PDF Oxu

Siyasət

  • 1 169

Yeni Azərbaycan Partiyası – tarixi missiyadan yeni siyasi reallıqlara

Yeni Azərbaycan Partiyası – tarixi missiyadan yeni siyasi reallıqlara

Azərbaycanın müasir dövlətçilik tarixinin son otuz ildən artıq dövrü mürəkkəb siyasi proseslər, tarixi sınaqlar, milli müstəqilliyin qorunması uğrunda mübarizə və dövlət quruculuğu ilə səciyyələnir. Bu tarixi mərhələdə ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan ən güclü siyasi təşkilat Yeni Azərbaycan Partiyasıdır. 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası (YAP) yarandığı dövrdən etibarən dövlətçilik, milli həmrəylik, müstəqilliyin qorunması və Azərbaycanın gələcək inkişafı məsələlərini siyasi fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirmişdir.

YAP-ın yaranması təsadüfi siyasi hadisə deyil, həmin dövrün ictimai-siyasi zərurətindən irəli gələn tarixi proses idi. 1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və dövlət müstəqilliyinin təhlükə altında olması cəmiyyətdə yeni siyasi qüvvəyə ehtiyac yaratmışdı. Məhz belə bir mürəkkəb şəraitdə Azərbaycanın tanınmış ziyalılarının 1992-ci il oktyabrın 16-da Naxçıvanda siyasi fəaliyyətini davam etdirən Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını təklif etməsi ölkənin siyasi tarixində mühüm mərhələnin başlanğıcı oldu.
Heydər Əliyevin oktyabrın 24-də həmin müraciətə verdiyi cavab və səsləndirdiyi siyasi mövqe yeni partiyanın ideoloji əsaslarını müəyyənləşdirdi. 34 il bundan öncə noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev onun sədri seçildi.
Partiyanın yaranma fəlsəfəsi ilk növbədə müstəqil Azərbaycan dövlətinin qorunması, milli birliyin təmin edilməsi, hüquqi və demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi kimi fundamental məqsədlərə söykənirdi. Bu baxımdan YAP-ın formalaşması Azərbaycanın siyasi təşkilatlanma tarixində yeni mərhələ olmaqla yanaşı, dövlətçilik düşüncəsinin institusional ifadəsi kimi də əhəmiyyət daşıyırdı.
Heydər Əliyevin siyasi təcrübəsi, dövlət idarəçiliyi fəlsəfəsi, milli maraqlara əsaslanan strateji baxışı və cəmiyyəti vahid məqsəd ətrafında birləşdirmək bacarığı partiyanın təşkilati və ideoloji əsaslarının formalaşmasında mühüm rol oynadı. Ümummilli Lider “dünənin, bu günün və gələcəyin partiyası” kimi dəyər verdiyi YAP-ı yalnız siyasi hakimiyyət uğrunda mübarizə aparan təşkilat kimi deyil, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun və inkişafının təmin olunmasına xidmət edən siyasi platforma kimi təsəvvür edirdi. Onun 24 oktyabr 1992-ci il tarixli “Yeni müstəqil Azərbaycan uğrunda” adlı müraciətində irəli sürdüyü müddəalar bu siyasi baxışın mahiyyətini aydın göstərirdi. Burada müstəqilliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, sosial-iqtisadi böhranın aradan qaldırılması, qanunun aliliyi və demokratik azadlıqların müdafiəsi kimi məsələlər ön plana çəkilirdi.
Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri milli həmrəyliyin möhkəmləndirilməsi idi. Onun dövlətçilik konsepsiyasında siyasi və ideoloji fərqlərdən asılı olmayaraq azərbaycançılıq ideologiyası ətrafında birləşmək əsas prinsip kimi çıxış edirdi. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” məşhur kəlamı yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də müstəqil dövlətçilik şüurunun, milli özünüdərkin və vətənpərvərlik düşüncəsinin mühüm ifadəsidir.
1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə dövlət institutlarının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu proseslər YAP-ın siyasi fəaliyyətinin də yeni mərhələsini müəyyənləşdirdi. Heydər Əliyevin siyasi irsinin əsas xüsusiyyətlərindən biri dövlətçiliyə münasibətdə varislik və davamlılıq prinsipidir. Bu prinsip sonrakı dövrdə ölkənin siyasi və iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsində də mühüm yer tutdu.
Yeni Azərbaycan Partiyasının inkişaf tarixində İlham Əliyevin fəaliyyəti xüsusi mərhələ təşkil edir. O, 1999-cu ildə partiyanın I qurultayında sədr müavini, 2001-ci ildə II qurultayında birinci müavin, 2005-ci il martın 26-da keçirilən III qurultayında isə partiyanın sədri seçilmişdir. Cənab İlham Əliyevin rəhbərliyi dövründə YAP-ın təşkilati strukturlarının təkmilləşdirilməsi, siyasi fəaliyyətinin yeni çağırışlara uyğunlaşdırılması və ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi istiqamətində dəyişikliklər həyata keçirilmişdir. Bu mərhələ həm də Azərbaycanın iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, beynəlxalq əlaqələrin genişlənməsi, müdafiə potensialının gücləndirilməsi və regional mövqelərinin möhkəmləndirilməsi ilə xarakterizə olunur.
Yeni Azərbaycan Partiyasının Nizamnaməsində onun əsas məqsədləri demokratik, hüquqi və dünyəvi dövlətin, azad vətəndaş cəmiyyətinin qurulması ilə əlaqələndirilir. Partiyanın siyasi proqramında dövlət müstəqilliyi, azərbaycançılıq, milli həmrəylik, sosial ədalət, iqtisadi inkişaf və müasirlik əsas istiqamətlər kimi müəyyənləşdirilir. İlham Əliyev 2013-cü ildə YAP-ın V qurultayında çıxışı zamanı partiyanın ideoloji əsaslarını belə ifadə etmişdir: "Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır".
Liderimizin siyasi fəaliyyətində Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik strategiyasının davam etdirilməsi ilə yanaşı, dəyişən beynəlxalq və regional şəraitə uyğun yeni siyasi və iqtisadi prioritetlərin müəyyənləşdirilməsi də mühüm yer tutur. Onun 2022-ci il noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirdəki çıxışında 1992-ci ilin mürəkkəb ictimai-siyasi mənzərəsini xatırladaraq ziyalıların Heydər Əliyevə müraciətinin tarixi zərurətdən irəli gəldiyini vurğulamışdır.
Beləliklə, YAP-ın inkişafında Heydər Əliyev və İlham Əliyev mərhələləri bir-biri ilə əlaqəli, lakin özünəməxsus xüsusiyyətlərə malik siyasi dövrlər kimi xarakterizə oluna bilər. Birinci mərhələ partiyanın yaradılması, dövlətçilik ideologiyasının formalaşdırılması və siyasi sistemdə mövqeyinin müəyyənləşdirilməsi ilə, ikinci mərhələ isə təşkilati inkişaf, siyasi proqramın yenilənməsi və müasir çağırışlara uyğunlaşma ilə səciyyələnir.
1992-ci ildə təsis konfransı ilə əsası qoyulan partiyanın sonrakı qurultayları onun rəhbər strukturlarının formalaşması, siyasi kursunun müəyyənləşdirilməsi və fəaliyyət istiqamətlərinin yenilənməsi baxımından əhəmiyyət daşımışdır. Lakin Zəfərdən sonrakı dövrün reallıqları fonunda 2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın tarixində xüsusi əhəmiyyətə malikdir. Bu forum yalnız partiyanın növbəti təşkilati tədbiri deyildi. O, postmüharibə dövründə yeni geosiyasi və ictimai-siyasi reallıqların, Azərbaycanın bərpa olunmuş ərazi bütövlüyü şəraitində qarşıya çıxan vəzifələrin müzakirə olunduğu mühüm siyasi hadisə idi.
Prezident İlham Əliyev qurultaydakı çıxışında “Biz reallıqları yaradan ölkəyik”, söyləyəməklə yeni tarixi şəraitin mahiyyətini ifadə etmişdir. Bu fikrin siyasi məzmunu ondan ibarət idi ki, Azərbaycan artıq uzun illər davam edən münaqişənin əvvəlki status-kvosu ilə müəyyənləşdirilən şəraitdə fəaliyyət göstərmirdi. 44 günlük Vətən müharibəsində əldə edilmiş nəticələr regionun təhlükəsizlik arxitekturasına, siyasi münasibətlər sisteminə və iqtisadi əməkdaşlıq perspektivlərinə yeni məzmun gətirmişdir.
