PDF Oxu

Siyasət

  • 540

AZƏRBAYCAN–VYETNAM münasibətləri: tarixi dostluqdan strateji tərəfdaşliğin yeni mərhələsinə

AZƏRBAYCAN–VYETNAM münasibətləri: tarixi dostluqdan strateji tərəfdaşliğin yeni mərhələsinə

Azərbaycanın xarici siyasət strategiyasında müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması mühüm yer tutur. Bu baxımdan Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnamla münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Təxminən yetmişillik tarixə malik Azərbaycan–Vyetnam əlaqələri bu gün siyasi dialoqun dərinləşməsi, iqtisadi-ticari əməkdaşlığın genişlənməsi, humanitar və mədəni münasibətlərin möhkəmlənməsi ilə səciyyələnən yeni mərhələyə qədəm qoyur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, inkişaf perspektivlərini və gələcək əməkdaşlığın prioritet istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının Vyetnama rəsmi səfəri ərəfəsində verdiyi bu müsahibə, mahiyyət etibarilə, Azərbaycan–Vyetnam münasibətlərinin keçdiyi tarixi yolun təhlili olmaqla yanaşı, tərəfdaşlığın yeni dövr üçün strateji hədəflərini də müəyyənləşdirir.

Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin təməli hələ ötən əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında qarşılıqlı rəğbət və etimadın formalaşmasında mühüm tarixi hadisə olub. Bu səfər yalnız diplomatik təmas deyil, həm də gələcək əməkdaşlığın mənəvi və siyasi əsaslarını müəyyənləşdirən əlamətdar hadisə kimi yadda qalıb.

İki ölkə arasındakı münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri xüsusi yer tutur. Həmin vaxt Sovet İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyən Ulu Öndər Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin onun təşəbbüsü ilə səkkiz günədək uzadılması və Vyetnamın əsas regionlarını əhatə etməsi əməkdaşlığa verilən böyük əhəmiyyətin göstəricisi idi. Səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, gələcək çoxşaxəli əməkdaşlığın istiqamətlərini də müəyyənləşdirdi.

Bu tarixi faktlar Azərbaycan–Vyetnam münasibətlərinin təsadüfi siyasi yaxınlaşma deyil, zamanın sınaqlarından keçmiş dostluq ənənələrinə söykəndiyini göstərir. Məhz həmin möhkəm təməl müstəqillik dövründə də əlaqələrin ardıcıl inkişafına imkan yaradıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri münasibətlərin dövlətlərarası müstəvidə inkişafına mühüm töhfə verib.

Azərbaycan–Vyetnam münasibətlərinin müasir mərhələsində ən mühüm hadisələrdən biri 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri olub. Bu səfər iki ölkə arasında siyasi dialoqun yeni məzmunla zənginləşməsinə və əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə şərait yaradıb. Aparılan danışıqlarda energetika, investisiyalardan müdafiə və kibertəhlükəsizlik sahələri də daxil olmaqla, geniş əməkdaşlıq istiqamətləri müzakirə edilib. Səfərin mühüm nəticəsi Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi olub.

Bu sənəd münasibətlərin gələcək inkişafı baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Çünki strateji tərəfdaşlıq statusu yalnız dövlətlərarası münasibətlərin yüksək səviyyəsini ifadə etmir, həm də qarşılıqlı etimadın möhkəmləndirilməsi, əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi və konkret nəticələrə hesablanmış birgə fəaliyyət üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, tərəflər əməkdaşlığın dərinləşdirilməsində və onun praktiki məzmunla zənginləşdirilməsində qarşılıqlı maraqlıdırlar.

Siyasi münasibətlərin dayanıqlı inkişafı üçün yaradılmış institusional mexanizmlər də xüsusi əhəmiyyət daşıyır. Hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları, parlamentlərarası dostluq qrupları vasitəsilə aparılan dialoq əlaqələrin müxtəlif istiqamətlər üzrə uzlaşdırılmasına xidmət edir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq siyasi əlaqələrin partiyalararası müstəvidə də inkişaf etdiyini göstərir. Bütün bunlar Azərbaycan və Vyetnam arasında münasibətlərin yalnız dövlət başçıları səviyyəsindəki təmaslarla məhdudlaşmadığını, geniş institusional və siyasi əsaslara söykəndiyini təsdiqləyir.

Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə yaxın mövqedən çıxış edir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda qarşılıqlı əlaqələrin mövcudluğu çoxtərəfli əməkdaşlığın əhəmiyyətini artırır. Bu əməkdaşlıq beynəlxalq münasibətlərdə suverenliyə, dövlətlərin ərazi bütövlüyünə, bərabərhüquqlu tərəfdaşlığa və qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan yanaşmaların təşviqi baxımından da önəmlidir.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu göstərici əlaqələrin inkişaf dinamikasını əks etdirsə də, dövlət başçısının vurğuladığı kimi, mövcud potensialı tam ifadə etmir. Hər iki ölkənin iqtisadi imkanları, istehsal və ixrac potensialı, coğrafi mövqeyi və yeni bazarlara çıxış imkanları qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Energetika sahəsi Azərbaycan–Vyetnam iqtisadi əməkdaşlığının tarixi baxımdan formalaşmış və bu gün də aktuallığını qoruyan əsas istiqamətlərindəndir. Sovet İttifaqı dövründən etibarən neft sənayesi iki ölkə arasında əməkdaşlığın mühüm sahələrindən biri olub. Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi bu ənənənin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur. Bu istiqamətdə əlaqələrin genişləndirilməsi hər iki ölkənin enerji sektorunda mövcud təcrübə və imkanlarından daha səmərəli istifadə etməsinə şərait yarada bilər.

İqtisadi münasibətlərin inkişafında investisiya əməkdaşlığı da mühüm yer tutur. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakına marağın artması bu baxımdan diqqətəlayiqdir. “ROX Group” şirkətinin tikinti, infrastruktur, Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın ənənəvi sahələrlə məhdudlaşmadığını nümayiş etdirir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması bu marağın konkret əməkdaşlıq müstəvisinə keçməsinin göstəricisidir.

Azərbaycanın iqtisadi və investisiya mühitinin əlverişli olması, müasir infrastruktur imkanları, enerji resursları və regional nəqliyyat əlaqələrində artan rolu Vyetnam şirkətləri üçün yeni imkanlar açır. Eyni zamanda, Vyetnamın sənaye və istehsal sahələrində əldə etdiyi nailiyyətlər, kənd təsərrüfatı və texnologiya sektorlarındakı təcrübəsi Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq doğurur. Beləliklə, investisiya münasibətlərinin inkişafı yalnız kapital qoyuluşu deyil, həm də texnologiya, təcrübə və istehsal imkanlarının mübadiləsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemindəki mövqeyi də Vyetnamla əməkdaşlığın genişləndirilməsi üçün mühüm üstünlüklər yaradır. Prezident İlham Əliyevin müsahibəsində tranzit daşımaları ilə bağlı açıqladığı rəqəmlər bu sahədə müsbət dinamikanı aydın göstərir. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu nəticə nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün real imkanların mövcudluğunu təsdiqləyir.

Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq dəhlizlərdə iştirakı Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların təşkili baxımından əlverişli şərait yaradır. Xüsusilə Orta Dəhliz və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bu əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər. Bu marşrutlardan səmərəli istifadə Vyetnamın Avropa bazarlarına çıxış imkanlarını artırmaqla yanaşı, Azərbaycanın tranzit və logistika potensialının daha da güclənməsinə xidmət edəcək.

Prezident İlham Əliyevin Azərbaycanı Cənubi Qafqazın əsas logistika və energetika mərkəzi kimi səciyyələndirməsi ölkəmizin regional və beynəlxalq iqtisadi münasibətlər sistemində artan rolunun ifadəsidir. Bu gün Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, həm də Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat və iqtisadi əlaqələrin inkişafında mühüm iştirakçıdır. Vyetnam kimi dinamik inkişaf edən dövlətlə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin coğrafiyasının şaxələndirilməsi baxımından da əhəmiyyətlidir.

Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də humanitar əməkdaşlığa verilən yüksək qiymətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, humanitar əlaqələr xalqları və dövlətləri birləşdirən möhkəm körpü rolunu oynayır. Bu münasibətlər uzun illər ərzində təhsil təşəbbüsləri, xeyriyyəçilik layihələri və mədəni mübadilə vasitəsilə inkişaf etdirilib. Xüsusilə Heydər Əliyev Fondunun Vyetnamla humanitar münasibətlərin möhkəmləndirilməsindəki fəaliyyəti diqqətəlayiqdir.

Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək verməsi, təhsil proqramlarında iştirakı və digər sosial-humanitar təşəbbüsləri Azərbaycan xalqının dost Vyetnam xalqına münasibətinin əməli ifadəsidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri, eləcə də Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlərin keçirilməsi humanitar münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafına töhfə verib. Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi də bu fəaliyyətin konkret nəticələrindəndir.

Təhsil və elm sahəsində əməkdaşlıq Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Hər iki ölkənin aparıcı universitetləri arasında imzalanmış tərəfdaşlıq müqavilələri və memorandumlar akademik əlaqələrin genişləndirilməsi, elmi təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi üçün imkanlar yaradır. Vyetnam nümayəndələrinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malik olması da Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa verdiyi töhfənin göstəricisidir.

Bu sahədə tarixi ənənələr də kifayət qədər zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında formalaşmış akademik əlaqələrin miqyasını nümayiş etdirir. Həmin məzunların sonradan əldə etdikləri bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltməsi təhsil əməkdaşlığının uzunmüddətli nəticələrini göstərir. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə bu tarixi bağlılığın rəmzi ifadəsinə çevrilib. Açılışın Ho Şi Minin anadan olmasının 135-ci ildönümünə təsadüf etməsi tədbirin tarixi və mənəvi əhəmiyyətini daha da artırıb.

Azərbaycan və Vyetnam arasında mədəni əlaqələr də dostluq münasibətlərinin mühüm tərkib hissəsidir. Bu münasibətlərin tarixi yalnız rəsmi səfərlər və diplomatik təmaslarla deyil, həm də incəsənət, ədəbiyyat və kino sahəsindəki yaradıcı əməkdaşlıqla zəngindir. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib. Bu, Azərbaycan incəsənətinin Vyetnamın həyatına və mədəniyyətinə göstərdiyi marağın erkən nümunələrindən biridir.

Azərbaycan kinematoqrafiyasının tanınmış nümayəndəsi Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda yaşayıb fəaliyyət göstərməsi isə mədəni əməkdaşlığın daha bir mühüm səhifəsidir. Rejissor Vyetnam milli kino məktəbinin formalaşmasına, yerli rejissor və aktyorların yetişdirilməsinə töhfə verib. Onun Vyetnama həsr etdiyi əsərlərdən birinin – “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə Hanoyda təqdimının keçirilməsi bu yaradıcı irsə göstərilən ehtiramın ifadəsidir.

Mədəni mübadilənin müasir mərhələsində Vyetnam Günlərinin təşkili də xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə keçirilən dördüncü Vyetnam festivalının ilk dəfə Bakı ilə yanaşı Qəbələni də əhatə etməsi bu təşəbbüsün coğrafiyasının genişləndiyini göstərir. Eyni zamanda, tanınmış vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi iki xalqın ədəbi-mədəni irsinin qarşılıqlı tanıdılması baxımından əlamətdar hadisədir. Belə təşəbbüslər xalqlar arasında mənəvi yaxınlığın möhkəmlənməsinə, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə və dostluq münasibətlərinin yeni nəsillərə ötürülməsinə xidmət edir.

Dostluğun həqiqi mahiyyəti yalnız uğurlu əməkdaşlıq layihələrində deyil, çətin məqamlarda göstərilən həmrəylikdə də özünü büruzə verir. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının yaratdığı dağıntıların, 2025-ci ildə isə genişmiqyaslı daşqınların vurduğu ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə maliyyə yardımı göstərməsi bunun bariz nümunəsidir. Bu humanitar dəstək Azərbaycan dövlətinin dost ölkələrin üzləşdiyi çətinliklərə həssas münasibətinin, beynəlxalq həmrəylik və qarşılıqlı yardım prinsiplərinə sadiqliyinin ifadəsidir.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi bir daha göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri zəngin tarixi təməl üzərində formalaşaraq müasir dövrün tələblərinə uyğun yeni məzmun qazanır. Bu gün tərəflər arasında əməkdaşlıq siyasi dialoqdan energetikaya, investisiyalardan nəqliyyat-logistikaya, təhsildən humanitar və mədəni mübadiləyə qədər geniş sahələri əhatə edir. Ən mühüm məqam isə mövcud dostluq münasibətlərinin konkret iqtisadi və siyasi nəticələrlə zənginləşdirilməsi üçün hər iki tərəfdə güclü iradənin və qarşılıqlı marağın olmasıdır.

Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada artan iqtisadi və geosiyasi mövqeyi iki ölkə arasında əməkdaşlığın daha geniş regional və beynəlxalq müstəviyə çıxarılması üçün əlverişli zəmin yaradır. Bu baxımdan Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi, biznes və investisiya imkanlarının genişləndirilməsi ilə bağlı fikirlər gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.

Tarixin müxtəlif mərhələlərində sınaqdan çıxmış Azərbaycan–Vyetnam dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsində yeni inkişaf mərhələsinə yüksəlir. Əgər ötən əsrdə bu münasibətlərin təməlini qarşılıqlı hörmət, siyasi etimad və mənəvi yaxınlıq təşkil edirdisə, müasir dövrdə həmin dəyərlər iqtisadi inteqrasiya, investisiya əməkdaşlığı, nəqliyyat əlaqələri və humanitar təşəbbüslərlə daha da möhkəmlənir. Prezident İlham Əliyevin müsahibəsi də məhz bu inkişaf xəttinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını təsdiqləyir.

Şübhəsiz ki, tarixi dostluğun strateji tərəfdaşlığa çevrilməsi Azərbaycan və Vyetnam arasında münasibətlərin gələcəyinə yeni perspektivlər açır. Qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan bu münasibətlər hər iki ölkənin iqtisadi inkişafına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə mühüm töhfə verəcək.

Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, dosent, ƏPT sədri

Digər xəbərlər