PDF Oxu

Siyasət

  • 367

Xalqın iradəsindən doğan siyasi güc – Yeni Azərbaycan Partiyası - ŞƏRH

Xalqın iradəsindən doğan siyasi güc – Yeni Azərbaycan Partiyası - ŞƏRH

Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrün siyasi mənzərəsi ilə məhdudlaşmır, bütövlükdə dövlətçilik tarixinin sonrakı inkişaf istiqamətlərini müəyyən edir. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə mühüm tarixi hadisələrdən biridir. Bu tarix xalqımızın siyasi iradəsinin, milli özünüdərkinin, dövlətçilik təfəkkürünün və gələcəyə olan inamının təcəssümü kimi Azərbaycan tarixində özünəməxsus yer tutur.

Yeni Azərbaycan Partiyasının yaradılması sadəcə yeni siyasi təşkilatın meydana gəlməsi deyildi. Bu, ölkənin ağır siyasi, iqtisadi və sosial böhranla üzləşdiyi, dövlət müstəqilliyinin ciddi təhlükələr qarşısında qaldığı bir zamanda xalqın sabitliyə, güclü liderliyə, milli həmrəyliyə və məsuliyyətli siyasi idarəçiliyə olan ehtiyacının ifadəsi idi. Partiyanın yaranması Azərbaycanın gələcək inkişafı naminə tarixi zərurətdən doğan siyasi qərar, eyni zamanda milli dövlətçilik maraqlarına xidmət edən mühüm təşəbbüs idi.

1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb və taleyüklü sınaqlarla üz-üzə qalmışdı. Dövlət müstəqilliyinin yenicə bərpa edildiyi, Ermənistanın hərbi təcavüzünün genişləndiyi, ölkədə siyasi qarşıdurmanın dərinləşdiyi, iqtisadi tənəzzülün və idarəçilik böhranının hökm sürdüyü bir şəraitdə cəmiyyətin qarşısında mühüm seçim dayanırdı: dövlətçiliyi qoruyub saxlamaq, milli birliyi təmin etmək və ölkəni böhrandan çıxarmaq üçün güclü siyasi iradəyə malik rəhbərliyə ehtiyac var idi. Belə bir tarixi şəraitdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalılar, elm və mədəniyyət xadimləri, tanınmış şəxslər Heydər Əliyevə müraciət edərək onun rəhbərliyi ilə yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Bu müraciət cəmiyyətdə formalaşmış ictimai-siyasi tələbatın, xalqın müdrik və təcrübəli liderə olan inamının aydın ifadəsi idi. 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı nəticəsində Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi. Bu hadisə Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Partiyanın adı da təsadüfi seçilməmişdi. “Yeni Azərbaycan” ifadəsi ölkənin gələcəyinə, müstəqilliyin möhkəmləndirilməsinə, milli maraqlara əsaslanan siyasi kursa və yeniləşən cəmiyyət quruculuğuna ünvanlanmış aydın mesaj idi. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən konstruktiv siyasi fəaliyyətə, milli həmrəyliyə, dövlətçilik prinsiplərinə və xalqın rifahına xidmət edən siyasi xətt müəyyənləşdirdi. Onun qarşıya qoyduğu məqsədlər zamanın sınağından keçərək ölkənin siyasi inkişafının əsas istiqamətlərindən birinə çevrildi.

