeni sahəsi kimi, müdafiə və təhlükəsizlik sahəsində strateji koordinasiya fəaliyyətini həyata keçirmək üçün tərəflər regional sülh və sabitliyi qorumaq, ümumi təhdidlərin qarşısını almaq üçün uzunmüddətli hərbi-siyasi öhdəliklər götürürlər. Yüksək səviyyəli qarşılıqlı fəaliyyət, təlim, potensialın artırılması, müdafiə sənayesi sahəsində birgə təşəbbüslər və hüquq-mühafizə orqanları arasındakı tərəfdaşlıq (sərhəd idarəçiliyi, kiber təhlükəsizlik və məhkəmə əməkdaşlığı) iki ölkənin təhlükəsizlik qalxanını gücləndirir.

İndiyədək olduğu kimi, bundan sonra da iqtisadi müstəvidə ikitərəfli ticarət əlaqələrinin şaxələndirilməsi prioritet təşkil edir. Belə ki, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olması enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığın göstəricisidir. Bəyannamə ilə bu əməkdaşlığın sərhədləri və sahələri daha da genişləndirilir. Bərpaolunan enerji, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq London və Bakının qlobal iqlim hədəflərinə perspektivdə verəcəkləri töhfədir. Eyni zamanda, regional və beynəlxalq bağlantıların genişləndirilməsi kontekstində Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika layihələrinin dəstəklənməsi xüsusi yer tutur. Bu prosesdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əsas icraedici mexanizm kimi çıxış edir. Qeyd edək ki, təxminən bir ay bundan əvvəl, oktyabrın 6-da Azərbaycanın energetika nazirinin və tərəfdaş dövlətin Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət nazirinin rəhbərlik etdikləri Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilmiş və iclasın nəticəsi olaraq tərəflər arasında protokol, yaşıl enerji, nəqliyyat bağlantıları və şəhər mobilliyi saahələrini əhatə etməklə dörd sənəd imzalanmışdı ki, bu da Komissiyanın faydalı fəaliyyətindən xəbər verir.

Ümumiyyətlə, son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün mövcud olan geniş imkanları əhatə etdiyini nəzərə alsaq, iki dost ölkə arasında strateji tərəfdaşlığın uğurlu perspektivə malik olduğu şübhəsizdir.

Ən nəhayət, 12 noyabr Bəyannaməsi ilə iqtisadiyyatın rəqəmsal transformasiyası və uzunmüddətli rifahı baxımından təhsil, süni intellekt, qabaqcıl texnologiyalar və peşə təlimi sahələrində universitetlər və tədqiqat institutları arasında birbaşa körpülər salınır. İki xalq arasında mövcud olan güclü insanlararası bağlar mədəni və elmi mübadilələrlə daha da möhkəmləndirilir, vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlıq təşviq edilir.

Beləliklə, Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın xarici siyasətində qazanılan uğurların, yalnız Avropanın deyil, bütövlükdə beynəlxalq aləmin aparıcı dövlətlərindən biri olan Birləşmiş Krallıq ilə qurulan bərabərhüquqlu və etibarlı münasibətlərin zirvəsi hesab olunmalıdır. Bu sənəd uzunmüddətli etibarlı tərəfdaşlıqdan irəli gələrək təkcə bu günün reallıqlarını əks etdirmir, həm də gələcək nəsillər üçün rifah, təhlükəsizlik və davamlı inkişaf vəd edən geostrateji baxışı ortaya qoyur.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər