Siyasət

  • 3 338

Tarixi Şuşa bəyannaməsi: qarşıda daha böyük zəfərlər dayanır! - ANALİTİK + AKTUAL

image

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dünyaya hansı çağırışları etdilər?

Qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə işğaldan azad olunmuş Şuşa şəhərinə getməsi, eləcə də hər iki dövlət başçısının qədim Şuşa şəhərindən, Xurşidbanu Natəvanın erməni qəsbkarları, işğalçıları tərəfindən dağıdılmış sarayı qarşısından dünyaya mühüm mesajlar vermələri özündə bir çox əhəmiyyətli məqamları, vacib siyasi, regional və iqtisadi elementləri ehtiva etməkdədir. Azad Qarabağda qlobal çağırışların məhz Bakı və Ankara tərəfindən səsləndirilməsi isə növbəti proqnozları müəyyən etməyə imkanar yaradır.
Tarixi Şuşa bəyannaməsi istər xaraktercə, istərsə də Cənubi Qafqaz reallığına baxış prizmasında yeni nəfəs gətirir
Beləliklə, imzalanmış tarixi deklarasiyadakı hər maddə, hər ifadə isə məhz belə qənaətə gəlməyə zəmin yaradır: qarşıda bizi daha böyük zəfərlər gözləyir və onların hər biri artıq sarsılmaz müttəfiqlərə çevrilmiş Azərbaycan və Türkiyənin istər regiondakı, istərsə də beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirəcək.Şuşa bəyannaməsi istər xaraktercə, istərsə də Cənubi Qafqaz reallığına baxış prizmasından yeni nəfəs gətirir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa görüşünə qədər verdiyi bəyanatlarını da xatırlayarsaq bu zaman həm də belə bir nəticəyə gəlmək olar ki, artıq bütün müvafiq addımlar atılıb, qərarlar verilib və qalır Ermənistanın doğru nəticə çıxarmasına ki, bu da regionun inkişafı, tərəqqisi üçün önəmli bir məsələdir.Misal üçün, biz xatırlaya bilərik - Prezident İlham Əliyev bu yaxınlarda da bəyan etmişdi ki, regionda inkişafa və tərəqqiyə nail olmaq üçün Ermənistanda dayanıqlı hökumət formalaşmalı, bu ölkə revanşçılıq hisslərini kənara qoymalıdır. Yalnız bundan sonra böyük sülh sazişini həyata keçirmək olar. Belə ki, revanşçılıq hisslərinin kənara qoyulması ilə yanaşı, ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə də start verilməlidir.
Hər bir qərar Azərbaycanla Türkiyənin regionda birmənalı söz sahibi kimi çıxış etmələrinə geniş imkanlar verir
Tarixi bəyannaməyə gəldikdə isə, biz bu sənədin müstəqil Azərbaycanla Türkiyə dövlətlərinin hazırkı dövrümüzə qədər imzaladıqları bütün sazişlərinin vahid və birləşdirilmiş forması olduğunu da deyə bilərik. Artıq bu sənəd qardaş ölkələrimizin proqram və layihələrinin reallaşdırılmasını əks etdirən nəhəng perspektivlərə söykənən yol xəritəsidir.Digər tərəfdən, tarixi Şuşa bəyannaməsi həm Bakı, həm də Ankara üçün ona görə əhəmiyyət kəsb edir ki, regionun təhlükəsizliyi, tərəqqisi istiqamətində atılacaq hər bir addım, veriləcək hər bir qərar Azərbaycanla Türkiyənin regionda birmənalı söz sahibi kimi çıxış etmələrinə geniş imkanlar verir. Məsələn, cənab Ərdoğanın çıxışı əsnasında Rusiyanın dövlət başçısı Vladimir Putinin regionun inkişafında maraqlı olduğunu bəyan etməsi bu amili ehtiva etməkdədir. Yəni Türkiyə Prezidenti bununla anons verib ki, Ağdamdakı birgə monitorinq mərkəzində olduğu kimi, Rusiya ilə həm iqtisadi, yaxın gələcəkdə isə siyasi sahələrdə birgə funksional əməkdaşlıqlar həyata keçirilə bilər.
Qardaşlıq Konsulluğu
Daha bir mühüm məqam ölkələrimiz arasında hərbi və müdafiə yönündə əldə edilən tarixi anlaşmadır. O cümlədən, qardaş Türkiyənin Baş Konsulluq İdarəsinin Şuşa şəhərində açılması qərarının verilməsi regionun ayağa qaldırılması, tərəqqisi üçün digər ölkələrə göstərilən örnəyi simvolizə edir. Bu addımı həm də qardaşlıq Konsulluğu kimi də qiymətləndirmək olar. Yəni bunu həm də bir çağırış kimi də dəyərləndirə bilərik – Türkiyə hər yerdə, hər zaman qardaşı Azərbaycanın yanındadır və sonuna qədər belə də davam edəcək.

sia.az

Digər xəbərlər