Siyasət

  • 4 972

"KİV-i cənnətə döndərmək lazımdır" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə, Azərbaycanda sonuncu dəfə 2002-ci ildə “KİV haqqında” qanuna edilən dəyişiklikdən bu yana, yəni düz 18 il qanunda heç bir dəyişiklik baş verməyib. İndiyədək cəmi üç dəfə dəyişiklik prosesi olub. Bu 18 ildə dünyanın informasiya məkanında, siyasətində o dərəcədə dəyişikliklər baş verib ki, artıq dünyanın adını informasiya dünyası qoyublar". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, bütün bunların fonunda 18 il Azərbaycanda “KİV haqqında” qanunun donması artıq ciddi tənəzzüldən xəbər verir: "Buna baxmayaraq, Azərbaycan jurnalistikası obrazlı dillə desək, “dişi-dırnağı” ilə çalışaraq ayaqda qalıb və öz yolunu davam edə bilib. Çünki özünün kökü, ənənəsi var. Hətta Şərqdə ilk dəfə yaradılmış müstəqil mətbuat biz olmuşuq. Prezident İlham Əliyev minnətdarlığımızı bildiririk ki, biz jurnalistlərə hər zaman dəstək göstərib. Ümummilli Lider Heydər Əliyevin kursunu layiqincə davam etdirən ölkə başçısı qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını dondurub. Daha sonra qəzetlər ağır duruma düşüb bağlanmaq ərəfəsində klassik jurnalistikanın qorunması, qəzetçilik ənənəsinin məhv olmaması, gələcəkdə qəzetin bir arxiv rolu oynadığının dərk olunması məsələsi üzərinə gələrək cənab Prezident yenə dəfələrlə KİVDF üzərindən birdəfəlik yardımların, müsabiqələrin təşkil olunmasını təmin edib. Amma bütün bunlar yenə də dünyanın sürətlə dəyişdiyi informasiya məkanında Azərbaycan jurnalistikasının görünməsinə az kömək olub. Daxildə bizi yaşadıb saxlayıb amma bu gün biz həm də xaricdə görünməliyik. Çox qəribədir ki, 44 günlük Vətən müharibəsində cənab Prezident informasiya blokadasını şəxsən özü yardı. Dünyanın tanınmış KİV-lərinə 30-dan artıq müsahibə verdi. Ölkə başçısı titanik gücü ilə öndə getdiyi kimi yenə informasiya məkanını şəffaflaşdıra və Azərbaycan həqiqətlərini tək-tənha dünyaya çıxara bildi. Bu möcüzədir.Necə ki 44 günlük Vətən müharibəsinin nəticəsi möcüzə oldu, eləcə də informasiya məkanındakı bizim addımlarımız da möcüzə oldu. Mütləq bunun davamı gəlməli idi. Beləcə, Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzaladı. Fərmanla “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradılıb. Əhməd İsmayılovun bu Agentliyə icraçı direktor təyin olunması isə çox təqdirəlayiq haldır. Amma burada müəyyən məsələlər var. Həmin proseslər mütləq şəkildə biz jurnalistlərlə, jurnalist QHT-lərlə danışmaq, onlardan təkliflər almaq, böyük bir kontingent hazırlamaq və o kontingentin verdiyi təkliflər əsasında hazırlanmalıdır.Artıq yaxın zamanlarda “Media haqqında” qanun hazırlanacaq. Bu qanunun bütün müddəalarını biz bir yerdə hazırlamalıyıq. Bizim xeyli sayda təkliflərimiz vardır. Monitorinqlərin aparılması, maliyyələşdirmə ilə bağlı və s. təkliflərimiz mövcuddur. Bəs, QHT jurnalistləri bu Agentlikdən necə bəhrələnəcəklər? Çünki bu məsələ Nizamnamədə öz əksini tapmayıb. QHT jurnalistləri yenə də QHT-lərə Dövlət Dəstəyi Şurasından asılı vəziyyətdə qalacaqlar? Bir sözlə, çoxlu sayda görüləsi işlər var. Necə ki Qarabağı tikirik və tikməkdə davam edəcəyik, eləcə də KİV-i cənnətə döndərmək lazımdır".

sia.az

Digər xəbərlər