PDF Oxu

Siyasət

  • 305

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı – Azərbaycanın müasir inkişaf strategiyasının müəllifi - ŞƏRH

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı – Azərbaycanın müasir inkişaf strategiyasının müəllifi - ŞƏRH

Azərbaycan dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri, müəyyən etdiyi siyasi kurs və formalaşdırdığı dövlətçilik ənənələri xüsusi yer tutur. Onun xalqımız qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın gələcək inkişafının möhkəm təməllərini yaratması, dövlətçiliyin qorunması və ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdir. Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün də Azərbaycanın inkişafında mühüm rol oynayır və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
Heydər Əliyevin siyasi irsi yalnız müəyyən bir dövrün idarəçilik təcrübəsi deyil, həm də Azərbaycan xalqının milli maraqlarına, dövlət müstəqilliyinə, xalq-dövlət birliyinə və davamlı inkişafa əsaslanan böyük bir siyasi məktəbdir. Bu məktəbin əsasını güclü dövlətçilik, milli birlik, sabitlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq prinsipləri təşkil edir. Ulu Öndər yaxşı bilirdi ki, müstəqilliyin qorunması üçün güclü dövlət, düşünülmüş strategiya və xalqın öz rəhbərliyinə inamı vacibdir.
Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanın qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə nail olmuşdur. Ölkədə siyasi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Həyata keçirilən islahatlar Azərbaycanın regionda və dünyada mövqelərinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük tarixi nailiyyətlər əldə etmişdir. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi xalqımızın tarixində yeni bir səhifə açmışdır. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın nümayiş etdirdiyi birlik və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş tədbirlərdən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olunmuşdur.
Bu tarixi hadisələr Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiyanın davamlılığını və dövlətçilik baxımından əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Heydər Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsini dövlətin əsas vəzifələrindən biri hesab edirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsədlərin reallaşması Azərbaycan tarixində mühüm mərhələ kimi yadda qalmışdır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, körpülər, tunellər, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, elektrik stansiyaları və digər infrastruktur obyektləri inşa olunur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Bu proses yalnız ərazilərin yenidən qurulması deyil, həm də tarixi ədalətin bərpası və milli dövlətçilik iradəsinin təntənəsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət də Heydər Əliyevin siyasi irsinin mühüm istiqamətlərini özündə əks etdirir. Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlər qurur. Ölkəmiz beynəlxalq təşkilatlarda fəal iştirak edir, regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı kimi çıxış edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq sahələrində Azərbaycanın artan rolu dövlətimizin beynəlxalq nüfuzunu daha da gücləndirir.
Ulu Öndərin siyasi irsinin davam etdirilməsində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinə sədaqət də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də çıxışlarında milli birliyin, vətənə bağlılığın, tarixi yaddaşın və müstəqil dövlətçilik düşüncəsinin qorunmasının vacibliyini vurğulayır. Çünki güclü dövlətin gələcəyi savadlı, vətənpərvər və məsuliyyətli gəncliyin yetişdirilməsindən asılıdır.
Heydər Əliyevin siyasi irsi Azərbaycanın gələcək inkişafı üçün mühüm yol xəritəsidir. Bu irsin davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açır, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və milli maraqların qorunmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizin müstəqil inkişaf yolunda inamla irəlilədiyini göstərir.
Rəhimə Əliyeva
YAP Ordubad rayon 3 saylı tam orta məktəbin ƏPT-nım sədri

Digər xəbərlər