PDF Oxu

Siyasət

  • 2 933

Azərbaycan MDB-yə çoxtərəfli əməkdaşlığın inkişafına şərait yaradan platforma kimi yanaşır

image

Prezident İlham Əliyev: “Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq”
Keçmiş SSRİ-nin parçalanmasından sonra müstəqillik qazanmış Azərbaycan Respublikası bir çox təşkilatlara, o cümlədən, Müstəqil Dövlətlər Birliyinə də üzv olmuşdu. Ötən 24 il ərzində Azərbaycan bu qurumu postsovet məkanında çoxtərəfli əməkdaşlığın inkişafına şərait yaradan platforma kimi nəzərdən keçirir.
Ötən müddət ərzində, rəsmi Bakının MDB çərçivəsində fəaliyyəti gözləntiləri, bütövlükdə doğruldub. Azərbaycan dövləti qurum daxilində müzakirə olunan məsələlərə, irəli sürülən təşəbbüslərə, qəbul olunan qərarlara yalnız öz maraqlarından çıxış edərək yanaşır. Başqa sözlə, MDB-nin iştirakçısı olan hər bir ölkə, o cümlədən, Azərbaycan çoxtərəfli əməkdaşlıqdan mümkün qədər faydalanmaq imkanı əldə edir. MDB orqanlarının çoxsaylı tədbirlərində, bir qayda olaraq, üzv-dövlətlər arasında inteqrasiyanın istiqamətləri müzakirə mövzusu olur. Söhbət, ilk növbədə, müxtəlif sahələrdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsindən gedir. Bu baxımdan, MDB Dövlət Başçıları Şurasının bir neçə gün əvvəl Rusiyanın Soçi şəhərində keçirilən son iclası əhəmiyyətli tədbir kimi diqqəti cəlb edir.
Dövlət başçıları bu dəfə MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə sıxlaşdırılması yollarını müzakirə etmiş və əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparmışlar.
İclasda əsas diqqət, ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində, həmçinin humanitar sahədə əlaqələrin inkişafına yönəldilmişdi. Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edərkən qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulamış, iclasın mədəniyyət, təhsil, elm və turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Budəfəki görüşün gündəliyi də kifayət qədər zəngin idi. MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevin verdiyi məlumata görə, gündəliyə 16 məsələ daxil edilmişdi. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılmış, ölkələrin nümayəndələri ilə razılaşdırılmışdı. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Soçi görüşündə çıxış edərkən, əsasən, humanitar xarakterli məsələlərə toxunmuşdur. Dövlət başçısı Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıqda mühüm rol oynadığını nəzərə çarpdıraraq, məlumat vermişdir ki, ölkəmizdə müntəzəm olaraq beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir. O, bu tədbirlər arasında Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmişdir: “Bu forum, müəyyən mənada, nadir, əsasən humanitar əməkdaşlıq, konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı məsələlərə diqqət yetirən tədbirə çevrilib. Azərbaycanda həm də, mütəmadi olaraq, Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir. Bu forumun gündəliyi də Bakı Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir. Düşünürəm ki, multikulturalizm və konfessiyalararası dialoq ilə bağlı məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin birləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Həmçinin, ötən il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Beləliklə, bizim ölkəmiz humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi artıq özünü tanıdıb”.
Azərbaycan Prezidenti İlham Əliyev belə bir məqamı vurğuladı ki, Azərbaycanın indiyədək keçirdiyi beynəlxalq idman tədbirlərini, xüsusən, 2015-ci ildə I Avropa Oyunlarını və bu il IV İslam Həmrəyliyi Oyunlarını da yuxarıda qeyd edilmiş məsələlərə aid etmək olar: “Bu oyunlar həm də mədəniyyətlərarası və konfessiyalararası dialoqun yaxşı formatı oldu. İki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim iradəmizi, mədəniyyətlərarası və dinlərarası dialoqa Azərbaycanın töhfəsini bir daha təsdiq edir”.
Dövlət başçısı çıxışında MDB ölkələrində turizmin inkişafı məsələsi üstündə də dayandı. Onun fikrincə, bu məsələ valyuta gəlirləri müəyyən dərəcədə azalmış ölkələr, ilk növbədə, neft-qaz resurslarına malik ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident belə bir təklif irəli sürdü ki, MDB məkanında birgə turizm marşrutlarının açılması məsələsinin müzakirəsi faydalı olar. Prezident İlham Əliyev rəhbərlik etdiyi dövlətin dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə, həmişə olduğu kimi, gələcəkdə də töhfə verməyə hazır olduğunu bəyan etdi. O, xatırlatdı ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda keçirilmişdir: “Biz şadıq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda keçirilməsi faktının özü, əlbəttə, bizi sevindirir və həm də risklərin azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq”.
Göründüyü kimi, Azərbaycan bütün təşkilatlar çərçivəsində, o cümlədən, MDB daxilində inkişafın və tərəqqinin, sülh və əmin-amanlığın təmin olunmasının tərəfdarı kimi çıxış etməkdədir. Elə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, Onun çıxışları bunu əyani şəkildə sübut edir. Lakin təəssüflər olsun ki, hələ də qurum daxilində ayrı-seçkilik yaradan iştirakçılar hələ də öz fəaliyyətlərindədirlər. Azərbaycan ümid edir ki, qısa zamanda həmin fikir ayrılıqları da aradan qalxar, Ermənistan Azərbaycan torpaqlarını boşaldar və sülh bərqərar olar. Sabitlik və sülh isə bütün qurum üzvlərinin inkişafı və tərəqqisi deməkdir.

“Səs” Analitik Qrupu

Digər xəbərlər