Yeni Azərbaycan Partiyasının ən mühüm xüsusiyyətlərindən biri onun xalqın iradəsindən və ictimai dəstəyindən qaynaqlanmasıdır. Partiyanın yaranmasını zəruri edən əsas amil cəmiyyətin sağlam qüvvələrinin vahid ideya və məqsəd ətrafında birləşmək arzusu idi. Buna görə də YAP-ın siyasi dayağını hər hansı dar sosial qrup deyil, müxtəlif peşə və yaş kateqoriyalarını təmsil edən, ölkənin taleyinə biganə qalmayan insanlar təşkil etmişlər. Xalqın partiyası olmaq, ilk növbədə, xalqın arzu və istəklərini ifadə etmək, onun problemlərinə həssas yanaşmaq, milli maraqları şəxsi və qrup maraqlarından üstün tutmaq deməkdir. YAP-ın siyasi fəaliyyətinin mahiyyətində də məhz bu prinsip dayanır. Partiya ötən onilliklər ərzində ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayaraq dövlətçilik ideyalarının möhkəmlənməsinə, siyasi sabitliyin qorunmasına, sosial-iqtisadi inkişafın təmin olunmasına və milli həmrəyliyin güclənməsinə töhfə vermişdir. Bu gün Yeni Azərbaycan Partiyasının geniş ictimai dayağa malik olması onun tarixi missiyasına və həyata keçirdiyi siyasi xəttə göstərilən etimadın göstəricisidir. Lakin xalqın partiyası olmaq yalnız keçmiş xidmətlərlə ölçülmür. Bu status daim yenilənən fəaliyyət, cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşmaq, insanlarla sıx ünsiyyət qurmaq, onların problemlərini dinləmək və həllinə töhfə vermək məsuliyyətini də özündə ehtiva edir.

Yeni Azərbaycan Partiyasının tarixi və siyasi kimliyi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və zəngin dövlətçilik irsi ilə bağlıdır. Onun müəyyən etdiyi siyasi kurs Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin, milli maraqların qorunmasının, beynəlxalq nüfuzunun yüksəlməsinin və davamlı inkişafının əsasını təşkil etmişdir. Heydər Əliyevin siyasi fəlsəfəsinin mərkəzində güclü dövlət, müstəqillik, milli birlik, xalq-iqtidar həmrəyliyi və Azərbaycanın tərəqqisi dayanırdı. O, dövlət idarəçiliyində uzaqgörənliyi, siyasi praqmatizmi, prinsipiallığı və yüksək məsuliyyəti əsas meyarlar kimi müəyyənləşdirmişdi. Bu dəyərlər zaman keçdikcə öz aktuallığını qoruyaraq müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi dayaqlarına çevrilmişdir. Prezident İlham Əliyev YAP-ın VIII qurultayındakı çıxışında Ulu Öndərin siyasi xəttinin dəyişməz olaraq qaldığını xüsusi vurğulamışdır. Bu fikir təkcə tarixi varisliyin ifadəsi deyil, həm də Azərbaycanın gələcək inkişafının strateji istiqamətlərinə verilən aydın siyasi qiymətdir. Ulu Öndərin siyasi irsinin yaşadılması keçmişin xatirələrinə ehtiram göstərməklə məhdudlaşmır. Bu irsə sədaqət, ilk növbədə, dövlət maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, müstəqilliyin gücləndirilməsi və ölkənin inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının müasir dövrün çağırışlarına uyğun davam etdirilməsinin parlaq nümunəsidir. Azərbaycanın qazandığı siyasi, iqtisadi, diplomatik və hərbi nailiyyətlər bu siyasi varisliyin real nəticələrini nümayiş etdirir.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında səsləndirdiyi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri partiyanın yaranmasının tarixi əhəmiyyətini dərindən ifadə edir. Bu fikrin mahiyyətində mühüm bir həqiqət dayanır: böyük qələbələr təsadüfən əldə olunmur. Onların arxasında illərlə formalaşan siyasi iradə, ardıcıl dövlətçilik strategiyası, milli birlik, güclü liderlik və xalqın öz dövlətinə inamı dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiyanın fəallarının böyük payı və töhfəsi vardır. Bu, partiya üzvlərinin yalnız siyasi proseslərin iştirakçısı deyil, həm də dövlət quruculuğu prosesinin fəal daşıyıcıları olduğunu göstərir.

Müasir dövrdə siyasi təşkilatın nüfuzu və ictimai etimadı onun üzvlərinin şəxsi keyfiyyətləri, fəaliyyət prinsipləri və cəmiyyət qarşısında məsuliyyəti ilə bilavasitə bağlıdır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü üçün ən mühüm meyar Vətənə sədaqət, dövlətçilik prinsiplərinə bağlılıq və ümummilli maraqları şəxsi maraqlardan üstün tutmaq olmalıdır. Dəyişən dünya, yeni texnologiyalar, qlobal çağırışlar və cəmiyyətin artan gözləntiləri siyasi təşkilatların fəaliyyətində də müasir yanaşmaların tətbiqini zəruri edir. Yeni Azərbaycan Partiyasının gələcək uğurları üçün partiyadaxili münasibətlərin sağlam prinsiplər əsasında qurulması xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında səsləndirdiyi mühüm fikirlərdən biri də qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması ilə bağlıdır. Bu reallıq Azərbaycanın müasir tarixində tamamilə yeni mərhələnin başlanğıcını ifadə edir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin bütün ərazisində bərpa olunması dövlətçilik tariximizin ən mühüm hadisələrindəndir. Bu qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü iqtisadiyyatın, qüdrətli ordunun, beynəlxalq müstəvidə aparılan ardıcıl diplomatik fəaliyyətin və xalqımızın sarsılmaz birliyinin nəticəsidir.

Azərbaycan bu gün artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, regionda yeni geosiyasi reallıqların formalaşmasında mühüm rol oynayan güclü dövlətdir. Qarşıda duran əsas vəzifələr işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın uğurla davam etdirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsidir. Bu yeni mərhələdə Yeni Azərbaycan Partiyasının qarşısında da mühüm vəzifələr dayanır. Partiya öz fəaliyyətini zamanın tələblərinə uyğun təkmilləşdirməli, cəmiyyətlə əlaqələrini daha da gücləndirməli, milli inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak etməli və yeni nəsil siyasi fəalların yetişməsinə xüsusi diqqət yetirməlidir.

Yeni Azərbaycan Partiyasının 34 ilə yaxın dövrü əhatə edən siyasi tarixi Azərbaycanın müstəqillik salnaməsinin mühüm tərkib hissəsidir. Bu tarixdə çətin sınaqlar, mühüm siyasi qərarlar, böyük inkişaf mərhələləri və tarixi qələbələr vardır. Partiyanın keçdiyi yol bir daha sübut edir ki, milli maraqlara əsaslanan, güclü liderlik və xalqın dəstəyi ilə müşayiət olunan siyasi xətt dövlətin davamlı inkişafının mühüm təminatıdır. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü üçün əsas vəzifə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarına sadiq qalmaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasına töhfə vermək, cəmiyyətin etimadını əməli fəaliyyətlə doğrultmaqdır. 21 noyabr 1992-ci ildə Naxçıvanda yaranan Yeni Azərbaycan Partiyası ötən müddətdə böyük tarixi yol keçərək müasir Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrilmişdir. Onun yaranması dünənin tarixi zərurəti, fəaliyyəti bu günün siyasi məsuliyyəti, gələcəyə baxışı isə müstəqil, qüdrətli və davamlı inkişaf edən Azərbaycanın strateji hədəfləri ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu mənada yalnız tarixi qiymətləndirmə deyil, həm də partiyanın qarşısında dayanan missiyanın mahiyyətini ifadə edən siyasi vəsiyyətdir. Dünənin təcrübəsinə söykənərək, bu günün məsuliyyətini daşıyaraq, gələcəyin çağırışlarına hazır olmaq – Yeni Azərbaycan Partiyasının siyasi gücünün, ideoloji bütövlüyünün və davamlı inkişafının əsas şərtidir. 21 noyabr – Azərbaycanın siyasi tarixində xalqın iradəsinin, milli birliyin və dövlətçilik əzminin təntənəsi kimi daim yaşayacaqdır.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər