PDF Oxu

Siyasət

  • 344

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır - ŞƏRH

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır - ŞƏRH

Azərbaycanın müasir dövlətçilik tarixinin ən mühüm xüsusiyyətlərindən biri siyasi varisliyin qorunması və milli inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirilməsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlət institutlarının formalaşdırılması, iqtisadi potensialın artırılması və milli maraqların qorunması kimi mühüm istiqamətləri əhatə edirdi. 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ağır vəziyyət, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, daxili siyasi böhran və iqtisadi çətinliklər dövlətçilik qarşısında ciddi təhlükələr yaratmışdı. Məhz belə bir zamanda Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkənin gələcək inkişafı üçün yeni mərhələnin başlanğıcı oldu. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sabitliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri Azərbaycanın inkişaf strategiyasının əsas mahiyyətini ifadə edir. Bu siyasi xəttin davam etdirilməsi dövlət müstəqilliyinin qorunması ilə yanaşı, ölkənin bütün sahələrdə güclənməsinə xidmət edib. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı, nəqliyyat infrastrukturunun yenilənməsi, sosial rifahın yüksəldilməsi və müasir ordu quruculuğu istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Azərbaycan beynəlxalq layihələrin fəal iştirakçısına çevrilib, enerji və nəqliyyat sahələrində strateji əhəmiyyətini artırıb. Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsiplərinin yeni dövrün tələblərinə uyğun davam etdirildiyini göstərir.
Bu siyasi xəttin ən mühüm tarixi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu. Uzun illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan diplomatik fəaliyyət, ordunun gücləndirilməsi və iqtisadi imkanların artırılması 2020-ci ildə tarixi Zəfərlə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Şuşanın azad olunması xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi hadisəyə çevrildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində suverenlik bərpa olundu. Bu Qələbə Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü, şəhidlərimizin müqəddəs fədakarlığını və qazilərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri dövlət siyasətinin yeni mərhələsini təşkil edir. Vaxtilə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir yollar, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri istifadəyə verilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı tarixi ədalətin bərpasının mühüm göstəricisidir. Azərbaycan artıq yalnız öz ərazi bütövlüyünü təmin etmiş dövlət kimi deyil, həm də regionda yeni əməkdaşlıq və inkişaf imkanlarının formalaşmasında iştirak edən ölkə kimi çıxış edir.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xəttin davam etdirilməsi ölkənin qarşısında duran yeni vəzifələrin həyata keçirilməsi ilə müşayiət olunur. Bu gün əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərin inkişafını təmin etmək, iqtisadi gücü daha da artırmaq və gələcək nəsillərə müstəqil, suveren, qüdrətli Azərbaycan miras qoymaqdır. Ulu Öndərin siyasi xəttinin dəyişməz qalması fikri də məhz dövlətçilik ənənələrinin, milli maraqların və inkişaf məqsədlərinin davamlılığını ifadə edir.
Səkinə Baxışzadə
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər