Siyasət

  • 2 036

Azərbaycan-Türkiyə-Pakistan: hərbi əməkdaşlıqdan elmi əməkdaşlığa doğru

image

Dost və qardaş olan ölkələrimiz arasında vahid elmi əməkdaşlıq platformasının yaradılması üçün perspektiv imkanlar var

Bu həftənin ən yadda qalacaq hadisəsi Vətən Müharibəsində qazandığımız Böyük Zəfərdən sonra və ümumiyyətlə ölkələrimizin tarixində ilk dəfə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” adlı birgə beynəlxalq təliminin keçirilməsidir. Böyükdən kiçiyə hamımızın sevincinə səbəb olan üç ölkənin silahlı qüvvələrinin onurğa sütunu sayılan xüsusi təyinatlılarının birgə təlimindən video, foto görüntülər kimdə dost-qardaş birliyi-həmrəyliyi, kimlərdəsə güc, əzələ nümayişi təəssüratı yaratdı. Hətta düşmənlərimizdə qorxu, əndişə, onların yandaşlarında paxıllıq və qısqanclıq doğurdu. Dünyanın müstəqil ökələrindən biri kimi dost, qardaş və strateji tərəfdaşlarımızı seçməkdə sərbəst olduğumuz kimi, onlarla əlaqələrimizi necə quracağımızı da, hansı sahələrdə əməkdaşlıq edəcəyimizi də özümüz bilərik. Bunun üçün kimdənsə icazə alası deyilik. Qoy, bunu hamı belə duysun, belə bilsin, kim əsəbləşirsə gedib soyuq su içsin. Deməli, sıradan olmayan bu hərbi təlimin sətraltı siyasi mesajları çox dərindir: uzun sözün qısası haqq işimizə “burnunu soxmaq” istəyənlər qarşılarında “ÜÇ QARDAŞ”ın gücünü görməli olacaqlar.
Digər tərəfdən geniş mənada düşünəndə burada qeyri-adi, kim və kimlərəsə narahatçılıq gətirəcək bir hərəkət də yoxdur. Bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşən Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini əyani sübut kimi göstərmək olar.
Sözsüz, