Türkiyə dövləti və ictimaiyyəti Ermənistanın Gəncəyə raket hücumunu kəskin şəkildə qınamaqdadır

Ermənistan ordusunun Azərbaycanda dinc əhalini hədəfə alması, o cümlədən oktyabrın 11-də Gəncədə yaşayış binasının ballistik raket zərbəsi ilə vurulması nəticəsində çox sayda insan tələfatı və dağıntılara səbəb olması qardaş Türkiyədə böyük hiddətlə qarşılanıb.
Dövlət və hökumət rəsmiləri, eləcə də nüfuzlu şəxslər, sadə insanlar Ermənistanın törətdiyi müharibə cinayətlərinə bu və ya digər formada kəskin etirazlarını ifadə edirlər. Aksiya və yürüşlər keçirilir, sosial şəbəkə üzərindən təcavüzkar Ermənistanın bu cinayətkar əməllərinə son qoyulması tələb edilir. Konfrans və toplantılarda Azərbaycana dəstək çağırışları, şüarları səslənir.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sosial şəbəkədə, Xarici İşlər Nazirliyi isə açıqlama ilə Gəncədə törədilən qanlı terror aktını kəskin şəkildə qınayıblar. Onlardan bəzilərini təqdim edirik - Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay özünün “Twitter” hesabından yazıb: “Atəşkəs razılaşmasının üstündən 24 saat keçməmiş yenə də dinc əhalini hədəfə alan Ermənistan insanlıq əleyhinə cinayət törədib. Dünya ictimaiyyəti bu ikiüzlü hərəkətləri görməməzliyə vuraraq Ermənistanın cinayətlərinə ortaq olmaqdadır. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.
Ədliyyə naziri Abdulhamit Gül Gaziantəpdə Ədalət və İnkişaf Partiyasının (AKP) konfransındakı çıxışında deyib: “Haqlı mübarizələrində sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq. Qarabağ işğaldan azad edilənədək, Azərbaycan istədiyi nəticəni alanadək daim onların yanında olacağıq”.
Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran sosial şəbəkə hesabında qanlı terror aktı ilə bağlı bu sözləri yazıb: “Ermənistanın Gəncəyə hücumu onun qanunsuz işğal siyasətini davam etdirmək üçün beynəlxalq humanitar hüququ pozduğunu və atəşkəs dilində danışmağı bacarmadığını göstərdi”.

yap.org.az