PDF Oxu

Siyasət

  • 9

Regionların sosial-iqtisadi inkişafında yeni mərhələ

Regionların sosial-iqtisadi inkişafında yeni mərhələ
Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında, həmçinin, onun beynəlxalq nüfuzunun artırılmasında böyük inkişaf mərhələsi olan 1993-2003-cü illərdə neft strategiyası tədbirlərinin ardıcıl gerçəkləşdirilməsi, ölkə iqtisadiyyatında düşünülmüş islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafına güclü dəstək verilməsi, respublikanın ümumi tərəqqisi üçün bütün zəruri infrakstruktur sistemlərinin yaradılması, xalqın rifahının yüksəldilməsi və əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılması, xarici şirkətlər üçün əlverişli investisiya mühitinin bərqərar edilməsi və qeyri-neft sektoru sahələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən möhtəşəm işlər Azərbaycanın tezliklə ümumi iqtisadi dirçəlişini təmin etdi.
Son illər ölkənin hərtərəfli yüksək inkişafını səciyyələndirən məlum faktları sadalamadan təkcə onu qeyd etmək kifayətdir ki, tərəqqi yolunu inamla davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrinin yüksək səviyyəyə qaldırılmasına nail oldu. Möhtəşəm neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi vaxtında başa çatdırıldı. Bu nəhəng layihələrin reallaşması ilə əlaqədar Azərbaycan öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, neft xammalının dünya bazarlarına çıxarılması nəticəsində ölkənin maliyyə ehtiyatlarının xeyli artırılmasına nail oldu və respublikanın inkişaf imkanları daha da genişləndi.
Yeni şəraitdə ölkənin daha sürətli və hərtərəfli inkişafını təmin etmək üçün sahibkarlıq fəaliyyətinin genişləndirilməsi əsasında regionların sosial-iqtisadi inkişafi vəzifəsi ön plana çəkildi. Bu böyük məqsədə nail olmaq üçün cənab İlham Əliyev hələ Nazirlər Kabinetinin sədri olarkən ölkədə qarşıdakı 5 il ərzində 600 min yeni iş yerinin yaradılmasını təmin etməyin mümkünlüyünü bildirdi. Prezident seçildikdən sonra isə ölkə əhəmiyyətli mühüm sənədlərdən birini- 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı barədə Dövlət Proqramını təsdiq etdi.
Dövlət Proqramının həyata keçirilməsi nəticəsində regionların malik olduğu zəngin maddi sərvətlərdən və əmək ehtiyatlarından istifadə etmək əsasında qeyri-neft sektorunun mühüm sahələrinin inkişafının sürətləndirilməsinə, xidmətin və geniş infrastruktur təminatının, habelə, onların keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, əlverişli investisiya mühitinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və yoxsulluğun azaldılmasına nail olundu. Bu zəruri tədbirlərin həyata keçirilməsi ilə regionlarda məhsuldar qüvvələrin ümumi artım imkanları əsaslı surətdə genişləndirildi.
Ölkə Prezidenti cənab İlham Əliyev birinci Dövlət Proqramının davamı olaraq 14 aprel 2009-cu ildə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında yeni Fərman imzaladı. Ölkə rəhbəri qeyd edirdi ki, əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Bu iki proqram arasında prinsipial fərq ondan ibarətdir ki, birinci proqramda üstünlük infrastruktur sisteminin əsaslı surətdə yenidən qurulmasına verilirdisə, ikinci proqramda bu işi davam etdirməklə ölkənin təbii və əmək potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulurdu. Başqa sözlə, ikinci proqramda bu gün regionların sosial-iqtisadi inkişafı üçün çox vacib olan istehsalın müxtəlif sahələrinin inkişafı məsələsi ön plana çəkilir.
