PDF Oxu

Siyasət

  • 988

Yeni Azərbaycan Partiyası ictimai-siyasi zərurətdən yaranıb

Yeni Azərbaycan Partiyası ictimai-siyasi zərurətdən yaranıb

Azərbaycanın müasir siyasi tarixində elə hadisələr, elə tarixi şəxsiyyətlər və elə siyasi təşəbbüslər var ki, onların əhəmiyyətini yalnız baş verdiyi dövrün hadisələri ilə məhdudlaşdırmaq mümkün deyil. Bu hadisələr zaman keçdikcə öz tarixi miqyasını daha aydın nümayiş etdirir, dövlətçilik ənənələrinin formalaşmasına, milli ideologiyanın inkişafına və cəmiyyətin siyasi düşüncəsinə təsir göstərir. Yeni Azərbaycan Partiyası (YAP) da məhz belə tarixi hadisələrdən biri olaraq ictimai-siyasi zərurətdən yaranmışdır.

Yeni Azərbaycan Partiyası (YAP) müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasının ən mürəkkəb və məsuliyyətli mərhələsində, xalqın siyasi iradəsinin, milli həmrəyliyə və güclü liderliyə olan ehtiyacının ifadəsi kimi meydana gəlmişdir. Bu partiyanın yaranması təsadüfi siyasi prosesin, yaxud ayrı-ayrı şəxslərin təşkilatlanmaq istəyinin nəticəsi deyildi. O, Azərbaycanın müstəqilliyinin təhlükələrlə üz-üzə qaldığı, dövlət idarəçiliyində ciddi problemlərin yaşandığı, cəmiyyətin sabitlik və xilaskarlıq axtarışında olduğu bir dövrdə meydana çıxan obyektiv ictimai-siyasi zərurət idi. Bu zərurətin tarixi cavabı isə Ümummilli Lider Heydər Əliyevin siyasi dühası, zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi və xalq qarşısındakı tarixi missiyası ilə bağlıdır. YAP-ın yaradılması müasir Azərbaycan tarixində yeni siyasi mərhələnin başlanğıcı, milli dövlətçilik ideyasının siyasi təşkilatlanma müstəvisində təcəssümü oldu.
1990-cı illərin əvvəlləri: dövlət müstəqilliyinin ağır sınaqları
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən xalqımız uzun illər arzuladığı tarixi məqsədə nail olsa da, qarşıda son dərəcə mürəkkəb və çətin vəzifələr dayanırdı. Müstəqilliyin əldə edilməsi ilə dövlət quruculuğunun bütün problemləri həll olunmamışdı. Əksinə, yeni siyasi sistemin formalaşdırılması, dövlət institutlarının yaradılması, iqtisadiyyatın yenidən qurulması, milli təhlükəsizliyin təmin olunması və ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi kimi mühüm məsələlər öz həllini gözləyirdi. Xüsusilə 1992-ci il Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb mərhələlərindən biri kimi səciyyələnir. Ölkədə siyasi hakimiyyət uğrunda mübarizə, müxtəlif siyasi qüvvələr arasında qarşıdurma, dövlət idarəçiliyində qeyri-sabitlik, iqtisadi tənəzzül, sosial problemlər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü cəmiyyətin vəziyyətini daha da ağırlaşdırırdı.
Dövlətçilik institutlarının zəifliyi, siyasi məsuliyyətin, idarəetmədə ardıcıllığın çatışmazlığı, vahid milli strategiyanın olmaması müstəqilliyin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı. Cəmiyyətin müxtəlif təbəqələrində ölkənin taleyi, ərazi bütövlüyü, milli təhlükəsizliyi və gələcək inkişafı ilə bağlı haqlı suallar meydana çıxmışdı. Həmin dövrdə Azərbaycan yalnız iqtisadi-siyasi böhranla deyil, həm də dövlətçilik böhranı ilə üz-üzə idi. Söhbət təkcə hakimiyyətin idarəetmə imkanlarından deyil, müstəqil dövlətin qorunub saxlanılması, milli maraqların müdafiəsi və cəmiyyətin vahid məqsəd ətrafında birləşdirilməsi zərurətindən gedirdi.
Belə bir şəraitdə xalqın böyük əksəriyyətinin diqqəti zəngin siyasi təcrübəyə, idarəçilik bacarığına və yüksək beynəlxalq nüfuza malik olan Heydər Əliyevə yönəlmişdi. Çünki Azərbaycan cəmiyyəti onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolunu, dövlətçilik sahəsindəki xidmətlərini və mürəkkəb şəraitdə düzgün siyasi qərarlar qəbul etmək qabiliyyətini yaxşı bilirdi. Heydər Əliyev fenomeni məhz bu tarixi məqamda özünün xüsusi əhəmiyyətini bir daha nümayiş etdirdi. Onun şəxsiyyəti siyasi parçalanma şəraitində milli birliyin, dövlətçilik iradəsinin və sabit gələcəyə inamın əsas simvoluna çevrilmişdi.
Heydər Əliyev dühası və yeni siyasi təşkilatlanmanın tarixi zərurəti
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri hadisələri yalnız cari siyasi vəziyyət baxımından deyil, dövlətin və xalqın uzunmüddətli maraqları kontekstində qiymətləndirmək bacarığı idi. Onun dövlətçilik fəlsəfəsinin mərkəzində azərbaycançılıq məfkurəsi - xalqımızın milli maraqları, müstəqilliyin qorunması, dövlətin gücləndirilməsi və milli həmrəyliyin təmin olunması dayanırdı.
Heydər Əliyevin rəhbərliyi altında sovet dövründə Azərbaycanın sosial-iqtisadi, elmi, mədəni, sənaye potensialının yüksəldilməsi, milli kadrların yetişdirilməsi, respublikanın gələcək müstəqilliyi üçün mühüm potensialın formalaşdırılması onun dövlətçilik fəaliyyətinin mühüm istiqamətlərini təşkil edirdi. 1990-cı illərin əvvəllərində isə həmin təcrübə və siyasi iradə müstəqil dövlətin qorunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət qazandı.
Heydər Əliyev gözəl anlayırdı ki, müstəqil dövlətin davamlı inkişafı üçün yalnız siyasi hakimiyyətin mövcudluğu kifayət etmir. Bunun üçün sağlam siyasi sistem, təşkilatlanmış siyasi qüvvələr, aydın ideoloji xətt və xalqın etimadını qazanmış siyasi liderlik zəruridir. YAP-ın yaradılması ideyası məhz bu strateji yanaşmanın nəticəsi idi. Məqsəd ölkənin gələcəyinə biganə olmayan insanları, ziyalıları, elm, mədəniyyət xadimləri, müxtəlif peşə sahiblərini və geniş ictimai təbəqələri milli dövlətçilik ideyası ətrafında birləşdirmək idi. Bu baxımdan YAP-ın yaranması siyasi partiya təsis etməkdən daha geniş anlam daşıyırdı. Bu, Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi və gələcək nəsillərə güclü dövlət miras qoyması uğrunda ümummilli siyasi səfərbərlik təşəbbüsü idi.
“91-lər”in tarixi müraciəti: xalqın siyasi iradəsinin ifadəsi
YAP-ın yaranmasında mühüm tarixi mərhələ 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının Heydər Əliyevə ünvanladığı məhşur müraciət oldu.
Həmin müraciət Azərbaycanın ictimai-siyasi tarixində xüsusi yer tutur. Çünki bu sənəd ölkənin taleyinə biganə qalmayan ziyalıların, tanınmış ictimai xadimlərin və vətəndaş mövqeyi nümayiş etdirən insanların ümumi narahatlığını və siyasi iradəsini ifadə edirdi.
Müraciətin müəllifləri hesab edirdilər ki, Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxması, müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi üçün xalqın etimad göstərdiyi, böyük siyasi təcrübəyə malik liderin rəhbərliyi altında yeni, güclü siyasi təşkilat yaradılmalıdır. 91 nəfər ziyalı Heydər Əliyevdən yaradılması nəzərdə tutulan YAP-a rəhbərlik etməsini xahiş edirdi. Bu müraciət əslində cəmiyyətin müxtəlif təbəqələrində formalaşmış siyasi ehtiyacın təşkilatlanmış ifadəsi idi.
Heydər Əliyevin 1992-ci il oktyabrın 24-də müraciətə verdiyi cavab isə partiyanın yaranması prosesində prinsipial əhəmiyyət daşıdı. Ulu Öndər yeni siyasi təşkilatın yaradılmasını obyektiv tarixi zərurət kimi qiymətləndirdi və ona rəhbərlik etməyə razılıq verdi. Bu cavab məktubunda ifadə olunan siyasi mövqe Heydər Əliyevin dövlətçilik düşüncəsinin mühüm xüsusiyyətlərini əks etdirirdi: demokratiyaya, siyasi plüralizmə, müstəqil dövlətin möhkəmləndirilməsinə və cəmiyyətin siyasi həyatda fəal iştirakına verilən önəm. 91-lərin müraciəti Azərbaycan siyasi tarixində ziyalı məsuliyyətinin, milli həmrəyliyin və siyasi liderə ictimai etimadın parlaq nümunəsi kimi qiymətləndirilməlidir. Bu hadisənin tarixi əhəmiyyəti ondan ibarət idi ki, ziyalılar ölkənin taleyinə dair mövqelərini yalnız bəyanatla məhdudlaşdırmadılar, konkret siyasi təşəbbüslə çıxış etdilər. Beləliklə, YAP-ın yaranması üçün ictimai-siyasi və ideoloji zəmin formalaşdı.
21 noyabr 1992-ci il: yeni siyasi tarixə doğru
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 500-dən çox nümayəndənin iştirak etdiyi konfransda partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu, təşkilati strukturları formalaşdırıldı və Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi.
Partiyanın məhz Naxçıvanda yaradılması da xüsusi tarixi məna daşıyırdı. Həmin dövrdə Naxçıvan blokada şəraitində yaşayır, ciddi iqtisadi və sosial çətinliklərlə üzləşirdi. Buna baxmayaraq, Heydər Əliyevin rəhbərliyi altında muxtar respublikada dövlətçilik iradəsi qorunur, milli maraqlar müdafiə olunur və ictimai-siyasi sabitliyin təmin edilməsinə çalışılırdı.
Naxçıvan həmin illərdə Azərbaycanın müstəqillik və dövlətçilik mübarizəsinin mühüm siyasi mərkəzlərindən birinə çevrilmişdi. Məhz burada yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin bütün bölgələrində təşkilatlanmağa başladı. 1992-ci il dekabrın 18-də partiyanın dövlət qeydiyyatına alınması onun hüquqi-siyasi fəaliyyətinin rəsmiləşdirilməsi baxımından mühüm addım oldu.
Beləliklə, siyasi təşkilatın yaradılması təşəbbüsü qısa müddətdə geniş ictimai dayağa malik təşkilatlanmış siyasi qüvvəyə çevrildi. YAP-ın təsis edildiyi zaman müxalifət partiyası olması da xüsusi qeyd edilməlidir. Bu fakt partiyanın yaranmasının hakimiyyət uğrunda mübarizə məqsədindən daha geniş siyasi məzmun daşıdığını göstərir. YAP ilk gündən Azərbaycanın gələcəyinə dair alternativ siyasi baxış, dövlətçilik konsepsiyası və inkişaf strategiyası ilə çıxış edirdi.
YAP-ın ideoloji əsasları və dövlətçilik missiyası
YAP-ın siyasi ideologiyasının əsasını müstəqil dövlətçilik, azərbaycançılıq, milli birlik, qanunçuluq, vətəndaş həmrəyliyi, sosial ədalət və yaradıcı təkamül prinsipləri təşkil edir. Bu prinsiplər partiyanın yalnız yarandığı dövrün problemlərinə cavab vermək məqsədi daşımadığını, eyni zamanda müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyə çalışdığını göstərirdi.
Azərbaycançılıq ideologiyası milli kimliyin qorunması, dövlət maraqlarının üstün tutulması, müxtəlif sosial və mədəni təbəqələrin ümumi milli məqsədlər ətrafında birləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Müstəqil dövlətçilik prinsipi isə Azərbaycanın suverenliyinin qorunmasını, dövlət institutlarının gücləndirilməsini və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsini nəzərdə tutur.
Vətəndaş həmrəyliyi və sosial ədalət ideyaları cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı etimadın və məsuliyyətin möhkəmləndirilməsini əsas məqsədlərdən biri kimi müəyyənləşdirir. Bu ideoloji xəttin mühüm xüsusiyyəti onun dəyişən tarixi şəraitə uyğun olaraq inkişaf etdirilməsidir. Çünki siyasi partiyanın davamlılığı yalnız keçmiş xidmətləri ilə deyil, yeni dövrün çağırışlarına cavab vermək qabiliyyəti ilə ölçülür.
Heydər Əliyevin siyasi liderliyi və YAP-ın ümumxalq partiyasına çevrilməsi
YAP-ın inkişafında 1993-cü il xüsusi mərhələ təşkil edir. Həmin ilin əvvəlindən etibarən ölkədə siyasi vəziyyət daha da gərginləşmiş, dövlət idarəçiliyində böhran dərinləşmişdi. İyun ayında baş verən hadisələr Azərbaycanın müstəqilliyini və dövlətçiliyini ciddi təhlükə qarşısında qoymuşdu. Ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaranmış, dövlətin parçalanması ehtimalı real təhlükəyə çevrilmişdi. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin Bakıya qayıtması Azərbaycan tarixində taleyüklü hadisə oldu. 1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Həmin tarix Milli Qurtuluş Günü kimi dövlət səviyyəsində qeyd edilməyə başladı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, iqtisadi və siyasi islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldı. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə dövlətçilik tariximizdə yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu proses YAP-ın siyasi mövqeyinə və ictimai nüfuzuna da ciddi təsir göstərdi. Partiya artıq ölkənin siyasi həyatında aparıcı qüvvə kimi çıxış etməyə başladı. Onun ətrafında müxtəlif peşə, yaş və sosial qruplardan olan insanlar birləşirdi. Ən mühüm məqamlardan biri ondan ibarət idi ki, Heydər Əliyev siyasi sabitliyin təmin olunmasını yalnız idarəetmə məsələsi kimi deyil, milli inkişafın və dövlət müstəqilliyinin əsas şərti kimi qiymətləndirirdi. Bu yanaşma YAP-ın siyasi fəaliyyətinin də əsas istiqamətlərindən birinə çevrildi.
Heydər Əliyev məktəbi: siyasi varislik və dövlətçilik ənənələrinin qorunması
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki ən böyük xidmətlərindən biri güclü dövlətçilik ənənələrinin yaradılması və gələcək nəsillərə ötürülməsi ilə bağlıdır. Onun siyasi irsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi, milli maraqların müdafiəsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması və Azərbaycanın dünya miqyasında tanınan dövlətə çevrilməsi xüsusi yer tutur.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişaf strategiyasının və beynəlxalq enerji əməkdaşlığının mühüm təməlini yaratdı. Bununla yanaşı, ordu quruculuğu, hüquqi dövlət təsisatlarının inkişafı, yeni Konstitusiyanın qəbul edilməsi, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müstəqil dövlətin inkişafına xidmət etdi. Bu proseslər YAP-ın siyasi ideyalarının da praktik müstəvidə inkişafına şərait yaratdı. Partiyanın dövlətçilik xətti konkret siyasi, iqtisadi və sosial proqramlarla ifadə olunurdu.
