Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti mayın 13-də Fəxri xiyabanı ziyarət edib. Rəcəb Tayyib Ərdoğan xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyub. Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzüb.
Şəhidlərin xatirəsinə ehtiram
Ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 13-də Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyub. Buradan Bakının mənzərəsini seyr edən Türkiyənin Baş nazirinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
* * *
Elə həmin gün Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib. Türkiyənin Baş naziri 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş 1130 türk əsgərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoymuş, Şəhidlik kitabəsininin üstünə gül dəstələri düzüb.