Siyasət

  • 5 767

Türkiyənin Şanlı Urfa şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib

image

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyənin Şanlı Urfa şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunub. SİA xəbər verir ki, Azərbaycanın Qars şəhərindəki baş konsulluğu və Harran Universitetinin birgə təşkilatçılığı ilə reallaşan mərasimdə diplomatlar və tədbirə ev sahibliyi edən təhsil ocağının kollektivi, o cümlədən burda təhsil alan tələbələrimiz iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub. Azərbaycanın Qars şəhərindəki baş konsulluğunun konsulu Behbud Qadalı 28 il əvvəl erməni vandallar tərəfindən törədilən Xocalı soyqırımının dəhşətlərindən danışıb. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işləri yüksək dəyərləndirən konsul diqqətə çatdırıb ki, son on ildə Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində görülən işlər sistemli xarakter alıb. Şanlı Urfa vilayətinin valisinin müavini Abdullah Erin Xocalıda baş verənləri insanlıq əleyhinə cinayət adlandıraraq bu soyqırımı törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmasının vacibliyini qeyd edib. Ermənilərin Osmanlı dövlətinə qarşı tarix boyu xəyanət etdiklərini diqqətə çatdıran Harran Universitetinin rektor, professor Mehmet Sabri Çelik vurğulayıb ki, hazırda dünya erməniləri müasir Türkiyəyə qarşı əsasız düşmənçilik edirlər. Xocalı soyqırımı ilə bağlı fikir və mülahizələrini bölüşən universitetin tarix kafedrasının dosenti Gülşah Eser, tələbələrdən Xanəli Həsənov, Asim İsrafilov və Aydın Feyzulla bildiriblər ki, ermənilərin xalqlarımıza və ölkələrimizə qarşı xəyanətləri və cinayətləri unudula bilməz. Xocalı soyqırımının bütün təfərrüatları gələcək nəsillərə çatdırılmalıdır ki, həyatımızda bir daha belə faciələr təkrarlanmasın. Sonda Diyarbəkir Dicle Universitetinin hüquq fakültəsinin tələbəsi Novruz Əhmədov qum sənəti ilə Xocalı soyqırımının dəhşətlərinə dair rəsm-kompozisiya təqdim edib.

sia.az

Digər xəbərlər