Siyasət

  • 6 469

Əhliman Əmiraslanov: Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən terror aktıdır

image

“Azərbaycanla Ermənistan arasında humanitar əsasda atəşkəs elan olunmasına baxmayaraq Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanı kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir. Oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 10 mülki şəxs həlak olub və 30-dan çox insan isə yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən terror aktıdır. Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir.
Komitə sədrinin sözlərinə görə, döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir: “Bununla Ermənistanın Moskva razılaşmasının bütün bəndlərini kobud şəkildə pozması bir daha onu sübut etdi ki, işğalçı ölkə son 30 ildə olduğu kimi yenə də münaqişəni sülh və danışıqlar yolu ilə həll olunmasında qətiyyən maraqlı deyil. Digər tərəfdən, Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır. Dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, mülki əhalinin öldürülməsini qadağan edən beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsul olan və buna nəzarət etməli olan beynəlxalq təşkilatlar Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır”.

yap.org.az

Digər xəbərlər