Pərvin Kərimzadə: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir

BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama Hərəkatına Azərbaycan Respublikasının 2019-2022-ci illərdə sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir. Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilata sədrlik etməsi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisələrdən biridir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi. Qoşulmama Hərəkatının Azərbaycana dəstəyinin əhəmiyyəti kifayət qədər böyükdür. 2020-ci il Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində törədilən hərbi təxribatla əlaqədar və Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatında qəbul edilən sənədlərdə Azərbaycanın haqlı mövqeyi müdafiə olundu. 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olundu. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe sərgiləyiblər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular.İyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda keçirilən aralıq dövr Nazirlər Konfransında Prezident İlham Əliyev geniş nitqində mühüm məsələlərə toxundu,önəmli çağırışlar etdi. 2020-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu vurğuladı. Ölkə başçısı bildirdi ki, “Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.”

Pərvin Kərimzadə
Milli Məclisin deputatı

yap.org.az