PDF Oxu

Siyasət

  • 289

Tarixi başlanğıcdan Zəfər zirvəsinə uzanan yol - ŞƏRH

Tarixi başlanğıcdan Zəfər zirvəsinə uzanan yol - ŞƏRH

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaranması ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirən mühüm hadisələrdən biri kimi xüsusi yer tutur. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya mürəkkəb və ziddiyyətli bir dövrdə xalqın sabitlik, güclü dövlətçilik və müstəqil gələcək arzularının ifadəsinə çevrildi. Həmin vaxt Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi çətinliklər yaşayır, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğala məruz qalırdı. Belə bir şəraitdə Heydər Əliyevin ətrafında birləşən ziyalılar və ölkənin müxtəlif bölgələrindən olan insanlar Azərbaycanın gələcəyinə dair ortaq mövqe nümayiş etdirdilər. Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkənin siyasi həyatında yeni bir mərhələnin əsası qoyuldu.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri partiyanın yaranmasının tarixi əhəmiyyətini ifadə edir. Bu fikrə nəzər saldıqda aydın görünür ki, 1992-ci ildə qoyulan siyasi təməllə sonrakı illərdə Azərbaycanın keçdiyi inkişaf yolu arasında mühüm bağlılıq var. Ulu Öndər Heydər Əliyev ölkədə dövlətçiliyin qorunması, siyasi sabitliyin yaradılması, iqtisadiyyatın inkişafı və milli maraqların müdafiəsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. Onun müəyyən etdiyi strategiya müstəqil Azərbaycanın möhkəmlənməsinə, beynəlxalq əlaqələrinin genişlənməsinə və gələcək uğurlar üçün zəruri imkanların formalaşmasına xidmət etdi.
2003-cü ildən etibarən Prezident İlham Əliyev bu siyasi kursu davam etdirərək Azərbaycanın inkişafında yeni mərhələ yaratdı. Ölkənin iqtisadi potensialı artdı, geniş infrastruktur layihələri həyata keçirildi, müdafiə qabiliyyəti gücləndirildi, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal tərəfdaş kimi mövqeyini genişləndirdi. Bütün bu proseslərdə Yeni Azərbaycan Partiyasının fəallarının, üzvlərinin və müxtəlif sahələrdə çalışan nümayəndələrinin də fəaliyyəti xüsusi yer tutdu. Prezident İlham Əliyevin qurultaydakı çıxışında partiya fəallarının ölkənin uğurlu və şərəfli yoluna verdiyi töhfəni vurğulaması da bu fəaliyyətin əhəmiyyətini göstərir.
Azərbaycanın ən böyük tarixi sınaqlarından biri isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan mübarizə oldu. Uzun illər davam edən danışıqların nəticəsiz qalması, Ermənistanın təxribatları və yeni ərazilər ələ keçirmək cəhdləri 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanmasına gətirib çıxardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Şuşanın azad olunması Zəfərin ən mühüm səhifələrindən birinə çevrildi. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin və uzun illər qoruduğu Vətən sevgisinin təntənəsi idi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazilərində suverenliyi tam bərpa edildi. Bu tarixi hadisələr şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və əsgərlərimizin qəhrəmanlığı hesabına mümkün oldu.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri qazanılmış Zəfərin davamı kimi diqqət çəkir. Bir vaxtlar dağıntılar içində qalan şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu torpaqlarda həyatın yenidən canlanması Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinin real göstəricisidir.
Yeni Azərbaycan Partiyasının təsis edilməsindən ötən illər ərzində ölkəmiz müstəqilliyin qorunmasından ərazi bütövlüyünün bərpasına qədər böyük bir tarixi yol keçib. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən inkişaf strategiyası bu yolun əsas istiqamətlərini müəyyən edib. 21 noyabr tarixi isə həmin yolun başlanğıcını, siyasi irs və dövlətçilik ənənələrinin davamlılığını xatırladır. Partiyanın keçdiyi tarixi mərhələlərə nəzər saldıqda bir həqiqət aydın görünür: Azərbaycanın bugünkü reallıqları uzun illər ərzində görülən işlərin, xalqın iradəsinin və dövlət qarşısında müəyyənləşdirilən strateji hədəflərin nəticəsidir.

Elçin Salahov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər