PDF Oxu

Siyasət

  • 372

Ağdamın azadlığı Azərbaycan xalqının tarixi Zəfərinin parlaq səhifəsidir - ŞƏRH

Ağdamın azadlığı Azərbaycan xalqının tarixi Zəfərinin parlaq səhifəsidir - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik tarixində milli iradənin, mübarizə əzminin və vətənə bağlılığın təntənəsini ifadə edən mühüm hadisələr xüsusi yer tutur. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad edilməsi də məhz belə tarixi hadisələrdəndir. Həmin gün Azərbaycan xalqının uzun illər davam edən yurd həsrətinə son qoyulması istiqamətində növbəti mühüm addım atıldı. Ağdamın azadlığı yalnız bir rayonun ölkəmizin nəzarətinə qaytarılması deyil, həm də dövlətimizin siyasi və hərbi qüdrətinin, xalqımızın sarsılmaz birliyinin və tarixi ədalətin bərpasının təcəssümü oldu.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam rayonu ağır faciələrlə üzləşmişdi. Bir vaxtlar Qarabağın iqtisadi və mədəni həyatında mühüm mövqeyə malik olan bu şəhər işğal illərində dağıntıların və talanın miqyasına görə dünyanın diqqətini çəkirdi. Yaşayış məhəllələri, ictimai binalar, təhsil və səhiyyə müəssisələri, tarixi-mədəni abidələr məhv edilmiş, şəhərin əvvəlki simasından çox az iz qalmışdı. Ağdamın xarabalığa çevrilməsi təkcə maddi sərvətlərin itirilməsi deyil, həm də xalqımızın mənəvi irsinə vurulmuş ağır zərbə idi.
Bununla belə, nə uzunmüddətli işğal, nə də doğma yurdlarından məcburi köçkün düşmüş insanların üzləşdiyi çətinliklər Azərbaycan xalqının torpaqlarını geri qaytarmaq əzmini zəiflədə bildi. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi potensialın gücləndirilməsi və müasir ordu quruculuğu istiqamətində görülən işlər tarixi Qələbənin əsasını formalaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin payızında həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar regionda yeni reallıqlar yaratdı.
44 günlük Vətən müharibəsi zamanı qazanılmış qələbələr Ermənistanı məğlubiyyəti qəbul etməyə məcbur etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutuldu. Noyabrın 20-də Ağdamın döyüş aparılmadan təhvil verilməsi Azərbaycan Ordusunun hərbi uğurlarının və dövlətimizin qətiyyətli mövqeyinin mühüm nəticəsi idi. Beləliklə, 27 ildən artıq işğal altında qalmış Ağdamda Azərbaycan dövlətinin suverenliyi bərpa olundu.
Ağdamın azad edilməsinin mənəvi əhəmiyyəti də olduqca böyükdür. Bu torpaqlar minlərlə insanın uşaqlıq xatirələrinin, ailə tarixinin, milli adət-ənənələrinin yaşadığı doğma məkandır. Uzun illər məcburi köçkün həyatı yaşamış ağdamlılar üçün 20 Noyabr ümidlərin gerçəyə çevrildiyi, gələcəyə inamın daha da möhkəmləndiyi gün kimi yadda qaldı. Xüsusilə doğma yurdlarını yalnız valideynlərinin xatirələrindən tanıyan gənc nəslin Ağdama qayıtmaq imkanı əldə etməsi bu tarixi hadisənin əhəmiyyətini daha da artırır.
Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma siyasəti Ağdamın gələcək inkişafına geniş imkanlar açır. Dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin canlandırılması və əhalinin doğma torpaqlarına mərhələli şəkildə qaytarılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu proses bir daha göstərir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, eyni zamanda azad edilmiş torpaqlarda davamlı həyatın təmin olunmasına xüsusi önəm verir.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 Noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi də böyük tarixi və mənəvi məna daşıyır. Bu əlamətdar tarix xalqımızın yaddaşında Qələbə sevincinin yaşadılması, gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması və Ağdamın keçdiyi çətin tarixi yolun unudulmaması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün Ağdamın azadlıq tarixindən danışarkən ilk növbədə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edirik. Onların göstərdiyi fədakarlıq, qazilərimizin qəhrəmanlığı və xalqımızın nümayiş etdirdiyi həmrəylik tarixi Zəfərin qazanılmasında həlledici rol oynamışdır.
20 Noyabr Azərbaycan xalqına bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik iradəsi və vətənə sonsuz sədaqət ən çətin sınaqlardan belə qalib çıxmağın başlıca şərtləridir. Ağdamın azadlığı tariximizin şərəfli səhifələrindən biri olaraq daim yaşayacaq, bu torpaqlarda yüksələn üçrəngli bayrağımız isə dövlətimizin qüdrətinin və suverenliyinin rəmzi kimi əbədi dalğalanacaq.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər