Siyasət

  • 5 093

Sevinc Hüseynova: “Dostluq” yatağı ilə bağlı razılaşma hər iki ölkə üçün böyük fayda gətirəcək

image

“Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması perspektiv baxımından böyük önəm kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, bir neçə il öncə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra Türkmənistan tranzit ölkəyə çevrilib və bu, ona böyük fayda verir. Gələcəkdə isə Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru yolunun işə düşməsi ilə şübhəsiz ki, ölkəmizdən Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiyadan keçməklə Çin Xalq Respublikasınadək nəhəng türk zolağı uzanacaq. Strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması region ölkələri kimi Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistana da müəyyən şanslar və üstünlüklər verəcək. Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
Millət vəkilinin sözlərinə görə, təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən “Dostluq” yatağınin karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, hər şeydən əvvəl, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Ona görə də “Dostluq” yatağı haqqında sənəd, Azərbaycan Prezidentinin sözləri ilə desək, “tarixi sənəddir”. Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına fayda gətirəcək.
“Bu razılaşmanın digər faydası Xəzərin iki enerji dövlətinin bu regionda geniş qarşılıqlı faydalı əməkdaşlığının yaxşı nümunə ola bilməsidir. Bu isə Azərbaycan və Türkmənistanla yanaşı, regionun digər ölkələrinin də enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Həmçinin Memorandumun həyata keçirilməsi beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaradılmasına xidmət edəcək. Bu layihənin reallaşdırılmasına iri xarici investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaranacaq. Yatağın istismarı, eyni zamanda, enerji ehtiyatlarının Azərbaycan ərazisi vasitəsilə bazarlara çıxarılması və tranzit daşımaları sahələrində də iki ölkənin əməkdaşlığını yeni mərhələyə daşıyacaq”,-deyə deputat söyləyib.

yap.org.az

Digər xəbərlər