"Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq" ÖZƏL-MÖVQE

"Hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətdə də fərqli düşüncəyə, dünyagörüşünə, statusuna uyğun insanlar mövcuddur və bu normaldır. Hamı eyni cür düşünə, baş verən proseslərə adekvat davrana bilməz. Görünən odur ki, pandemiya başlanan andan bir qrup insan təhlükənin miqyasını dərhal dərk etdi və özünün, yaxınlarının həyatını qorumaq üçün dövlətin apardığı siyasətə dəstək verməklə, karantin rejiminin qaydalarına riayət etdilər. Başqa bir qrup isə, ilik gündən laqeyd münasibət göstərməklə, bəzi hallarda şübhə ilə yanaşdılar. Belələri hələ də kifayət qədərdir". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib."Mənim müşahidələrim ondan ibarətdir ki, aparılan təbliğat, maarifləndirici işlər müsbət nəticə verir. Daha çox insan ictimai yerlərdə maska ilə gəzir, sosial məsafə saxlayırlar. Ancaq bu da faktdır ki, heç də hamı qaydalara nəinki əməl etmir, hətta sosial məsafənin qorunması nümayişkaranə şəkildə iqnor edir. Təəssüf ki, hələ də sosial məsuliyyəti aşağı olan vətəndaşlar da kifayət qədərdir və belə münasibət cəmiyyətin normal həyata qayıtmasını ləngidir. Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq"-deyə, deputat fikrini tamamlayıb.

sia.az