"Azərbaycan tamamilə yeni inkişaf dövrünü yaşayır" ÖZƏL-MÜNASİBƏT

"Hazırda müstəqil Azərbaycan tamamilə yeni inkişaf dövrünü yaşayır. Qısa müstəqillik tarixində respublikamız ayaqda möhkəm duran, heç kimdən asılı olmayan güclü bir dövlətə çevrilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrikliyi, siyasi iradəsi sayəsində xalqımızın milli maraqlarını yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir, dünyada elə bir güc yoxdur ki, respublikamızla diktə ilə danışa bilsin. Azərbaycanın bugünkü reallığına diqqət çəkən Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə vurğulayıb: “Bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz”. Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.Onun sözlərinə görə, bu gün Azərbaycanın siyasi mütəqilliyinin təməlində dayanan əsas amil qismində güclü iqtisadiyyat çıxış edir: "Müstəqil Azərbaycanın bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır. Son 16 ildə Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir.Bildiyiniz kimi Azərbaycan tarixi günlərinin birinidə yaşadı. 2015-ci ildə əsası qoyulan TANAP Avropa sərhədinə çatdı. Bu layihə 7 ölkəni birləşdirir. TANAP enerji təhlükəsizliyi layihəsidir. Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq onu göstərir ki, bu iki ölkə gələcəyə inamla birgə addımlayacaqlar. Bu layihələrin həyata keçirilməsi ölkəmiz üçün böyük iqtisadi inkişafı daha da sürətləndirir. TANAP Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin ən önəmlilərindən biridir.Biz bu gün Asiya ilə Avropanı TANAP vasitəsilə birləşdirdik. Dünyaya bir daha Türkiyə-Azərbaycan arasında köklü dostluğun mövcudluğunu sübut etdik. Tarixdə liderlərin rolu danılmazdır. Ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində sürətli inkişafa nail oldu, iqtisadi gücünü artırdı, bu da siyasi gücümüzü, beynəlxalq nüfuzumuzu artırır. Eyni zamanda, qardaş ölkəyə Azərbaycan tərəfindən sərmayə qoyuluşu ildən-ilə artmaqda davam edir. Bu layihələrin həyata keçirilməsi nəticəsində ölkəmiz xeyli gəlir əldə etməklə ölkəmizin inkişafını davamlı edəcək, insanların rifah halının yaxşılaşmasına xidmət edəcək".

sia.az