Siyasət

  • 6 736

Malik Həsənov: Azərbaycanın dəmir yumruğu öz tarixi missiyasını yerinə yetirdi

image

“Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi qələbəmizin sevincini yaşayır. Dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad olunan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin sırasına 10 noyabrda imzalanmış Bəyanatın nəticəsi olaraq Ağdam şəhəri də daxil edildi. Noyabrın 20-də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sevinci xalqa çatdırarkən qeyd etdiyi kimi, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı dövlət öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. Gücümüz, texniki təchizatımız, mənəvi ruhumuz qələbəyə aparan əsas amillərdir. Xalqımız bütün bu illər ərzində bir arzu ilə yaşayıb ki, öz dədə-baba torpağına qayıtsın. Bu gün yaşadığımız günlər, anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Xalqımızın, ölkəmizin yeni şanlı tarixi yazılır. Bu, Zəfər tarixidir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Ağdam üçün yeni dövr başlayır. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb: “Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Amma bu, onların yanlış düşüncəsi idi. Azərbaycan dövləti ən yüksək tribunalardan Dağlıq Qarabağla bağlı dəyişməz mövqeyimizi hər zaman bəyan etmişdir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Bugünümüzün reallıqları bunun bir daha təsdiqidir. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, diplomatik mübarizədə qələbəmiz, münaqişənin nizamlanması üçün möhkəm hüquqi bazanın yaradılması, eyni zamanda, iqtisadi və maliyyə imkanlarımızın genişlənməsi fonunda hərbi gücümüzün artması və sair kimi mühüm amillər 30 ildən sonra tarixi Qələbəmizə yol açdı. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ilə yaxın dövrdə problemin sülh yolu ilə həllinin mümkünlüyündən bəhs etsələr də reallıqda tamamilə başqa bir yanaşma ortaya qoydular. Ermənistana “dur” demək bu dövlətlər üçün həlli mümkün olmayan məsələyə çevrilmişdir.”
“Noyabrın 23-də ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərinə səfəri bir daha göstərdi ki, dövlətimizin başçısı bütün təhlükələrə rəğmən bir-birinin ardınca işğaldan azad edilmiş torpaqlarımızda olur, orada görüləcək işlərin planını təqdim edir, tez bir zamanda bu ərazilərimizdə yeni həyatın başlanmasına, 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmasına çalışır: “Cənab İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı “İndi biz işğaldan azad edilmiş torpaqlara keçirik. İstiqamət Ağdam şəhəri” söyləyərək bildirmişdir ki, Ağdam şəhərini və işğal altında olmuş torpaqlarını bir güllə atmadan azad etmişik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin.”
«Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır” söyləyən millət vəkili qeyd edib ki, tarix Azərbaycanın haqlı olduğunu təsdiqlədi: “Dünya Azərbaycanın necə vəhşi düşmənlə üz-üzə dayandığını gördü. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda evləri tamamilə dağıdan ermənilərin noyabrın 10-da əldə olunmuş razılaşmadan sonra Kəlbəcərdə, Ağdamda hansı vəhşilikləri, barbarlığı törətdikləri bütün dünyanın gözü qarşısında baş verdi. Kəlbəcər rayonunun noyabrın 15-də qaytarılması nəzərdə tutulsa da, Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan 10 gün əlavə vaxt istədi. Kəlbəcər noyabrın 25-də öz tarixi sahibinə qayıdacaq. 10 noyabr siyasi qələbəmiz təsdiqlədi ki, Azərbaycanın dəmir yumruğu öz tarixi missiyasını yerinə yetirdi. Bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra edildi.”
“Bütün hərbi cinayətlərinə görə düşmən cavab vercək. Bütün işğaldan azad edilmiş torpaqlarımızın bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, yollar çəkiləcək və digər işlər görüləcək. Azərbaycanın yaratdığı yeni reallıqlar təsdiqlədi ki, işğal Ermənistanı uçuruma apardı. 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kimin rəhbərlik etdiyi göz önündədir. Ermənistan uğursuz ölkədir, 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi və bu gün də müstəqil deyil. “Mənə kömək edin” onların ideologiyasının əsas prinsipidir. 44 günlük müharibə bir daha Ermənistanın baş naziri Nikol Paşinyanın komək üçün yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadığını nümayiş etdirdi. Müstəqilliyi formal xarakter daşıyan, başqa dövlətlərin maraqlarının icrasında bir vasitəçi rolunu oynayan Ermənistan faktiki olaraq müstəmləkədir”, - deyə millət vəkili bildirib.

yap.org.az

Digər xəbərlər