Siyasət

  • 8 506

"Tolerantlıq Azərbaycanın dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir" ÖZƏL-RƏY

image

“Bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə yaşadığı unikal nümunədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olub, ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daima sülh və əmin-amanlıq şəraitində yaşayıb, Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynayıb, etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlayıblar. Tarix boyu ölkəmizdə yaşayan xalqlar arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşıdurma müşahidə edilməyib. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq yeri olub, bura təkcə ayrı-ayrı dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan dini cərəyanların nümayəndələri də pənah gətiriblər. Onlar burada özlərini yad hesab etməmiş, yerli əhali ilə qaynayıb qarışıb, qohumluq əlaqələri qurmuş və hər zaman yerli əhali ilə həmrəy olublar.Azərbaycan xalqı daim ölkədə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə, onlar arasında sülh və əmin-amanlıq mühitinin yaradılmasına çalışıb. Bu humanist ənənə bu gün də qorunub saxlanılır. Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən, xoş məramından irəli gəlir. Bu gün dünyanın bir çox ölkələrində insanların yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas götürülür. Yəhudi, xristian, islam və digər dinlərin nümayəndələri ayrı-ayrı məhəllələrdə yaşayırlar. Sivilizasiyaların qovşağı olan Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar bir küçədə, həyətdə, hətta evdə sərbəst yaşayır, bir-birilərinin bayramlarında, dini mərasimlərində yaxından iştirak edirlər.1999-2001-ci illərdə Bakıda digər pravoslav məbəd-Müqəddəs Məryəmin Miladı Baş kilsəsi bərpa olunmuşdur. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı ölkələrin Yepiskopluğu yaradılmış, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan və Çeçenistan Respublikalarındakı Pravoslav kilsələri də daxil edilmişdir. Sonradan həmin qurum Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası adlandırılmışdır. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət gəstərir.2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey dini durumla tanış olmaq və dinlərarası dialoqu inkişaf etdirmək məqsədilə Azərbaycanda səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə görüşmüş, ölkədə fəaliyyət göstərən dini konfessiyalar arasındakı münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı Ümummilli Liderimiz Heydər Əliyev də qəbul etmiş, geniş fikir mübadiləsi aparmışdır.1992-ci ilin mayında Azərbaycan Respublikası ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər qurulmuşdur. İki dövlət arasında əlaqələrin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfərinin böyük rolu olmuşdur. Ümummilli Lider Heydər Əliyev Roma papası II İohann Pavellə görüşmüş və katolik kilsəsinin Azərbaycandakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmışdır.1999-cu ildə katolik dini icması rəsmi dövlət qeydiyyatına alınmış, 2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavel ilk dəfə Azərbaycana səfərə gəlmiş, dövlət rəsmiləri və ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. O, ölkəmizdəki mövcud dini dözümlülüyü yüksək qiymətləndirərək Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətlərinin dünyanın bir çox ölkələri üçün yaxşı nümunə olduğunu bildirmişdir.Sonrakı illərdə Vatikan dövləti ilə əlaqələr daha da inkişaf etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikan dövlətində olmuş, dövlət katibi kardinal Ancelo Sodano ilə görüşmüş, Azərbaycanla Vatikan arasında qarşılıqlı əlaqələri müzakirə etmişdir.2008-ci il martın 6-da Müqəddəs taxt-tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfərə gəlmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də onu qəbul etmiş, görüşdə ölkəmizdə mövcud müxtəlif din və icmalar arasında dözümlülüyün yüksək səviyyədə olduğu vurğulanmışdır. Həmin gün Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin açılışı olmuş, Prezident İlham Əliyev və kardinal Bertone mərasimdə iştirak etmişlər. Prezident İlham Əliyev çıxışında Bakıda katolik kilsəsinin açılmasının Azərbaycanın gələcək inkişafına, dünya birliyinə inteqrasiyasına, Avropa ilə qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfə verəcəyini bildirmişdir.2016-cı il oktyabrın 2-dadə Roma Papası Fransisk Azərbaycana səfərə gəlmiş, Prezident İlham Əliyev, ictimaiyyətin nümayəndələri, din xadimləri ilə görüşmüş və Bakıdakı katolik kilsəsində təşkil olunan dini mərasimdə iştirak etmişdir. Roma Papası Fransiskin ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin əsasını qoymuşdur.Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azsaylı xalqlardan biri də əsasən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10.000 nəfərə yaxındır ki, onların də təxminən 4000-i Qəbələnin Nic qəsəbəsində yaşayır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşamış, aralarında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur.Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə Alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə Alban Apostol Kilsəsinin idarəçiliyi erməni qriqoryan kilsəsinə verilmişdi. Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etmişdir. Bu abidələrdən biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən olan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir. IV-V əsrlərə aid bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. Kilsənin bərpasında xarici alimlərlə yanaşı Azərbaycanlı alimlər də böyük əmək sərf etmişlər.Azərbaycanda yaşayan qədim xalqlardan biri də yəhudilərdir. Məskunlaşdıqları ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər Azərbaycana pənah gətirərək neçə əsrlərdir bu bölgədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin sıx yaşadığı yeganə məkandır. Azərbaycan dünyada yəhudilərə xoş münasibət göstərilən azsaylı ölkələrdən biridir.Yəhudilər Azərbaycanda üç - dağ, əşkinazi və gürcü yəhudiləri icmaları ilə təmsil olunur. Ölkəmizdə yəhudilərin ümumi sayı təxminən 16.000 nəfər təşkil edir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, onların da təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, 1000-i isə digər şəhərlərdə yaşayır. Əşkinazi yəhudilərin təxmini sayı 4000, gürcü yəhudilərinin ki, 700 nəfərdir. Azərbaycanda hazırda 7 yəhudi dini icması dövlət qeydiyyatına alınmış, Bakıda, Oğuzda və Qubada 2 sinaqoq fəaliyyət göstərir.Tolerantlığın gücləndirilməsinin Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etməsinə dəlalət edən əsas faktlardan biri də müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasıdır. Azərbaycan dövlət müstəqilliyin bərpa edən zaman ölkədə 18 məscid var idi (8, s. 136). Hazırda ölkədə 2166 məscid, 748 ziyarətgah, 13 kilsə, və 7 sinaqoq mövcuddur. Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik, və 2-i alban-udi dini icmasına məxsusdur. Hazırda ölkədə 719 dini icma qeydiyyatdan keçmişdir, onlardan 27-i qeyri-islam icmalarıdır. Sonunculardan 17-i xristian, 7-i yəhudi, 2-i bəhai, və 1-i krişna şüuru dini icmasıdır.Azərbaycanda dini dözümlülük ənənələrinin qorunmasında və möhkəmləndirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O yenidən hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də əsaslı dəyişikliklər baş vermiş, milli-mənəvi dəyərlərin təbliğinə diqqət artırılmış, dini fəaliyyət sahəsində mövcud problemlərin həlli istiqamətində ciddi addımlar atılmışdır.Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının zəngin tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına xüsusi diqqət yetirilmiş, ölkəmizdə dini dözümlülüyün möhkəmləndirilməsi hökumətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyev mütəmadi olaraq müxtəlif dinləri təmsil edən din xadimləri ilə görüşər, ibadət ocaqlarını ziyarət edər, dindarlar qarşısında çıxışlar edər, dini bayram və mərasimlər münasibətilə onları təbrik edərdi.Hazırda bu siyasəti Prezident İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə böyük diqqət və qayğı ilə yanaşmaq Azərbaycan hökumətinin din siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, mütəmadi olaraq dini icma rəhbərləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər bir sıra məscidlər, tarixi mədəniyyət abidələri, o cümlədən Təzəpir, Əjdərbəy və Şamaxı məscidləri, Bibiheybət, Gəncə və Bərdə İmamzadə ziyarətgahları yüksək memarlıq üslubunda təmir və bərpa olunmuşdur. Eyni zamanda, Bakıda öz möhtəşəmliyi və əvəzsiz memarlıq üslubu ilə seçilən Heydər Məscidi inşa olunmuşdur.Həmçinin, dövlət dini icmalara daima xüsusi qayğı ilə yanaşır, dövlət büdcəsindən onlara maliyyə yardımı ayırır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir. Bu, Azərbaycan hökumətinin dini icmalara yüksək diqqət göstərdiyinə dəlalət edir.Prezidenti İlham Əliyevin bilavasitə qayğısı ilə 2014-cü ilin fevral ayında Azərbaycanda dövlət din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, etnik qruplara və dini icmalara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Hazırda Dövlət müşaviri xidməti dövlət din münasibətlərinin tənzimlənməsi, Azərbaycanda yaşayan bütün etnik və dini qrupların hüquqlarının qorunması, ölkəmizin zəngin tarixə malik tolerantlıq ənənələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.Azərbaycanda dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu da mühüm işlər görür. Fondun xətti ilə xristianlığa və İslama aid bir çox dini abidələr təmir və bərpa olunmuşdur. Hazırda Fond Katolik kilsəsinin Azərbaycan Respublikasındakı Apostol Prefekturası ilə sıx əməkdaşlıq edir, 2008-ci ildə Fondla sözügedən qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanmış, Fondun dəstəyi ilə 2009-cu ildə Bakıda yerləşən “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma və bərpa işləri aparılmışdır.2016-cı ilin fevral ayının 23-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilmiş Marçellinio və Pietro katakombalarının açılış mərasimi keçirilmişdir. Bu Azərbaycanın təkcə ölkəmizdə deyil, dünyanın ayrı-ayrı bölgələrində yerləşən müxtəlif mədəniyyətlərə və dinlərə aid abidələrə göstərdiyi qayğının və diqqətin göstəricisidir.Azərbaycanda Tolerantlığa aid qeyd olunan faktlar ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, hökumətin bütün xalqların, etnik qrupların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin öyrənilməsinə, qorunub saxlanılmasına xüsusi önəm verdiyini göstərir.Bu gün tam əminliklə deməyə əsas var ki, Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilir, ayrı-ayrı dinlərin ardıcıllarının tam bərabərhüquqlu vətəndaş kimi yaşayıb fəaliyyət göstərməsinə şərait yaradılır.Müasir dövrdə qarşıda duran əsas vəzifə bu zəngin irsi daha dərindən öyrənmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyətdir.Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracaq və bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaqdır”.

sia.az

Digər xəbərlər