Siyasət

  • 12 559

"Trend"in Baş direktorundan Prezidentə: "Sizin sadiq söz silahdaşınız olacağıq" MƏKTUB

image

“Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrinə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. SİA məktubu təqdim edir:

Hörmətli cənab Prezident.

Sizin və hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanda medianın inkişafına dövlət səviyyəsində göstərdiyiniz qayğı və diqqət bu sahənin müasir standartlara uyğun inkişafını stimullaşdırmaqla yanaşı, jurnalist peşəsinin nüfuzunun artmasına xidmət edir. Müstəqillik dövründə mətbuatımız sözün əsl mənasında önəmli keyfiyyət transformasiyasından keçib, beynəlxalq inteqrasiyaya istiqamətlənib və bu gün nüfuzlu informasiya kommunikasiya resursları ilə bir sırada dayanmaq üçün ciddi səylər göstərir. Ötən gün milli mətbuatımızın 145 illiyi münasibətilə media nümayəndələri mükafatlandırıldı, onların məsuliyyət, dəqiqlik, qərəzsizlik, vətənpərvərlik tələb edən fəaliyyəti yüksək qiymətləndirildi. Azərbaycan mətbuatında sözü, qələmi ilə tanınan, haqq səsimizin ölkə hüdudlarından kənarda səsləndirilməsində diplomatlar qədər önəmli rol oynayan media işçiləri orden və medallarla təltif edildilər, fəxri diplomlarla, fəxri adlara və fərdi təqaüdlərə layiq görüldülər. Mənim üçün çox şərəfli və qürurvericidir ki, həmkarlarım arasında mənim də adım yer alıb. Özümün və rəhbərlik etdiyim böyük media ailəsinin adından Sizə, cənab Prezident, bu diqqətinizə görə böyük minnətdarlığımı ifadə edir və bildirirəm ki, bundan sonra da Vətənimizin rifahı, parlaq gələcəyi naminə qarşımıza qoyulan məqsəd və istiqamətlərdə fəaliyyətimizi əzmlə davam etdirəcək, daim Azərbaycanın haqq səsi, Sizin sadiq söz silahdaşınız olacağıq.

Hörmətlə, İlqar Hüseynov. “Trend” İnformasiya Agentliyinin Baş direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.

Digər xəbərlər