Bununla əlaqədar olaraq yeni proqramda sahibkarlıq mühitinin yaxşılaşdırılması və onun inkişafının daha da stimullaşdırılması, investisiyaların qoyulması işinin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının artırılmasına xüsusi diqqət yetirilməsi tələb olunur. İstehsalın gözlənilən sürətli inkişafının nəticəsi olaraq əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və yoxsulluğun azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi yenə də əsas vəzifə kimi irəli sürülür.
Yeni Proqramda 1000-dən artıq tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Onların bir qismi ölkə təyinatlı ümumi tədbirlərdir. Bu cəhətdən büdcə-kredit və pul-vergi siyasətinin daha da təkmilləşdirilməsi, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, yol təsərrüfatı və nəqliyyat, meliorasiya və irriqasiya fəaliyyətinin yaxşılaşdırılması, əhalinin təhlükəsizliyinin qorunması, sosial müdafiə işinin gücləndirilməsi və digər tədbirləri göstərmək olar.
Bundan başqa, hər ərazinin öz tələbatından irəli gələn ümumi tədbirlər müəyyən edilib. Sonra müvafiq əraziyə daxil olan bütün inzibati rayonlar üzrə 800-dən çox görüləcək işlər göstərilir. Bu yazıda əsasən istehsal xarakterli tədbirlər, xüsusən, sənayenin inkişafı ətrafında müəyyən məsələlər şərh ediləcək və yeri gəldikcə onlar ətrafında mülahizələr söylənəcəkdir.
Proqramda bir sıra iqtisadi rayonlarda (Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Dağlıq Şirvan) ümumi gücü 100 MVT olan kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Bu stansiyalar yerli tələbatın ödənilməsində əhəmiyyətli rol oynamaqla, həm də enerji itkisini minimuma endirəcək. Taxtakörpü, Şəmkirçay və Füzuli rayonunda tikilən su bəndləri üzərində qurulacaq su elektrik stansiyalarını da nəzərə alsaq, ölkənin əksər rayonlarında bu mühüm sahənin güclü yerli potensialı yaranacaq.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında çaylar üzərində kiçik su elektrik stansiyaları tikməklə yanaşı, Ordubad və Culfa rayonlarının Arazboyu düzənlik sahələrində alternativ enerji mənbəyi kimi külək elektrik qurğuları, həmcinin günəş enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyalarının tikilməsi həyata keçiriləcək. Prezident İlham Əliyev ölkədə yeni müasir neft emalı və neft-kimya müəssisələrinin tikilməsi məsələsini də irəli sürüb.
Yeni proqramda ölkə regionlarında çox əhəmiyyətli sənaye sahələrinin inkişafı dövlət tərəfindən istehsalın səmərəli təşkili nöqteyi-nəzərindən geniş dəstəklənir. Bu cəhətdən yerli təbii sərvətlər əsasında Gəncə-Qazax regionunda metallurgiya, maşınqayırma, energetika və digər sahələrin, ilk növbədə, milli mənafelərə uyğun istiqamətdə inkişafının təşviq edilməsinin nəinki regionun, eyni zamanda, bütün ölkənin sosial-iqtisadi tərəqqisində böyük müsbət dəyişikliklər yaradacağı xüsusi qeyd edilməlidir.
Məsələ ondadır ki, müstəqilliyə qədərki dövrdə regionun zəngin faydalı qazıntıları xammal kimi çıxarılırdı, ilkin emalından sonra çox gəlir verən, yüksək əməktutumlu və istehsalın daha böyük həcmdə təşkilinə səbəb olan hazır məhsullar buraxan mərhələsi isə respublikadan kənar yerlərdə həyata keçirilirdi.
Hazırda istehsalın inkişafı əsasən ölkənin maraqlarına müvafiq olaraq, yerli sərvət imkanlarına, onun səmərəli təşkili prinsiplərinə uyğun qurulur. Artıq alunit yataqlarının saflaşdırılmasından (Gəncə gil-torpaq kombinatı) sonra, onun əsasında ilkin istehsal gücü ildə 100 min ton olacaq Gəncə alüminium zavodu tikilir.