Heydər Əliyevin siyasi məktəbinin mühüm xüsusiyyətlərindən biri strateji davamlılıq prinsipidir. Dövlətin inkişafı ayrı-ayrı siyasi kampaniyalarla məhdudlaşmamalı, uzunmüddətli məqsədlərə, institusional sabitliyə və ardıcıl siyasətə əsaslanmalıdır. Bu baxımdan siyasi varislik məsələsi Azərbaycan dövlətçiliyinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edirdi.
Yeni siyasi mərhələ və YAP-ın inkişaf strategiyası
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi müasir və müstəqil Azərbaycanın inkişaf tarixində xüsusi mərhələ təşkil edir. Bu mərhələ Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və keyfiyyət xüsusiyyətləri qazanmışdır.
Cənab İlham Əliyevin 2005-ci ildə YAP-ın sədri seçilməsi partiyanın institsional və siyasi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu mərhələdə YAP-ın qarşısında duran əsas vəzifələrdən biri dəyişən dünyanın çağırışlarına uyğunlaşmaq, yeni nəsillərlə siyasi dialoqu genişləndirmək, təşkilati strukturları müasirləşdirmək və ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak etmək idi.
Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son iki onillikdə genişmiqyaslı iqtisadi, sosial, siyasi, infrastruktur dəyişiklikləri ilə səciyyələnən inkişaf yolu keçmişdir. Enerji sektorunun modernləşdirilməsi, qeyri-neft iqtisadiyyatının inkişafı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafı, müdafiə qabiliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Bu dövrdə YAP öz fəaliyyətini yeni ictimai-siyasi çağırış və reallıqlara uyğunlaşdırmağa çalışmışdır. Partiyanın təşkilati strukturlarının yenilənməsi, gənclərin siyasi proseslərə cəlb olunması, qadınların ictimai-siyasi fəallığının artırılması və müasir kommunikasiya imkanlarından istifadə bu istiqamətdə mühüm addımlardır.
Cənab İlham Əliyevin rəhbərliyi dövründə YAP-ın ictimai-siyasi nüfuzunun artması, seçkilərdə qazandığı nəticələr və geniş təşkilati imkanları onun Azərbaycan siyasi sistemində aparıcı mövqeyini qoruduğunu göstərir. Bu gün YAP-ın siyasi çəkisini müəyyənləşdirən əsas amillərdən biri onun yalnız keçmiş tarixi xidmətlərə söykənməməsi, həm də müasir dövlət siyasətinin həyata keçirilməsində iştirak etməsidir. Partiyanın siyasi fəaliyyətinin nəticələri ölkədə gedən proseslərlə, dövlətin inkişaf strategiyası ilə və ictimai-siyasi həyatın prioritetləri ilə sıx bağlıdır.
Zəfər reallıqları və yeni dövrün siyasi çağırışları
Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biri ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində suverenliyin bərpa olunması müasir dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırdı.
Bu tarixi nəticələr, ilk növbədə, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi, dövlətin hərbi-siyasi iradəsi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsi kimi qiymətləndirilir. 44 günlük Vətən müharibəsi dövründə xalq-dövlət birliyi, milli həmrəylik və vahid məqsəd ətrafında səfərbərlik Azərbaycan cəmiyyətinin gücünü nümayiş etdirdi.
Bu yeni reallıqlar YAP-ın qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Artıq əsas məsələlərdən biri əldə edilmiş tarixi nailiyyətlərin qorunması, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa proseslərinin dəstəklənməsi, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, sosial rifahın yüksəldilməsi və ölkənin uzunmüddətli inkişafının təmin edilməsidir. Bu baxımdan YAP-ın qarşısında dayanan əsas vəzifələrdən biri gənc nəslin dövlətçilik ənənələri və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi, siyasi maarifləndirmənin genişləndirilməsi, vətəndaş cəmiyyəti ilə dialoqun gücləndirilməsi və yeni dövrün tələblərinə uyğun siyasi təşəbbüslərin irəli sürülməsidir.
YAP – Azərbaycanın ən böyük və aparıcı siyasi təşkilatı
Bu gün YAP Azərbaycanın ən böyük və aparıcı siyasi təşkilatı kimi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Onun uzunmüddətli siyasi fəaliyyəti, geniş təşkilati şəbəkəsi, müxtəlif sosial qrupları birləşdirən üzvlük strukturu və dövlətçilik ideyasına əsaslanan siyasi xətti bu mövqenin formalaşmasında mühüm rol oynayır.
Partiyanın siyasi avanqard təşkilat kimi xarakterizə olunması onun tarixi missiyası, təşkilati imkanları və ölkənin siyasi proseslərindəki rolu ilə bağlıdır. YAP-ın avanqardlığı, ilk növbədə, müstəqil dövlətçilik ideyasının qorunması, milli maraqların müdafiəsi və strateji inkişaf hədəflərinin reallaşdırılmasında iştirak etməsi ilə izah olunur. Lakin hər bir aparıcı siyasi təşkilat kimi YAP üçün də müasir dövr yeni məsuliyyətlər yaradır. Sürətlə dəyişən informasiya mühiti, rəqəmsallaşma, qlobal siyasi və iqtisadi proseslər, gənc nəslin dəyişən gözləntiləri siyasi fəaliyyətin yeni yanaşmalar əsasında qurulmasını zəruri edir. Məhz bu amillər YAP-ın gələcək siyasi fəaliyyətinin də əsas istiqamətlərini müəyyənləşdirr.
Tarixdən gələcəyə uzanan siyasi missiya
YAP-ın yaranması Azərbaycanın müstəqillik və dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Bu partiya ölkənin ağır siyasi sınaqlarla üzləşdiyi bir dövrdə xalqın sabitlik, güclü dövlətçilik, milli birlik və siyasi məsuliyyət ehtiyacından meydana gəlmişdir. 91 ziyalının tarixi müraciəti ilə başlanmış proses Heydər Əliyevin siyasi dühası və rəhbərliyi ilə real siyasi təşkilatlanmaya çevrilmiş, 1992-ci il noyabrın 21-də keçirilən təsis konfransı ilə ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoymuşdur.
Ümummilli Lider Heydər Əliyev YAP-ın yalnız yaradıcısı və ilk sədri deyil, həm də onun ideoloji və siyasi təməllərini müəyyənləşdirən böyük dövlət xadimidir. Onun dövlətçilik fəlsəfəsi, siyasi irsi və milli inkişaf konsepsiyası partiya fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmişdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə isə bu siyasi xətt yeni tarixi şəraitdə davam etdirilmiş, partiyanın təşkilati və siyasi fəaliyyəti müasir çağırışlara uyğun inkişaf etdirilmişdir.
Bu gün YAP-ın tarixi missiyası keçmişin siyasi nailiyyətlərini qorumaqla yanaşı, Azərbaycanın gələcək inkişafına xidmət etməkdən ibarətdir. Güclü dövlət, milli birlik, suverenlik, sosial rifah və davamlı inkişaf ideyaları partiyanın siyasi fəaliyyətinin əsas məzmununu təşkil etməlidir. YAP-ın yaranma tarixi bir daha göstərir ki, xalqın taleyinin həll olunduğu mürəkkəb məqamlarda milli maraqları düzgün müəyyənləşdirən liderlik, ziyalı məsuliyyəti və ictimai həmrəylik tarixin gedişinə ciddi təsir göstərə bilər. 1992-ci ildə yaranmış tarixi zərurət bu gün müstəqil, suveren, güclü və beynəlxalq nüfuza malik Azərbaycanın inkişaf reallıqları fonunda yeni məna qazanır. Yeni Azərbaycan Partiyası – Heydər Əliyev siyasi irsinin, milli dövlətçilik ideyasının və müasir Azərbaycanın inkişaf strategiyasının siyasi müstəvidə təcəssümüdür. Onun tarixi dünənə, siyasi məsuliyyəti bu günə, strateji hədəfləri isə Azərbaycanın gələcəyinə bağlıdır.

Asif Əsgərli
YAP İdarə Heyətinin üzvü

Digər xəbərlər