PDF Oxu

Siyasət

  • 467

Dövlətçilik salnaməmizin şanlı səhifəsi: Yeni Azərbaycan Partiyası - ŞƏRH

Dövlətçilik salnaməmizin şanlı səhifəsi: Yeni Azərbaycan Partiyası - ŞƏRH

Müasir Azərbaycanın siyasi tarixində elə günlər var ki, onlar təkcə bir təşkilatın deyil, bütöv bir xalqın və dövlətin taleyini müəyyənləşdirir. 1992-ci il noyabrın 21-i məhz belə tarixi dönüş nöqtələrindən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizi dərin siyasi, iqtisadi və mənəvi böhrandan xilas edən, müstəqil dövlətçiliyimizi əbədi və dönməz edən əsas siyasi qüvvə kimi tarixə düşdü.

XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan çox ağır sınaqlarla üz-üzə qalmışdı. Ölkədə hökm sürən xaos, anarxiya, hakimiyyət böhranı, dərinləşən iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü dövlətçiliyimizin mövcudluğunu ciddi təhlükə altına almışdı. Xalqımız bu fəlakətdən çıxış yolunu yalnız zəngin dövlətçilik təcrübəsinə, sarsılmaz siyasi iradəyə və böyük nüfuza malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. 1992-ci ilin oktyabrında 91 nəfər tanınmış Azərbaycan ziyalısının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciət xalqın ürəyindən gələn səsin və tarixi zərurətin ifadəsi idi. Ulu Öndərin həmin müraciətə verdiyi müdrik və qətiyyətli cavab, ardınca isə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində 550-dən artıq nümayəndənin iştirakı ilə keçirilən təsis konfransı yeni siyasi epoxanın başlanğıcını qoydu. Konfransda partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi, Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Beləliklə, qısa müddət ərzində YAP təkcə siyasi partiya kimi deyil, həm də ümummilli ideyalar ətrafında xalqı birləşdirən böyük siyasi məktəb kimi formalaşdı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni mərhələ açdı. Heydər Əliyevin müəllifi olduğu milli dövlətçilik strategiyası və Yeni Azərbaycan Partiyasının proqram müddəaları ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, vətəndaş qarşıdurmasının qarşısının alınmasına və nizami ordunun qurulmasına zəmin yaratdı. Ulu Öndərin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının təməlini qoyaraq ölkəmizi beynəlxalq enerji bazarının mühüm oyunçusuna çevirdi. Eyni zamanda, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, demokratik təsisatların formalaşdırılması və bazar iqtisadiyyatına keçid istiqamətində atılan addımlar dövlətimizin hüquqi və iqtisadi əsaslarını möhkəmləndirdi. Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı bu siyasi təşkilatın strateji missiyasını və cəmiyyətdəki yerini ən dəqiq şəkildə ifadə edirdi.

2003-cü ildən etibarən Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz inkişafının keyfiyyətcə yeni və daha yüksək mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev dövlət idarəçiliyində müasir çağırışlara cavab verən innovativ islahatlar həyata keçirməklə Azərbaycanı regionun lider dövlətinə çevirdi. Ötən illər ərzində ölkə iqtisadiyyatı dəfələrlə artdı, irimiqyaslı infrastruktur layihələri icra olundu, ölkəmizin beynəlxalq nüfuzu və diplomatik çəkisi əhəmiyyətli dərəcədə yüksəldi. Azərbaycan kosmik ölkələr ailəsinə daxil oldu, qlobal nəqliyyat və enerji dəhlizlərinin mərkəzinə çevrildi. Bütün bu uğurların zirvəsində isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan tarixi Qələbə dayanır. Otuz ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi həm Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətinin yerinə yetirilməsi, həm də Prezident İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsi oldu.

Bu gün sıralarında yüz minlərlə fəal vətəndaşı birləşdirən Yeni Azərbaycan Partiyası özünün VII Qurultayında qəbul edilmiş yeni Nizamnamə və struktur islahatları ilə müasir dövrün tələblərinə uyğun yenilənərək fəaliyyətini uğurla davam etdirir. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının icrası YAP-ın hədəflərinin və Azərbaycan dövlətinin gücünün bariz göstəricisidir. 21 Noyabr – Yeni Azərbaycan Partiyasının yaradılması günü xalqımızın milli birliyinin, dövlətçilik iradəsinin və gələcəyə olan sarsılmaz inamının rəmzidir. Heydər Əliyev ideyalarına sadiq qalan və Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız bundan sonra da müstəqil Azərbaycanın daha böyük zirvələr fəth etməsi naminə əzmlə çalışacaqdır.

Sitarə Babayeva

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər