PDF Oxu

Siyasət

  • 1 065

Yeni Azərbaycan Partiyası: milli həmrəylik, dövlətçilik və gələcək hədəflər

Yeni Azərbaycan Partiyası: milli həmrəylik, dövlətçilik və gələcək hədəflər

1992-ci il noyabrın 21-i Azərbaycan tarixinin taleyüklü hadisələri ilə yadda qalan unudulmaz səhifələrindən biridir. Həmin gün ölkəmizin siyasi həyatında yeni bir dövrün başlanğıcını qoyan, gələcəkdə Qurtuluş və Zəfər Partiyası kimi tarixə öz möhürünü vuracaq Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.

Müstəqilliyimizin ilk illərində keçmiş ittifaqın süqutundan sonra ölkənin siyasi meydanında çoxsaylı partiyalar meydana gəlmişdi. Lakin yaranmış mürəkkəb tarixi şəraitdə dövlətçilik maraqlarını xalqın ümumi mənafeyi ilə uzlaşdıran, cəmiyyəti vahid məqsəd ətrafında birləşdirməyə qadir olan güclü siyasi qüvvəyə böyük ehtiyac duyulurdu. Siyasi pafos, şüarçılıq və reallıqdan uzaq vədlər üzərində qurulan təşkilatlar xalqın gözləntilərinə cavab verə bilmirdi. Azərbaycan cəmiyyəti yeni siyasi düşüncəyə, möhkəm ideoloji dayaqlara, dövlətçilik məsuliyyətini üzərinə götürə biləcək liderə və etibarlı siyasi platformaya ehtiyac duyurdu. Məhz belə bir taleyüklü məqamda Cənubi Qafqazın sonrakı siyasi tarixində ən nüfuzlu siyasi təşkilatlardan birinə çevriləcək Yeni Azərbaycan Partiyası meydana gəldi. Bu ölkənin gələcəyinə dair ciddi ictimai tələbin, xalqın siyasi gözləntilərinin və yeni dövlətçilik fəlsəfəsinə olan ehtiyacının ifadəsi idi. Partiyanın məramı və məqsədi xalqa xidmət, dövlət müstəqilliyinin qorunması, milli dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın tərəqqisinə xidmət etməkdən ibarət idi.
Bir qrup mütərəqqi ziyalımız xalqın arzu və istəklərini rəhbər tutaraq böyük cəsarət və vətəndaş məsuliyyəti nümayiş etdirdi, Ulu öndər Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş etdi. Bu müraciət xalqın Heydər Əliyev şəxsiyyətinə olan inamının, onun siyasi təcrübəsinə və liderlik qüdrətinə bəslədiyi ümidlərin ifadəsi idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi. Ümumilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi, Siyasi Şura və İdarə Heyəti formalaşdırıldı, sədr müavinləri müəyyənləşdirildi.
Yeni Azərbaycan Partiyası xalqın etimadından doğan böyük siyasi hərəkat kimi tarix səhnəsinə çıxdı. Qısa müddət ərzində böyük populyarlıq və nüfuz qazanan Yeni Azərbaycan Partiyası sıralarını genişləndirdi. Ölkəmizin ən ağır siyasi böhranla üzləşdiyi, müstəqilliyin itirilməsi təhlükəsinin yarandığı, milli maraqların tapdandığı, vətəndaş itaətsizliyinin, silahlı qarşıdurmaların və etnik separatizmin baş qaldırdığı bir dövrdə xalqın tələbi və iradəsi ilə Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gəldi. Bununla da itirilmək təhlükəsi ilə üz-üzə qalan müstəqilliyimiz böyük azərbaycanlının siyasi iradəsi ilə qorundu, qanunun aliliyi təmin edildi, ölkədə ictimai-siyasi sabitlik və asayiş bərpa olundu. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycan tarixindəki ən mühüm səhifələrindən biri oldu. Bunun ardınca hər bir azərbaycanlının ümid və inam ünvanına çevrilən, qapısı hər kəsin üzünə açıq olan YAP xalqın yaddaşında xilaskar, Qurtuluş Partiyası kimi yer aldı. Ümummilli Lider Heydər Əliyev xalqımızı ağır sınaqlardan qoruyaraq dövlətimizin siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratdı, adını tariximizin və xalqımızın yaddaşına əbədi həkk etdirdi.
Sonrakı illərdə Prezident İlham Əliyevin sədrliyi ilə YAP yeni inkişaf mərhələsinə qədəm qoyaraq genişmiqyaslı islahatların, müasir çağırışların və dövlətçilik strategiyasının həyata keçirilməsində fəal iştirakını davam etdirdi. Keçirilən qurultaylar partiyanın təşkilati strukturunun təkmilləşdirilməsinə, fəaliyyət istiqamətlərinin yenilənməsinə, cəmiyyətlə əlaqələrinin genişləndirilməsinə və yeni nəslin siyasi proseslərə cəlb olunmasına zəmin yaratdı. Hər bir qurultay qarşıya yeni vəzifələr qoyaraq partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolunu və məsuliyyətini müəyyənləşdirdi. Bu da partiyanın zamanın tələblərinə uyğun yeniləndiyini, dəyişən ictimai-siyasi şəraitə çevik uyğunlaşdığını və dövlətçilik maraqlarına xidmət edən fəaliyyətini ardıcıl şəkildə davam etdirdiyini göstərirdi.
Xüsusilə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2021-ci il 5 mart tarixli sərəncamı ilə ölkəmizdə və beynəlxalq miqyasda böyük hörmət və ehtiramla tanınan Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması YAP-ın təşkilati fəaliyyətində yeni istiqamətlərin müəyyənləşməsi baxımından alqışa layiq qərar idi. Çünki fenomen şəxsiyyət kimi Mehriban xanım Əliyevanın bu yüksək vəzifədə təmsil olunması partiyanın təşkilati potensialının genişlənməsinə, fəaliyyətinin yeni istiqamətlər üzrə inkişafına zəmin yaratdı.
Əsrin sonlarında xalqın tribunası kimi yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmiz qarşısında xidmətləri danılmazdır. Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən çıxaran, milli birliyin rəmzi olan YAP xilaskarlıq, qurtuluş estafetini davam etdirərək qalibiyyət partiyasına çevrilib. Qurtuluş estafetinə Zəfərlə möhür vuran Prezident İlham Əliyev fəaliyyəti ilə sübut etdi ki, YAP siyasi təsisat olmaqla yanaşı dövlətçilik ideallarına xidmət edən müqəddəs siyasi məktəbdir. Bütün uğurlarımızda azərbaycançılıq ideologiyasının işığı altında bu məktəbin xidmətləri aydın görünür. Qurtuluşun və Zəfərin siyasi ünvanı olan partiyanın şərəfli fəaliyyəti isə bunun bariz nümunəsidir.

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər