Qarabağın dilbər guşələrindən biri, zəngin tarixi, qədim mədəniyyəti, özünəməxsus adət-ənənələri, əməksevər insanları ilə tanınan Ağdam təkcə bir şəhər deyil. Ağdam bir elin-obanın yaddaşı, doğma torpaq sevgisinin rəmzi, xalqımızın dözümünün və yenilməz iradəsinin təcəssümüdür.
20 noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Ağdamın uzun illər davam edən işğaldan azad edilərək yenidən öz sahibinə – Azərbaycan xalqına qovuşduğu gündür. Hər il noyabrın 20-də qeyd edilən Ağdam Şəhəri Günü doğma torpağa qayıdışın, tarixi ədalətin bərpasının və gələcəyə inamın bayramıdır.
Bu gün Ağdamın adı çəkiləndə insanın gözləri önündə bir tərəfdən dağıdılmış şəhərin ağrılı mənzərəsi, digər tərəfdən isə yenidən qurulan, həyata qayıdan, gələcəyə doğru addımlayan müasir Ağdam canlanır. Bu iki mənzərə arasında bütöv bir xalqın mübarizəsi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və məcburi köçkünlərimizin illərlə bitməyən yurd həsrəti dayanır.
Şəhərin əsası XVIII əsrdə qoyulub. Tarixi keçmişi, əlverişli coğrafi mövqeyi, münbit torpaqları və zəngin təbii imkanları Ağdamın bölgənin mühüm yaşayış və iqtisadi mərkəzlərindən birinə çevrilməsində böyük rol oynayıb.
Ağdam tarixən özünün inkişaf etmiş kənd təsərrüfatı, üzümçülüyü, taxılçılığı, heyvandarlığı, sənətkarlığı və ticarəti ilə seçilib.
Şəhərin tarixi-mədəni irsində Pənah xanın İmarət kompleksi xüsusi yer tutur. Qarabağ xanlığının banisi Pənahəli xanla bağlı olan bu məkan Azərbaycan tarixinin mühüm səhifələrindən birini özündə yaşadır. Xanoğlu türbəsi, Pənah xanın türbəsi, XIX əsrə aid türbələr, XV əsrə aid sərdabə və digər tarixi abidələr Ağdamın zəngin keçmişinin göstəriciləridir.
Ağdam deyəndə, təbii ki, Qarabağ atları, milli musiqi, muğam, Qarabağ mətbəxi və el-obaya xas qonaqpərvərlik də yada düşür. Bu şəhərin zənginliyi yalnız tikililərində və tarixi abidələrində deyil, həm də insanlarının mənəvi dünyasında, yaddaşında və milli kimliyindədir.
1993-cü il iyulun 23-də Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə təkcə bir şəhərin itirilməsi deyildi. Minlərlə ailənin doğma evindən, ata-baba ocağından, illərlə qurub-yaratdığı həyatından məhrum olması demək idi.
Ağdamın işğalı zamanı şəhərin yaşayış evləri, inzibati binaları, sosial obyektləri, məktəbləri, mədəniyyət müəssisələri və tarixi abidələri dağıdıldı.
27 il ərzində ağdamlılar doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar. Onlar müxtəlif şəhər və rayonlarda məskunlaşsalar da, ürəkləri həmişə Ağdamda qaldı. Hər bir ailənin yaddaşında bir ev, bir küçə, bir həyət, bir bulaq, bir məktəb, bir də doğma torpağa qayıtmaq arzusu yaşayırdı.
2020-ci il Azərbaycan tarixində şanlı Zəfər ili kimi yadda qaldı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun gücünü, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli bəyanat imzalandı.
Beləliklə, 2020-ci il noyabrın 20-də Ağdam şəhəri və rayonun işğal altında olan hissəsi Azərbaycanın nəzarətinə qaytarıldı.
Şəhər hərbi əməliyyatlar aparılmadan və itki verilmədən Azərbaycana qaytarıldı. Lakin bu hadisənin arxasında 44 günlük müharibədə qazanılmış böyük Zəfər, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi dayanırdı.
Noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər. Dövlət başçısı şəhərdə Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı və Ağdam məscidini ziyarət etdi. Bu səfər uzun illər doğma torpaqlarından ayrı düşmüş ağdamlılar üçün böyük sevinc və qürur mənbəyinə çevrildi.
Məhz bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Bu gün Ağdamda həyata keçirilən layihələr sırasında avtomobil və dəmir yollarının, elektrik təchizatı sistemlərinin, su infrastrukturunun, təhsil və idarəetmə müəssisələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin istifadəyə verilməsi bölgədə müasir idarəetmə və təhsil infrastrukturunun formalaşdırılması baxımından əhəmiyyətlidir.
Ağdamın gələcək tarixində ən mühüm hadisələrdən biri də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. Çünki şəhərin həqiqi dirçəlişi yalnız yeni binaların tikilməsi ilə deyil, doğma sakinlərinin öz evlərinə dönməsi, küçələrdə uşaqların səsinin eşidilməsi, məktəblərin, bağçaların, iş yerlərinin və ailə ocaqlarının yenidən canlanması ilə tamamlanacaq.
2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Bu hadisə uzun illər doğma yurd həsrəti ilə yaşayan insanlar üçün yeni həyatın başlanğıcıdır.
Böyük Qayıdış prosesi yalnız insanların yaşayış yerinin dəyişməsi deyil. Bu, tarixi yaddaşın bərpası, milli-mənəvi dəyərlərin yaşadılması, ailə ənənələrinin yenidən doğma torpaqda davam etdirilməsidir.
Artıq Ağdam təkcə keçmişin xatirəsi ilə deyil, həm də gələcəyin böyük quruculuq layihələri ilə gündəmə gəlir.
Bu şəhər 27 il işğal altında qaldı, lakin ağdamlıların qəlbindəki Ağdam sevgisi heç vaxt işğal olunmadı.
Ağdam uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların qəhrəmanlığı sayəsində bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanır. Qazilərimizin sağlamlığı bahasına qazandığımız Zəfər isə gələcək nəsillər üçün şərəf və qürur nümunəsidir.
Bu gün qarşımızda duran vəzifə azad edilmiş torpaqlarımızı qorumaq, quruculuq işlərini davam etdirmək, tarixi abidələrimizi bərpa etmək, milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə ötürməkdir.
Ağdamın yenidən qurulması Azərbaycanın iqtisadi gücünün, dövlətimizin iradəsinin və xalqımızın birliyinin göstəricisidir. Bu şəhərin dirçəlişi bütövlükdə Qarabağın inkişafına, bölgədə davamlı sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
20 noyabr – Ağdam Şəhəri Günü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün bir xalqın həsrətinin sona çatmasının, tarixi ədalətin bərpasının, milli qürurun və yenidən doğuluşun rəmzidir.
Ağdamın hər daşı, hər küçəsi, hər tarixi abidəsi bizə keçmişimizi xatırladır. Yenidən salınan yolları, tikilən evləri, açılan müəssisələri isə gələcəyə inamımızı artırır.
Ən böyük arzumuz odur ki, Ağdamın küçələrindən həmişə uşaqların gülüşü, məktəblərindən şagirdlərin səsi, evlərindən ailə sevinci eşidilsin. Şəhərin hər bir sakini öz doğma yurdunda firavan yaşasın, Ağdamın şöhrəti yenidən bütün Azərbaycana yayılsın.
20 noyabr – Ağdam Şəhəri Günün mübarək, doğma Ağdam!
Qoy Ağdamın səması daim aydın, küçələri abad, evləri işıqlı, insanları xoşbəxt olsun!
Yaşasın azad Ağdam! Yaşasın bütöv Azərbaycan!
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı