Bəzi tarixi hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır. Zaman keçdikcə həmin hadisələrin mahiyyəti daha aydın görünür, qəbul edilən qərarların nə qədər uzaqgörən olduğu daha dərindən dərk edilir. Yeni Azərbaycan Partiyasının yaranması da məhz belə tarixi hadisələrdəndir. Bu, sadəcə bir siyasi təşkilatın təsis edilməsi deyil, Azərbaycanın mürəkkəb bir dövründə dövlətçilik düşüncəsinin, milli iradənin və gələcəyə hesablanmış siyasi strategiyanın formalaşması idi.
Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın siyasi fəaliyyətinin mahiyyətini ifadə etməklə yanaşı, onun keçdiyi yolun fəlsəfəsini də açır. Bu kəlamda keçmişə ehtiram, bu günə məsuliyyət və gələcəyə inam birləşir. Mənim qənaətimcə, Yeni Azərbaycan Partiyasının gücü də məhz bu üç mühüm istiqamətin vəhdətindədir. Çünki YAP-ın tarixi yalnız keçmişin uğurlarından və xatirələrindən ibarət deyil. Bu tarix bu günün siyasi reallıqlarında yaşayır, dövlətimizin inkişaf strategiyasında özünü göstərir və Azərbaycan cəmiyyətinə gələcək üçün istiqamət verir.
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Ölkənin siyasi, iqtisadi və ictimai baxımdan mürəkkəb sınaqlarla üzləşdiyi bir zamanda xalq güclü siyasi iradəyə, təcrübəli rəhbərə və aydın gələcək strategiyasına ehtiyac duyurdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın siyasi iradəsinin ifadəsinə çevrildi.
Bu addım təsadüfi deyildi. Bu, dövlətin gələcəyinə görə məsuliyyət daşıyan insanların düzgün zamanda qəbul etdiyi tarixi qərar idi. Ulu Öndərin siyasi müdrikliyi, dövlətçilik təcrübəsi və xalqın ona olan inamı Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Mən düşünürəm ki, siyasi tarixdə ən mühüm məqam yalnız qərar qəbul etmək deyil, həmin qərarın xalqın və dövlətin gələcəyinə necə təsir göstərəcəyini əvvəlcədən görə bilməkdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi də məhz belə uzaqgörənliyin nəticəsi idi.
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri bu tarixi həqiqəti bir daha təsdiqləyir. Bu sözlər partiyanın yaranmasını sonrakı dövlətçilik uğurlarından ayrı təsəvvür etməyin mümkün olmadığını göstərir. Çünki həmin dövrdə müəyyənləşdirilən siyasi istiqamət sonrakı illərdə Azərbaycanın sabitliyinə, inkişafına, güclənməsinə və tarixi Zəfərinə aparan yolun mühüm əsaslarından birinə çevrildi.
Hər bir dövlətin inkişafında siyasi varislik və strateji ardıcıllıq mühüm əhəmiyyət daşıyır. Lakin siyasi varislik yalnız əvvəlki dövrün ideyalarını təkrarlamaq deyil. Əsl varislik həmin ideyaları qorumaqla yanaşı, dövrün tələblərinə uyğun inkişaf etdirmək, yeni çağırışlara cavab verən qərarlar qəbul etmək bacarığıdır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu ardıcıllığın mahiyyətini aydın ifadə edir. Müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldıqda bu siyasi xəttin nəticələrini aydın görmək mümkündür. Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq nüfuzunun artması, müdafiə qüdrətinin möhkəmləndirilməsi və milli maraqların qətiyyətlə qorunması vahid dövlət strategiyasının tərkib hissələridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu ən mühüm milli məqsədlərdən birinə – ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail oldu. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın iradəsinin, Ordumuzun gücünün və dövlətimizin siyasi qətiyyətinin təntənəsi idi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Bu nailiyyətlər yalnız hərbi uğur kimi qiymətləndirilməməlidir. Bu, onilliklər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, iqtisadi və hərbi gücün artırılmasının, diplomatik fəaliyyətin və xalq-dövlət birliyinin məntiqi nəticəsidir. Mənim üçün bu tarixi hadisələrin ən mühüm tərəflərindən biri də xalqımızın uzun illər ürəyində yaşatdığı arzunun reallığa çevrilməsi, üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanmasıdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, doğma yurdlarına qayıdan insanların həyatının yenidən qurulması Zəfərin davam edən tarixi nəticələridir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyət daşıyan hadisədir. Bu qurultayın əhəmiyyəti yalnız partiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Onun əsas məzmununda Azərbaycanın keçdiyi tarixi yolun qiymətləndirilməsi, əldə olunmuş nailiyyətlərin qorunması və yeni dövrün vəzifələrinin müəyyənləşdirilməsi dayanır.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir” fikri bu tədbirin tarixi mahiyyətini ifadə edir. Həqiqətən də, Azərbaycan artıq əvvəlki dövrün siyasi və geosiyasi reallıqları ilə deyil, öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qalib dövlət kimi yeni vəzifələrlə üz-üzədir. Bu yeni mərhələ daha böyük məsuliyyət, daha geniş strateji baxış və çevik siyasi yanaşma tələb edir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak etmək mənim üçün də əlamətdar və məsuliyyətli bir təcrübə idi. Belə mühüm siyasi platformada olmaq, ölkəmizin gələcək inkişaf istiqamətləri ilə bağlı səsləndirilən fikirləri birbaşa dinləmək və partiyanın qarşısında dayanan vəzifələri yaxından izləmək bir daha göstərdi ki, siyasi mənsubiyyət yalnız üzvlük vəsiqəsi ilə ölçülmür. Bu, eyni zamanda, daşıdığın ideyalara sədaqət, dövlətə bağlılıq və üzərinə düşən məsuliyyəti dərk etməkdir. Qurultayda iştirakım mənim üçün partiyanın keçdiyi tarixi yola və qarşıdakı hədəflərinə daha geniş prizmadan baxmaq imkanı yaratdı.
Yeni Azərbaycan Partiyasının Proqramında müasir tendensiyaların və regionda yaranmış yeni reallıqların nəzərə alınması da məhz zamanın tələbidir. Çünki dünya sürətlə dəyişir. Beynəlxalq münasibətlər sistemində yeni yanaşmalar formalaşır, texnoloji inkişaf cəmiyyətin həyatına ciddi təsir göstərir, iqtisadi və siyasi münasibətlər yeni məzmun qazanır. Belə bir şəraitdə Azərbaycanın qarşısında dayanan vəzifələr də genişlənir. Dövlətin gücünün daha da artırılması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi mühüm prioritetlər sırasındadır.
Mənim fikrimcə, Proqramın əhəmiyyəti onun yalnız bugünkü vəzifələri əks etdirməsində deyil, gələcək inkişafın istiqamətlərini müəyyənləşdirməsindədir. Hər bir siyasi sənəd zamanın nəbzini tutmalı, cəmiyyətin ehtiyaclarını nəzərə almalı və qarşıdakı illərin hədəflərinə cavab verməlidir. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri də xüsusi diqqətə layiqdir. Bu yanaşma milli maraqların bütün digər maraqlardan üstün tutulmasının vacibliyini ifadə edir. Azərbaycanın müasir tarixində əldə etdiyi ən böyük nailiyyətlərdən biri xalqımızın taleyüklü məsələlərdə nümayiş etdirdiyi birlik və həmrəylikdir. Vətən müharibəsi zamanı xalqın, dövlətin və Ordunun vahid məqsəd ətrafında birləşməsi bunun ən parlaq nümunəsi oldu.
Bu birlik yalnız müharibə dövründə deyil, ölkəmizin gələcək inkişafı, suverenliyimizin qorunması, milli maraqlarımızın müdafiəsi və dövlətimizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Mən hesab edirəm ki, hər bir vətəndaşın dövlət qarşısında məsuliyyəti yalnız sözlə ifadə olunmamalıdır. İnsan öz işi, davranışı, mövqeyi və cəmiyyətə verdiyi töhfə ilə dövlətinə xidmət etməlidir. Partiya üzvü olmaq da yalnız bir siyasi təşkilata mənsubiyyət demək deyil. Bu, eyni zamanda, təmsil etdiyin ideyalara sədaqət, məsuliyyətli davranış və ictimai etimadı doğrultmaq öhdəliyidir.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında ölkəmizin son illərdə əldə etdiyi uğurlu və şərəfli yolda partiya fəallarının böyük payı və töhfəsi olduğunu xüsusi qeyd etməsi də bu baxımdan əhəmiyyətlidir. Dövlətin və partiyanın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində hər bir fəalın öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsi vacibdir.
Mən təhsil və məktəbəqədər təhsil sahəsində çalışan bir insan kimi gələcək nəsillərin yetişdirilməsi məsuliyyətini də xüsusi hiss edirəm. Vətənə bağlılıq, milli kimlik, dövlət rəmzlərinə hörmət və vətəndaşlıq mövqeyi uşaqlara kiçik yaşlardan aşılanmalıdır. Çünki güclü dövlətin gələcəyi yalnız bugünkü siyasi və iqtisadi qərarlarla deyil, həm də sabahın vətəndaşlarının necə yetişdirilməsi ilə müəyyən olunur.
Yeni Azərbaycan Partiyasının bu gün qarşısında dayanan əsas vəzifələrdən biri əldə edilmiş tarixi nailiyyətləri qorumaqla yanaşı, Azərbaycanın gələcək inkişafına xidmət edən yeni təşəbbüslərin həyata keçirilməsinə töhfə verməkdir. Qalib Azərbaycanın qarşısında indi yeni hədəflər dayanır. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi imkanların genişləndirilməsi, sosial rifahın yüksəldilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması bu hədəflərin mühüm istiqamətləridir.
Mənim qənaətimcə, bir partiyanın gələcəyə aid olması onun adında deyil, zamanla ayaqlaşmaq, cəmiyyətin etimadını doğrultmaq, milli maraqlara xidmət etmək və qarşıya qoyulan məqsədləri həyata keçirmək bacarığındadır. Yeni Azərbaycan Partiyasının keçdiyi siyasi yol bu baxımdan mühüm təcrübə formalaşdırıb.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə davam edir. Bu yolun başlıca mahiyyəti güclü Azərbaycan dövlətinin qorunması, milli maraqların müdafiəsi, xalqın rifahının yüksəldilməsi və müstəqilliyimizin əbədi olmasıdır.
Mən bu siyasi yolun ən mühüm dəyərini davamlılıqda, milli birliyə söykənməsində və gələcəyə inam yaratmasında görürəm. Çünki tarix yalnız xatırlanmaq üçün deyil, ondan nəticə çıxarmaq, bu günü daha düzgün qurmaq və gələcək nəsillərə möhkəm dövlətçilik irsi ötürmək üçün yaşadılmalıdır.
Yeni Azərbaycan Partiyasının tarixi keçmişdə qalan bir siyasi salnamə deyil. Bu tarix bu gün Azərbaycanın siyasi həyatında yaşayır, dövlətimizin inkişaf strategiyasında özünü göstərir, cəmiyyətimizin milli birliyinə və gələcəyə inamına istiqamət verir. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı məhz bu baxımdan zamanın sınağından çıxmış siyasi həqiqətdir.
Dünən bu partiyanın yaranması tarixi zərurət idisə, bu gün onun qarşısında dayanan vəzifə qalib Azərbaycanın inkişafına töhfə vermək, sabah isə daha güclü, daha qüdrətli və daha firavan Azərbaycanın qurulmasında öz məsuliyyətini davam etdirməkdir. Tarixdən güc alan, bu günün məsuliyyətini daşıyan və gələcəyə inamla addımlayan siyasi yolun mahiyyəti də elə budur.
Səriyyə Əhmədova
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı “Babək məhəlləsi 8” ünvanında yerləşən ərzi partiya təşkilatının sədri,
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının fəal üzvü