Siyasət

  • 4 164

“Şuşa Bəyannaməsi” Qafqazın inkişafına mühüm töhfə verəcək

image

2021-ci ilin 15 iyunu, Qarabağ xanı Pənahəli xanın təməlini qoyduğu, qədim mədəniyyət beşiyi Şuşa şəhərində iki qardaş dövlət – Azərbacan və Türkiyə arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində xüsusi rola malik olacaq. Hazırda Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı ölkəmizin iqtisadiyyatının güclənməsinə, təhlükəsizliyinə qorunmasına mühüm töhfə verəcəkdir.

Türkiyə və Azərbaycan prezidentlərinin imzaladığı “Şuşa Bəyannaməsi”ndə sənəddə üçüncü ölkə tərəfindən onların müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə bir-birini dəstəkləmək öhdəliyi öz əksini tapıb. Əslində tarixi “Qars müqaviiləsi”nin 100-cü ildönümündə belə bir sənədin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Əgər 100 il bundan öncə imzalanan müqavilədə yalnız Naxçıvana olan müdaxilə zamanı Türkiyə tərəfi öz üzərinə müdafiə etmək məsuliyyətini götürürdüsə, “Şuşa bəyannaməsi” bütövlükdə Azərbaycanı əhatə edir, eyni zamanda tərfələr öz üzərlərinə qarşılıqlı öhdəliklər götürürlər. Prezident İlham Əliyevin dediyi kimi: “Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyannamənin imzlanmasından sonra təşkil edilən mətbuat konfransında demişdir: “Biz tarixi Azərbaycan torpaqlarının bir daha işğal olunmaması üçün lazım olan tədbirləri görürük”. Müdafiə sahəsində edəcəyimiz əməkdaşlıq və qarşılıqlı hərbi yardım bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir-birimizin təhlükəsizliyinin təmin olunmasında birgə addımlayacağıq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəyyannamənin imzalanmasından sonra bildirdi ki, Qarabağın, eləcə də Qafqazın bərpası və inkişafı üçün altıtərəfli əməkdaşlıq formatının yaradılmasını təklif edib. “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ilə Türkiyəni Ermənistan vasitəsilə birləşdirəcək nəqliyyat dəhlizinin əhəmiyyətini yüksək qiymətləndirib və bunun region üçün böyük imkanlar yaratdığını bəyan edib. Türkiyə ilə Azərbaycanın münasibətlərini müəyyənləşdirən imzalanmış bütün sənədlər, o cümlədən “Şuşa Bəyannaməsi” dövlətlərimizi biri-birinə daha da yaxınlaşdıracaq, ictimai həyatın bütün sahələrini əhatə edən əlaqələrimizi indikindən də artıq inkişaf etdirəcək, dostluğumuzu və qardaşlığımızı əbədiləşdirəcək.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan dünyaya xüsusi olaraq bu mesajları çatdırdılar: “Bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”, “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.
Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO uzvlərinin zirvə görüşündən sonra Azərbaycana rəsmi səfəri, Şuşada qarşılanması, ikitərəfli əlaqələrin inkişafına xidmət edən tarixi sənədin imzalanması özündə bir çox məqamları ehtiva edir.
Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar yaydıqları bəyanat da təqdirəlayiqdir. Təəsüf ki, ölkədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası yenədə ölkəmiz üçün böyük imkanlar açan, təhlükəsizliyinin qorunmasına töhfələr verəcək “Şuşa Bəyannaməsi”nin əhəmiyyətini dərk etmir, öz amplualarında fəaliyyət göstərirlər. Yalnız Azərbaycanın deyil, eləcə də bütün Qafqaz regionunun iqtisadi-siyasi inkişafına yönəlmiş belə bir sənədin imzalanmasına da müxalifətçilik edirlər. Öz ambisiyaları ilə mənsub olduqları partiyaları uçuruma yuvarlayan AXCP və Müsavat “liderləri” ölkədəki iqtisadi inkişafı görmürü, islahatları dərk etmirlər. Xalqımız artıq kimin kim olduğunu yaxşı dərk edir, tarixə çevrilmiş bu partiyaların liderlərinin ambisiyalarının alətinə çevrilməyəcəklər.

İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri

yap.org.az

Digər xəbərlər