Siyasət

  • 8 108

Bütün müsəlman dünyası işğalçı Ermənistanı tarixi-mədəni və dini-mənəvi irsimizə qarşı barbar, vandalizm hərəkətlərinə görə qınamalı və onlara layiq olduqları münasibəti göstərməlidirlər

image

Azərbaycan hazırda dünya dövlətləri ilə həm hökumətlərarası ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli münasibətlərdə müstəqillik tarixi boyunca ən yüksək siyasi, iqtisadi və hərbi nüfuza malikdir. Ölkəmiz üçün müsbət beynəlxalq imic formalaşdıran bir çox ictimai-siyasi, iqtisadi, mədəni, tarixi və strateji amillər göstərmək olar ki, bunlar da hazırki mürəkkəb və ziddiyyətli beynəlxalq münasibətlər sistemində məhz ölkə başçısı cənab İlham Əliyevin şəxsi keyfiyyətləri, idarəçilik məharəti və məsələlərə özünəməxsus kreativ yanaşması ilə bağlı olmaqla həm ölkədaxili siyasətə, həm də xarici diplomatiyamıza hər ötən gün yeni nailiyyətlər əlavə edir.

Bu gün hamımızın xalq, millət olaraq ən ağrılı və ümdə problemi işğal altında olan torpaqlarımızın – Qarabağ və onuın ətrafında yerləşən yeddi rayonun erməni tapdağından azad edilməsidir. Aydın görünən budur ki, yeri gəldiyində dünyanın super gücləri tərəfindən qətiyyətlə önəm verilən beynəlxalq hüquq, insan haqları və s. bu kimi demokratik dəyərlər simasız erməni işğalçılarının yalanları, şər-böhtanları, riyakarlığı və ya “güclü dostları” qarşısında heçə enir. Azərbaycan beynəlxalq hüququn bütün tələblərinə əməl edən və bu qanlı konfliktdə böyük itkilərə məruz qalan tərəf olaraq hələ də beynəlxalq hüququn aliliyinin, haqq-ədalətin bərqərar olunacağına, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların qeyd-şərtsiz yerinə yetirilməsində israrlı olacağına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətli mövqe tutacaqlarına ümidini itirməyərək səbrlə gözləyir, işğalçının aqressiyası və həyasızlığı isə gündən-günə əndəzadən çıxaraq dözülməz olur. Son bir neçə ildir ki, işğalçı Ermənistanın ardı-arası kəsilməyən sərsəm bəyanatları, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqeyi və istər münaqişə bölgəsində, istərsə də dövlət sərhədləri boyunca mütəmadi təxribatları göstərir ki, işğalçı rejim nəinki işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etmək fikrindədir, əksinə yeni ərazilər işğal etmək xülyasındadır ki, bu da Azərbaycan xalqının sözün əsl mənasında səbr kasasını daşdırıb. Ən son bu il Tovuz istiqamətindəki İyul döyüşləri növbəti dəfə nümayiş etdirdi ki, kiçikdən böyüyə qədər bütün Azərbaycan xalqı Ali Baş Komandanın bir əmri ilə ayağa qalxmağa və Qarabağı azad etməyə hazırdır. Gənc, yaşlı, fərq etməz, bütün xalq bir gecədə yumruq kimi birləşməyi bacarırsa, bunun səbəbi cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhu və Ali Baş Komandanımıza sonsuz inam və etimaddır.
Xalq-Lider-Ordu arasındakı bu sarsılmaz inam və qarşılıqlı etimadı yaradan başlıca amil ölkə başçısı cənab İlham Əliyevin Qarabağ həqiqətləri, Azərbaycanın bu münaqişədəki haqlı və prinsipial mövqeyi ilə bağlı hər fürsətdə, ən yüksək beynəlxalq tribunalarda, hökumətlərarası ikitərəfli və çoxtərəfli münasibətlərdə, irili-xırdalı bütün beynəlxalq tədbirlərdə, görüşlərdə qətiyyətlə, cəsarətlə, tərəddüdsüz və birmənalı şəkildə mövqe ortaya qoymasıdır. Bir neçə nümunə: “…1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Status-kvo qəbuledilməzdir! Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir.” (“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində keçirilən konfransda İlham Əliyevin nitqin, 01.12.2017).“Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!” (İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında tarixi nitqi, 03.10.2019) “…O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, – Ermənistan həmişə buna istinad edir, – bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik!” (Prezident İlham Əliyevin bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibəsi, 23.12.2019) “…Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır! Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır…. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt – erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.” (Balakən regional “ASAN xidmət” mərkəzinin açılışı, 29.07.2020). 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı tarixi nitqində Xocalıda dinc sakinlərin qatili olan, bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri kimi Ermənistanın o vaxtki prezidentini BMT tribunasından bütün dünya ictimaiyyəti qarşısında birbaşa ittiham etməsi bu mövqeyin ən bariz nümunələrindəndir. Bu kimi yüzlərlə beynəlxalq tədbirlərdə cənab İlham Əliyevin nitqlərindən sitatlar gətirə bilərik ki, hər çıxışında işğalçı dövlətin əsl siması ifşa edilir, humanizmdən uzaq faşist, aqressiv, terrorçu siyasəti bir daha təsdiq olunur.
Ən son şahidi olduğumuz kimi, bir neçə gün öncə sentyabrın 7-də cənab İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən növbəti dəfə işğalçı Ermənistanı qətiyyətlə ifşa etdi: “Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə – azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir.” Bu yığcam bəyanat əslində son dərəcə mühüm məqamları özündə ehtiva edir. İlk növbədə unutmaq olmaz ki, İranın Ermənistanla bir çox sahələrdə əməkdaşlığı heç də gizlin fakt deyildir. Sadəcə bunu demək kifayətdir ki, İran şirkətləri Ermənistanda və Azərbaycanın işğal altındakı torpaqlarında tarixi Azərbaycan abidələrinin, əsərlərinin “bərpasında” yaxından iştirak edir. Üstəlik, yalnız “bərpa”da deyil, eyni zamanda işğalçının torpaqlarımızdakı Azərbaycan izlərini “özgəninkiləşdirmə” cəhdlərində də bizi narahat edən bəlli faktlar var. Məsələn, 2019-cu ilin 14 oktyabr tarixində işğalçı rejim Şuşada tarixi “Yuxarı Gövhər Ağa” məscidini “bərpa” edərək Qarabağ xanlığı dövründə inşa olunan Azərbaycan məscidini “tarixi Fars məscidi” kimi “dünya ictimaiyyətinə təqdim etdi”. Rəsmi Tehran bu məsələyə niyə münasibət bildirmədi? Bu faktlardan göründüyü kimi, cənab İlham Əliyevin məhz Seyid Abbas Musəvi ilə söhbətdə Azərbaycanın tarixi, dini, mədəni irsinin işğalçı vandallar tərəfindən mənimsənilməsinə, dağıdılmasına, təhqir olunmasına diqqət çəkməsi ciddi əsaslara malikdir.
Daha bir təəssüfləndirici reallıq – İranın ermənilərin işğal etdiyi ərazilərimizə, – Dağlıq Qarabağa sərmayə yatıran 300-dən çox şirkətinin separatçı rejim ilə məlum isti münasibətlərinin səbəbləri və ya izahları nə ola bilər? Görəsən bu şirkətlər Ermənistanla, xüsusilə dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı-kriminal rejimlə əlaqələrini hansı ərazilər üzərindən həyata keçirir? Təbii ki, işğal altında olan Azərbaycan ərazilərindən... Daha bir maraqlı məqam budur ki, Azərbaycanın düşünülmüş, uzaqgörən siyasəti nəticəsində uzun illərdi ki, işğalçı Ermənistan regional təcrid vəziyyətinə salınmış və bütün qlobal, regional layihələrdən kənarda qalmışdır. Acınacaqlı fakt bundan ibarətdir ki, İranla həmsərhəd olan Azərbaycanın işğal olunmuş əraziləri üzərindən Ermənistana humanitar və digər yardımlar göstərilir. Burada xatırlatmaq yerinə düşərdi ki, 2018-ci ildən daha da kəskinləşən ABŞ-İran münasibətlərində ABŞ tərəfindən İran İslam Respublikasına qarşı elan olunan sərt iqtisadi sanksiyalar, embarqolar və s. zamanı Azərbaycan, İranla iqtisadi münasibətlərini olduğu kimi saxlayan azsaylı ölkələrdən biri oldu. İran sanksiya altında olsa da, Azərbaycan bu sanksiyalara məhəl qoymadan İranla əlaqələrini nəinki məhdudlaşdırmadı, əksinə daha da genişləndirdi. O dövrdə hətta Azərbaycan ərazisi üzərindən İrana ABŞ tərəfindən mümkün siyasi-hərbi təzyiq manipulyasiyaları müzakirə olunduğu vaxtlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələdə qəti mövqe nümayiş etdirdi və bildirdi ki, Azərbaycan heç vaxt heç bir şərtlə öz ərazisinin qonşu ölkələrə mümkün təhdid və təcavüz məqsədilə istifadə edilməsinə yol verməyəcəkdir. Təbii ki, bütün bunları yada salmaqla çox istərdik ki, Azərbaycana dost-qardaş ölkə olan İran, Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsində birmənalı Azərbaycanın yanında olsun, xüsusilə dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı, kriminal rejimlə bütün əlaqələrinə son qoysun.
Bu mövzu ilə bağlı daha bir maraqlı məqam – 10 sentyabr 2017-ci il, cənab İlham Əliyev Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində iştirak edir və Sammitin “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiyasındakı nitqində işğalçıya daha bir diplomatik dərs verir. Sitat: “…İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur. Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.” İslam Əməkdaşlıq Təşkilatının Sammitində bu kəskin bəyanatın səsləndirilməsi əlbəttə ki, bütün müsəlman dünyasına ciddi ismarıc idi ki, əzəldən Türk düşməni olan erməni heç vaxt hər hansı bir müsəlman dövlətinin dostu ola bilməz. Zaman-zaman müsəlman - türk əhalisinə qarşı soyqırımı, etnik təmizləmə siyasətini həyata keçirən, dini, mədəni, tarixi irsə, abidələrə qarşı da bu səpkidə vandalizm aktları və cinayətlər törədən, işğal olunmuş ərazilərdə “tarixi restavrasiya” adı altında Qafqaz Albaniyasına aid irsi saxtalaşdıran, erməniləşdirən, bu mümkün olmadıqda tamamilə dağıdan, xaraba qoyan və daha da irəli gedib məscidlərdə, tarixən müqəddəs ibadət yeri olan məbədlərdə heyvan saxlayan işğalçı Ermənistanı bu barbar hərəkətlərinə görə bütün müsəlman dünyası qınamalı və onlara layiq olduqları münasibəti göstərməlidir.
İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqlı mövqeyini daima dəstəkləmiş və indi də bu mövqeyini davam etdirir. Azərbaycanın İranla tarixən çox yaxın qonşu, dost-qardaş münasibətləri formalaşıb. Regional və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir çox ortaq mövqeləri mövcuddur. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamafobiyaya qarşı çox ciddi mübarizə aparır, cəmiyyətimizdə həyat tərzinə çevrilmiş multikulturalizm dəyərləri, dini dözümlülük, müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəratində yaşaması bütün dünyaya multikulturalizm, islam həmrəyliyi modeli təqdim edir. Eyni zamanda, bu gün Azərbaycanın İranla iqtisadi-ticarət əlaqələri günbəgün inkişaf edir və şaxələnir. İran İslam Respublikası Azərbaycanın ən mühüm ticarət partnyorlarından biri olaraq qalır. Bu əlaqələr yalnız iqtisadi münasibətlərlə məhdudlaşmır, Şimal-Cənub nəqliyyat dəhlizi kimi qlobal nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasında Azərbaycanla İran arasında yüksək səviyyədə əməkdaşlıq bir çox ölkələr üçün nümunə kimi göstərilə bilər və s.
2020-ci il yaddaşlarda bütün bəşəriyyəti təhdid edən COVID-19 koronavirus pandemiyası ilə əlaqədar dövlətlərarası sərhədlərin bağlanması, əlaqələrin məhdudlaşdırılması ili kimi həkk olunacaqdır. Bütün dünya üçün ciddi sınaq olan və hələ də davam edən bu ağır pandemiya şəraitində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətində bir daha həmrəyliyin, qarşılıqlı yardımlaşmanın əhəmiyyətinə diqqət çəkdi. Əminik ki, Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə, dünyada multikulturalizm dəyərlərinin yaşadılmasına öz töhfəsini verəcək və bütün müsəlman aləmi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə, həm də bütün digər məsələlərlə bağlı birlik, həmrəylik nümayiş etdirəcəklər.

Şəmsəddin Hacıyev
YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor

yap.org.az

Digər xəbərlər