Daşkəsən dəmir filizinin ilkin emalı nəticəsində alınan xammal əsasında Gəncədə illik istehsal gücü 1 milyon ton olacaq prokat kompleksi minlərlə işçini əhatə edəcək və şəhərin ən iri müəssisələrindən biri olacaq. 2009-cu il mayın 26-da Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodu yerli sərvətlər əsasında fəaliyyətə başladı. Mütəxəssislərin tədqiqatlarına görə, Gədəbəy yataqlarında təxminən 22 ton qızıl, 192 ton gümüş və 37 min ton mis ehtiyatları vardır. Bu zavodda da təkcə xammal istehsal edilməyəcək, son məhsul hazırlanacaq.
Belə görünür ki, Gəncə şəhəri qarşıdakı illərdə də ağır sənaye mərkəzi kimi öz inkişafını davam etdirəcək. Gəncə avtomobil zavodunda avtomobillər, traktorlar istehsalı, Gəncə cihazqayırma zavodunda sayğac və s. məhsulların istehsalı xeyli genişləndirilib. Qarşıdakı illərdə Azərbaycanın bütün regionları kimi, Gəncə şəhərində də ənənəvi yüngül və yeyinti sənayesi sahələrinin mövcud müəssisələri yeni texnologiyalar əsasında xeyli genişləndiriləcək.
Regionların sosial-iqtisadi inkişafı proqramının vaxtında və yüksək səviyyədə həyata keçirilməsi onların ərazilərindəki müxtəlif tikinti materiallarına olan tələbatın ödənilməsindən çox asılıdır. Bununla əlaqədar olaraq proqramda ölkənin 30-a qədər inzibati rayonunda zəruri tikinti materialları (sement, mərmər, mişar daşı, əhəngdaşı, qum, kərpic xammalı və s.) yataqlarının axtarışı və kəşfiyyatı işlərinin aparılması nəzərdə tutulur.
Yeni proqramda Azərbaycan mühiti üçün çox münasib olan və onun sosial-iqtisadi inkişafında həmişə mühüm yer tutan bir çox ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə və müvafiq emal sənayesi sahələri şəbəkəsinin genişləndirilməsinə böyük önəm verilir. Bu cəhətdən respublikanın 16 rayonunda pambıqçılığa, 6 rayonda baramaçılığa (ipəkçiliyə), 9 rayonda üzümçülüyə, 7 rayonda meyvəçiliyə kənd təsərrüfatının aparıcı sahələri kimi üstünlük verilməsi ölkədə toxuçuluq, konserv, şərəbçılıq sənayesinin geniş miqyasda inkişafına yeni böyük üfüqlər açacaq.
Ümumiyyətlə, ölkənin bu sahədə imkanlarının hərtərəfli qiymətləndirilməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan pambıq və ipək parça toxuculuq məmulatları ilə nəinki öz tələbatını tam ödəyə bilər, eyni zamanda, müasir texnologiyalara əsaslanaraq yüksək keyfiyyətli rəqabətə davamlı ixracyönümlü parça məmulatları istehsalına görə dünya bazarlarında layiqli yer tutar. Bu fikirləri kənd təsərrüfatında üzümçülük, çayçılıq, zeytunçuluq və meyvə-tərəvəzçilik sahələrinin daha böyük həcmdə genişləndirilməsi hesabına müvafiq emal sənayesi məhsulları istehsalını artırmaq barədə də demək olar.
Təqdirəlayiq haldır ki, hazırda ilk dəfə ölkədə ərzaq təhlükəsizliyində mühüm rol oynayan arıçılıq kimi mühüm təsərrüfat sahəsi 9 rayonda kənd təsərrüfatının aparıcı sahələrindən biri səviyyəsində qiymətləndirilr. Bu sahədə əldə ediləcək uğurlar gələcəkdə ölkədə sənaye əsasında bu sahənin daha da geniş miqyasda inkişafına zəmin yarada bilər.
Əmək ehtiyatları sürətlə artan Lənkəranda tikilən dəniz limanı kompleksində yüksək əməktutumlu istehsal sahələrindən olan qayıqlar, o cümlədən, onun bütün növləri (əllə işlədilən, motorlu, yelkənli), çimərlik avadanlıqları və geyimləri üzrə istehsalının təşkili nəinki ölkəmizdə, eyni zamanda, başqa ölkələrdə də böyük tələbat olan məhsullar istehsalını təmin edə bilər.
"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli fərmanının tələblərindən irəli gələn qanunun tətbiq edilməsi də ölkənin bir sıra regionlarında məhsuldar qüvvələrin güclü inkişafına təkan verəcək. Bu, xüsusən, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Quba-Xaçmaz regionlarına aiddir.

Digər xəbərlər