Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının özünəməxsus yeri və rolu vardır. Partiyanın yaranması ölkəmizin mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi, dövlətçiliyimizin ciddi sınaqlarla üzləşdiyi bir dövrə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası ötən illər ərzində təşkilatlanma, siyasi fəaliyyət və inkişaf yolu keçərək ölkənin ictimai-siyasi həyatının əsas iştirakçılarından birinə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının tarixi, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin formalaşması, möhkəmlənməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə sıx bağlıdır. Bu yolun hər bir mərhələsi ölkəmizin siyasi, iqtisadi və sosial həyatında baş verən mühüm dəyişikliklərlə səciyyələnir. 1992-ci ilin əvvəllərində Azərbaycanda mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Ölkə müstəqilliyinin ilk illərini yaşayır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, daxildə siyasi qarşıdurmalar və idarəetmə böhranı dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Məhz belə bir tarixi şəraitdə Azərbaycanın tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri və ölkənin gələcəyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etdilər.1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti ilə başlayan bu proses noyabrın 21-də tarixi hadisə ilə nəticələndi. Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqram və Nizamnaməsi təsdiqləndi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. 
Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalq arasında nüfuzu partiyanın təşkilatlanmasında və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadı.1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin qorunması istiqamətində yeni mərhələnin əsasını qoydu. Həmin il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin siyasi həyatında yeni dövr başlandı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq münasibətlər, milli təhlükəsizlik və ordu quruculuğu istiqamətlərində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, ölkəyə xarici investisiyaların cəlb edilməsi, enerji strategiyasının formalaşdırılması və milli maraqların qorunması dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Yeni Azərbaycan Partiyası da bu tarixi proseslərin iştirakçısı kimi öz təşkilati strukturunu genişləndirdi, respublikanın müxtəlif bölgələrində rayon və şəhər təşkilatları, ərazi partiya təşkilatları formalaşdı.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanın inkişaf strategiyasının yeni mərhələsini müəyyənləşdirdi. Ölkədə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirildi, infrastruktur yeniləndi, müdafiə potensialı gücləndirildi, beynəlxalq əlaqələr genişləndirildi. Bu dövrün mühüm istiqamətlərindən biri də Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün siyasi, diplomatik və hərbi potensialın gücləndirilməsi idi.Azərbaycan xalqının müasir tarixində 2020-ci il Vətən müharibəsi xüsusi yer tutur. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə nəticələndi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması müharibənin taleyini müəyyənləşdirən mühüm hadisələrdən biri oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz şəkildə Azərbaycana qaytarıldı.Bu Qələbə Azərbaycanın hərb tarixində yeni səhifə açmaqla yanaşı, regionda yeni siyasi reallıqlar formalaşdırdı. 30 ilə yaxın davam edən işğala son qoyulması, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə edildi. Lakin Azərbaycanın qarşısında hələ bir mühüm vəzifə – dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpa edilməsi məsələsi qalırdı. 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu bütün ərazidə bərpa edildi. Beləliklə, ölkəmizin dövlət suverenliyi tam təmin olundu. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi.  Bu tarixi hadisə Azərbaycanın müasir dövlətçilik salnaməsində xüsusi yer tutdu. 2020-ci ilin Zəfəri ilə başlanan yeni mərhələ 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə özünün mühüm siyasi-hüquqi nəticəsinə çatdı.
2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin yeni ictimai-siyasi və geosiyasi reallıqları şəraitində baş tutdu.
Partiyanın Sədri, Prezident İlham Əliyev qurultaydakı çıxışında bu tarixi məqama xüsusi diqqət çəkərək bildirdi:
“Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”. Dövlət başçısının bu fikri qurultayın tarixi əhəmiyyətini ifadə etməklə yanaşı, Azərbaycanın keçdiyi siyasi yolun mühüm mərhələlərini də özündə əks etdirir. Çünki VII Qurultay 2021-ci ildə, Vətən müharibəsində qazanılmış Zəfərdən bir neçə ay sonra keçirilmişdisə, VIII Qurultay artıq ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilmiş Azərbaycanın yeni reallıqları şəraitində təşkil olundu. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qələbələrinin başlanğıcının Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə bağlı olduğunu da vurğuladı. Bu yanaşma 1992-ci ildə yaranmış siyasi təşkilatın tarixini müstəqil dövlətimizin sonrakı inkişaf mərhələləri ilə əlaqələndirir. VIII Qurultayda səsləndirilən fikirlər, qəbul edilən qərarlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır. Ərazi bütövlüyü və suverenliyi təmin edilmiş ölkəmizin qarşısında indi azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış proqramının davam etdirilməsi, iqtisadi potensialın artırılması, sosial rifahın yüksəldilməsi və regional əməkdaşlığın genişləndirilməsi kimi mühüm vəzifələr dayanır. Zəfərdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, yeni yollar, tunellər, körpülər, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa edilir. Enerji təchizatı, su təminatı, nəqliyyat və rabitə infrastrukturu yenidən qurulur.Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və digər şəhər və rayonlarımızda həyata keçirilən layihələr azad edilmiş torpaqların iqtisadi və sosial həyatının dirçəldilməsinə xidmət edir. Doğma yurdlarına qayıdan ailələrin məskunlaşması isə Böyük Qayıdış prosesinin əsas göstəricilərindəndir.
Bu proses yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Söhbət uzun illər işğal altında qalmış torpaqlarda həyatın yenidən canlandırılmasından, milli-mədəni irsimizin qorunmasından, tarixi yaddaşımızın bərpasından və gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin yaradılmasından gedir.
Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranmasından ötən dövr Azərbaycan dövlətçiliyinin mühüm tarixi mərhələlərini əhatə edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan partiya ölkənin siyasi həyatında öz fəaliyyətini formalaşdırmış, sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün YAP-ın tarixinə nəzər salarkən üç mühüm mərhələ xüsusi diqqət çəkir: Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın təsis edilməsi və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi-siyasi və iqtisadi potensialının inkişafı, nəhayət, 2020-ci ildə Zəfərin qazanılması və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası.2026-cı ildə keçirilən VIII Qurultay isə bu tarixi mərhələlərin nəticələrinin yeni geosiyasi şəraitdə dəyərləndirilməsi və qarşıdakı dövrün vəzifələrinin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisə kimi diqqət çəkir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri, müstəqilliyin qorunması ideyası, milli maraqların müdafiəsi və güclü dövlət quruculuğu məsələləri Azərbaycanın müasir siyasi gündəliyində mühüm yer tutur.Yeni Azərbaycan Partiyasının 34 illik tarixi, eyni zamanda, müstəqil Azərbaycanın mürəkkəb sınaqlardan keçərək Zəfərə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına, azad edilmiş torpaqlarda yeni həyatın qurulmasına doğru keçdiyi yolun siyasi salnaməsidir. Bu salnamənin növbəti səhifələri isə qarşıdakı illərdə Azərbaycanın inkişafı, Böyük Qayıdışın davam etdirilməsi və suveren dövlət kimi beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ilə yazılacaqdır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri