Siyasət

  • 5 023

Anar Məmmədov: Dinamik iqtisadi inkişaf davamlı xarakter daşıyır

image

“Son 17 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusilə təqdirəlayiq haldır ki, bu dinamik inkişaf bu gün müharibə və pandemiya reallıqları fonunda da davam edir. Bu xüsusda beynəlxalq təşkilatların, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır və dünya miqyasında 28-ci yerdədir”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Anar Məmmədov bildirib ki, Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və bu sahədə zəngin ənənələrə malikdir. Hələ XIX əsrin ikinci yarısında Bakıda neft istehsalının genişlənməsi yalnız neft sektorunun deyil, digər sahələrin də inkişafına imkan yaratmışdı. Ötən əsrin 70-80-ci illərində isə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkədə güclü sənaye potensialı formalaşdırıldı. Müstəqilliyin ilk illərində isə “Əsrin müqaviləsi”nin imzalanması və transmilli layihələrin icrası ilə başlanmış uğurlu neft strategiyasının həyata keçirilməsi neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan verdi. Eyni zamanda, “Əsrin müqaviləsi” neft-qaz və onunla əlaqəli sahələrdə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına, sənayenin kadr təminatının yaxşılaşmasına zəmin yaratdı.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq ölkə sənayesinin inkişafı tamamilə yeni mərhələyə qədəm qoyub: “Xüsusən qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Bu əsasda son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Sənayenin modernləşdirilməsi, onun innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunub. Bu gün dünyada bir çox ölkələrin sosial-iqtisadi layihələri ixtisar etdiyi zamanda ölkəmizdə bir sıra müəssisənin istifadəyə verilməsinin davamı olaraq bir neçə gün bundan öncə Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlinin qoyulması, yeni istehsal müəssisəsinin açılışı yuxarıda sadaladıqlarımızın bariz nümunəsidir. Bütün bunlar isə ilk növbədə yeni iş yerlərinin yaradılmasına, işsizlik həddinin azalmasına, eyni zamanda innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına birbaşa təsir göstərir. Beləliklə, qeyd etmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Belə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir. Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir”.

yap.org.az

Digər xəbərlər