VII qurultayın əsas siyasi əhəmiyyəti də məhz bu yeni şəraitdə partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı idi. Qurultayda partiyanın yeni Nizamnaməsi və Proqramı qəbul edildi, rəhbər strukturları yenidən formalaşdırıldı, İdarə Heyəti və Təftiş Komissiyası seçildi, Veteranlar Şurası yaradıldı. Bir sıra siyasi partiyaların YAP-a qoşulmaqla bağlı müraciətlərinə də baxıldı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin olunması, digər rəhbər vəzifələr üzrə dəyişikliklər və təşkilati yenilənmə partiyanın idarəetmə strukturunda yeni mərhələnin başlanğıcı kimi tarixə yazıldı. Bir sözlə, VII qurultay YAP-ın siyasi fəaliyyətinin müharibə və münaqişə şəraitinin yaratdığı əvvəlki gündəlikdən postmünaqişə dövrünün bərpa, inkişaf və yeni regional münasibətlər gündəliyinə keçidini əks etdirən mühüm mərhələ oldu.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində ərazilərin böyük hissəsi işğaldan azad edildi, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazilərində təmin edilməsi dövlətçilik tarixində yeni mərhələ açdı. Bu hadisələr yalnız hərbi-siyasi nəticələrlə məhdudlaşmır. Onlar milli ideologiyanın, vətənpərvərlik anlayışının, dövlət-vətəndaş münasibətlərinin və gələcək inkişaf strategiyasının müzakirəsinə də yeni məzmun gətirir.
Zəfərdən sonrakı dövrdə dövlətçilik ideologiyasının mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa prosesi, eyni zamanda Böyük Qayıdış Proqramının icrasıdır. Bu proseslər siyasi təşkilatların, o cümlədən üzvlərinin sayı 770 minə yaxın olan və ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Yeni reallıqlar şəraitində dövlətçilik ideologiyasının davamlılığı onun dəyişən ictimai tələblərə cavab vermək imkanından da asılıdır. Bu baxımdan milli birliklə yanaşı, qanunun aliliyi, vətəndaş hüquqları, hesabatlılıq, siyasi iştirakçılıq və ictimai dialoq məsələləri də mühüm əhəmiyyət daşıyır.
Müasir siyasi sistemdə hər bir partiyanın ictimai əhəmiyyəti yalnız tarixi keçmişi və təşkilati imkanları ilə deyil, həm də cəmiyyətin aktual problemlərinə münasibəti, siyasi rəqabətə yanaşması, vətəndaşlarla əlaqələri və ictimai etimadın qorunması ilə ölçülür. YAP-ın gələcək inkişafı baxımından da bu məsələlər xüsusi əhəmiyyət daşıyır. Xüsusilə gənc nəslin siyasi proseslərdə iştirakı, intellektual potensialın səfərbər olunması, regionların inkişafı, sosial məsələlərin həlli və yeni texnologiyaların tətbiqi partiyanın qarşısında dayanan mühüm istiqamətlərdir.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı partiyanın və Azərbaycanın müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi diqqəti cəlb edir. Bu qurultayın VII qurultaydan əsas fərqi Azərbaycanın artıq ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilməsidir. Başqa sözlə, əgər VII qurultay Zəfərdən dərhal sonrakı dövrün siyasi və təşkilati vəzifələrini müəyyənləşdirmişdisə, VIII qurultay artıq suverenliyin tam bərpasından sonrakı dövlətçilik prioritetlərinin müzakirəsi üçün platforma olmuşdur.
Siyasi partiyanın tarixi rolu məhz dəyişən şəraitdə cəmiyyətin ehtiyaclarına cavab vermək, ictimai maraqların ifadəsinə imkan yaratmaq, siyasi dialoqa və vətəndaş iştirakına töhfə vermək kimi məsələlərlə tamamlanır. Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin qiymətləndirilməsində də onun tarixi irsi ilə müasir dövrün tələbləri arasında yaradacağı əlaqə mühüm meyar olacaqdır.
Tarixi təcrübə göstərir ki, dövlətçilik yalnız keçmiş nailiyyətlərin qorunması deyil, həm də gələcəyin məsuliyyətlə qurulmasıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının tarixinin öyrənilməsi, Heydər Əliyevin dövlətçilik irsinin araşdırılması və Zəfərdən sonrakı yeni reallıqların siyasi məzmununun dərk edilməsi Azərbaycanın müasir inkişaf mərhələsinin daha dərindən anlaşılmasına imkan verir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər