PDF Oxu

Siyasət

  • 980

Yeni Azərbaycan Partiyası: siyasi sabitlik və davamlı inkişafın təminatçısı

Yeni Azərbaycan Partiyası: siyasi sabitlik və davamlı inkişafın təminatçısı

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə bir sıra Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradılıb. 1991-ci ildə 91 nəfər ölkəmizi böhrandan çıxara biləcək Dahi Şəxsiyyətə müraciət edərək yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər.

Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevə edilən bu müraciət yeni tariximizə “91-lər”in müraciəti kimi daxil olmuşdur. Ulu Öndərin vaxtilə xatırlatdığı kimi, o müraciətin altına imzasını qoyan insanların hər biri böyük cəsarət göstəribdir. Müraciətdə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər 1992-ci il oktyabr 16-da müraciətə cavabında bildirirdi ki, “müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi, Partiyanın Nizamnaməsi və Proqramı qəbul olundu. Ulu Öndər yekdilliklə Partiyanın sədri seçildi.
Yeni Azərbaycan Partiyası yaradılması ilə Azərbaycanın siyasi həyatında və dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu, bununla da ölkənin siyasi sistemində də əsaslı dəyişikliklərə yol açıldı. Həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmaların apardığı primitiv siyasi mübarizə əslində siyasi institutlaşmanının yoxluğunun göstəricisi idi. Bu baxımdan, YAP-ın yaranması siyasi sistemə sivil fəaliyyət və həqiqi partiya modelini təqdim etdi.
Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilən YAP ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi, misilsiz uğurların əldə edilməsinə nail oldu. Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasında və sıralarının genişləndirməsində Ümummilli Liderin ən yaxın silahdaşı və layiqli davamçısı olan Prezident İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyət kəsb edir. 1999-cu ildə keçirilən YAP-ın I qurultayında onun Partiya Sədrinin müavini, 2001-ci ildə keçirilən II qurultayında isə birinci müavini seçilməsi dövlət quruculuğunda olan xüsusi xidmətlərinə göstərilən böyük etimadın nəticəsi idi.
Ulu Öndərin siyasi mirasının müzəffər davamçısı Prezident İlham Əliyevin 2005-ci il martın 26-da keçirilən YAP-ın III qurultayında Partiyanın yeni Sədri seçilməsi Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti quruculuğunda yeni mərhələ açdı. Ümumi siyasi ideya və məqsəd ətrafında, vətənə sadiqlik və ümummilli maraqlara sədaqət ruhunda Partiyada birləşən insanların, xüsusilə də gənclərin sayı daha da artdı.
2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayında qəbul edilmiş qərara əsasən, Partiyanın yeni Nizamnaməsi və strukturları təşkil edildi. Nizamnaməyə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva Partiya Sədrinin birinci müavini təyin olundu. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümü olmaqla, Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazın təsdiqlədi.
YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş Proqramla “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı 5 fəsli təsbit olundu ki, bu da YAP-ın müasir inkişaf hədəflərində aparıcı simasını bir daha nümayiş etdirdi.
YAP-ın müəyyənləşdirdiyi yeni 11 strateji hədəf – “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” prinsiplərinə əsaslanır.
Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafını möhkəmləndirmək üçün daim sağlam əməkdaşlıq mühiti təşviq edir, yeni siyasi konfiqurasiyanı formalaşdıran açıq və etibarlı münasibətləri bərqərar edən islahatlar həyata keçirir. Məhz bunun nəticəsidir ki, cəmiyyətdə iqtidar-müxalifət münasibətləri sağlam təməllər üzərində inkişaf etdirilir, siyasi dialoq təcrübəsi zənginləşir.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Partiyanın namizədi cənab İlham Əliyevin seçicilərin 92,12% səsini qazanaraq Prezident seçilməsi ölkə əhalisinin Partiyaya olan etimadının və sarsılmaz məhəbbətinin növbəti təzahürü oldu. Həmin il sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə YAP-ın qanunvercilik orqanında 68 millət vəkili ilə təmsil olunması YAP-ın növbəti parlaq qələbəsi idi. Habelə 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində partiyadan 5855 nəfər bələdiyyə üzvü seçilməsi YAP-ın sarsılmaz nüfuzunu təsdiqlədi.
2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı Azərbaycanın müasir ictimai-siyasi həyatında mühüm və əlamətdar hadisə kimi yadda qaldı. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bildirdiyi kimi, qurultay yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə və ilk dəfə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi. Onun “1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır” fikri YAP-ın yaranmasının yalnız siyasi təşkilat kimi rolunu deyil, Azərbaycanın gələcək inkişaf istiqamətinin müəyyənləşməsində nüfuz və gücünü əks etdirir. Bəyan edildiyi kimi, Partiyanın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.
Qurultayda Prezident İlham Əliyev proqram xarakterli nitqi Partiya qarşısında duran başlıca vəzifələri və gələcəyə yönəlmiş strateji hədəfləri müəyyən etməklə, Azərbaycanın yüksək rifah və inkişafa çatmasında hər bir üzv, eləcə də ölkə vətəndaşları qarşısında məsuliyyət yaradır.

Ramid Namazov
Milli Məclisin deputatı

Digər xəbərlər