PDF Oxu

Siyasət

  • 365

Yeni Azərbaycan Partiyasının 34 illik yolu müstəqil Azərbaycanın yüksəliş tarixidir - ŞƏRH

Yeni Azərbaycan Partiyasının 34 illik yolu müstəqil Azərbaycanın yüksəliş tarixidir - ŞƏRH

Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.Azərbaycan müstəqillik qazandığı vaxtan 1993-cü ilin ortalarınadək ağır sınaqlarla üzləşmişdi.Həmin dövrdə 91 nəfər vətənpərvər ziyalı ölkənin taleyinin təhlükə altında olduğunu görərək Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Bu müraciət Azərbaycan dövlətçiliyinin xilası naminə ən mühüm siyasi addıma çevrildi. Həmin sənəd milli vicdanın səsi, xalqın öz nicat yolunu tapmaq əzmi idi.
Ulu Öndər Heydər Əliyev həmin müraciəti böyük məsuliyyətlə, dərin siyasi uzaqgörənliklə və xalqın iradəsinə hörmətlə qarşıladı. O, müraciətə verilən cavabında Azərbaycanın ağır vəziyyətini dəqiq təhlil edərək ölkənin gələcək xilas yolunun vahid strategiya, güclü liderlik və milli birlik əsasında mümkün olduğunu qeyd etdi. Ulu Öndər bilirdi ki, Azərbaycan belə həlledici anda xalqın iradəsindən doğan bu çağırışa susa bilməz. Onun bu addımı dövlətçiliyin bərpasının başlanğıcı və Yeni Azərbaycan Partiyasının yaranmasının ideoloji mənşəyi oldu. Məhz həmin müraciət əsasında Yeni Azərbaycan Partiyasının təsis olunmasına gətirib çıxardı. 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransı Azərbaycan siyasi həyatında təməl hadisəyə çevrildi. Bu konfrans dövlətçilik düşüncəsinin yenidən dirçəlişi, idarəetmənin milliləşməsi, milli təhlükəsizliyin təmin edilməsi üçün konseptual dönüş nöqtəsi idi. Yeni Azərbaycan Partiyası yaranan andan etibarən xalqın səsinə cavab verən, ölkənin gələcəyi üçün məsuliyyət daşıyan və dövlətçiliyin qorunması üçün qətiyyət nümayiş etdirən siyasi qüvvə kimi formalaşdı.
Ulu Öndərin böyük uzaqgörənliklə "dünənin, bu günün və gələcəyin partiyası" adlandırdığı Yeni Azərbaycan Partiyası onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi dövründə daha böyük əzmkarlıq, yenilikçilik və dinamizm nümayiş etdirmiş, sıralarını yüz minlərlə yeni üzvlə genişləndirərək sosial bazasını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Xüsusilə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunduğu müasir dövrdə Yeni Azərbaycan Partiyası ölkəmizin ən böyük, ən mütəşəkkil və avanqard siyasi qüvvəsi kimi böyük Zəfərlərimizin möhkəmləndirilməsinə və qüdrətli Azərbaycanın gələcəyinə öz layiqli töhfəsini verməkdədir.
Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi kimi fəaliyyət göstərdiyi 34 il ərzində bütün intellektual, təşkilati və siyasi potensialını dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın rifahının yüksəldilməsinə yönəldərək müstəqillik tariximizə mühüm nailiyyətlərlə daxil olmuşdur. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin liderliyi ilə Azərbaycanın daha da qüdrətlənməsi, iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzumuzun yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu dinamik inkişaf və tərəqqi bu gün ölkəmizin bütün bölgələrində, ictimai həyatın hər bir sahəsində öz əksini tapır.
Böyük fəxr hissi ilə qeyd etmək lazımdır ki, cənab Prezidentimizin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində dağıdılmış şəhər və kəndlərimiz müasir "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulur və keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Azad edilmiş ərazilərimizə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident, Partiyamızın Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevanın müntəzəm səfərləri, hər bir səfər zamanı yeni sosial obyektlərin, infrastruktur layihələrinin, təhsil, səhiyyə və istehsal müəssisələrinin təməlinin qoyulması və istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin və dayanıqlı inkişaf strategiyasının bariz göstəricisidir.
Tarixi Zəfərimizdən və dövlət suverenliyimizin tam bərpasından sonra regionda yaranmış yeni geosiyasi reallıqlar və Azərbaycanın qarşısında açılan geniş strateji üfüqlər bütün sahələrdə olduğu kimi, ölkənin siyasi sistemində, ictimai münasibətlər müstəvisində və partiya quruculuğunda da müasir yanaşmalar, çevik və innovativ idarəetmə mexanizmləri tələb edirdi. Ölkənin aparıcı və ümumxalq etimadına söykənən siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası üzərinə düşən bu tarixi missiyanı və yüksək məsuliyyəti dərindən dərk edərək, zamanın çağırışlarına adekvat şəkildə öz fəaliyyətində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu.
Partiyamızın VIII Qurultayı Azərbaycanın postmüharibə dövründə qarşısında duran yeni geosiyasi reallıqlara, formalaşan yeni milli ideya və strateji inkişaf hədəflərinə uyğun olaraq partiyanın təşkilati strukturunda, idarəetmə fəlsəfəsində və ideoloji fəaliyyətində əsaslı dönüş yaratmışdır. Tarixi Zəfərimizdən sonra yaranmış yeni dövrün tələblərinə cavab verən bu mötəbər Qurultay Yeni Azərbaycan Partiyasının fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, ölkəmizin siyasi sisteminin modernləşdirilməsinə də mühüm töhfə vermişdir. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı dərin məzmunlu, konseptual və proqram xarakterli çıxışı partiyamızın gələcək fəaliyyət strategiyasının nəzəri və praktiki əsaslarını müəyyənləşdirmiş, qarşıya konkret vəzifələr qoymuşdur. Qurultayda qəbul edilən yenilənmiş Nizamnamə və Proqram partiyamızın müasir siyasi idarəetmə standartları əsasında təkmilləşdirilməsinə, təşkilati intizamın və hesabatlılığın yüksəldilməsinə, ölkədə sağlam və konstruktiv siyasi dialoq mühitinin daha da dərinləşdirilməsinə, sıralarımızın kəmiyyətlə yanaşı keyfiyyət baxımından möhkəmlənməsinə və peşəkar, intellektual, müasir dünyagörüşlü kadr potensialının yenilənməsinə güclü təkan vermişdir.
34 illik fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, YAP Azərbaycan dövlətçiliyinin dayağıdır, Ulu Öndərin ideyalarının daşıyıcısıdır, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli inkişaf strategiyasının siyasi təminatçısıdır, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində aparıcı qüvvədir.Bu gün qürurla deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının 34 illik yolu müstəqil Azərbaycanın yüksəliş tarixidir. Xalqımızın Yeni Azərbaycan Partiyasına inamı, etimadı böyükdür.Eləcə də qalib xalqın Zəfər partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra qarşısında duran milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər