Siyasət

  • 3 858

Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir

image

Prezident İlham Əliyev: “Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir”

Azərbaycanda prioritet istiqamət kimi müəyyənləşdirilən sosial siyasət bu gün cəmiyyətdə maddi rifah halının davamlı şəkildə yüksəlməsi ilə müşayiət edilməkdədir. Əməkhaqlarının və sosial müavinətlərin, insanların gəlirlərinin artması Azərbaycanın sosial siyasətinin də dünyaya nümunə ola biləcək səviyyədə yüksəlməsinə gətirib çıxarıb. Bütün bunları Azərbaycanın bütün vətəndaşları kimi məcburi köçkünlər də gündəlik həyatlarında hiss edirlər.

Məlum faktdır ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Məhz bunun nəticəsidir ki, indiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına rəvac verib. Əlverişli sosial atmosferin yaradılması, bütün ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi onların davamlı, sabit gəlirləri üçün əsas yaradıb. Məcburi köçkünlərin qarşılaşdıqları mənzil probleminin həllinə də dövlət ən yüksək səviyyədə daim böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki, təkcə keçən il 5 min 901 ailə və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailə mənzillə təmin olunub. Ümumiyyətlə isə, 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün ölkənin 30-dan çox şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 103 müasir qəsəbə (bu il də əlavə bir qəsəbə istifadəyə verilib) və ya yaşayış kompleksi salınıb. Bunun da 3,3 milyon kvadratmetr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 16 ildə inşa edilib.

Yoxsulluq 75 faizdən

12 faizədək azalıb

Bu, bir real faktdır ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, sosial-iqtisadi potensialının göstəricisidir. Bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Görülən fəaliyyətin nəticəsi olaraq, 16 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.

Dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam icra olunsun. Əslində, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə tezliklə həllinə hər bir azərbaycanlı qəti şəkildə əmindir. Çünki kifayət qədər güclənən Azərbaycan dövləti və xalqı əzəli, tarixi torpağının daha düşmən tapdağı altında qalmasına dözmək niyyətində deyil. Azərbaycan bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək imkanları tükənmədiyindən Ermənistanla danışıqlar prosesini davam etdirir.

Sosial müavinətlərin

artırılması istiqamətində mühüm tədbirlər

Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb. Bununla da, məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək. Bu, o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəllər bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq. Birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir. Bu, məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Bu kontekstdə son addım Azərbaycanda həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Müavinətlərin artırılması həssas qrup olan məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşmasına dəstəkdir. Məcburi köçkünlər dövlət başçısının bu qərarını yüksək dəyərləndirir. İnsanlar inanırlar ki, Cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlar.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər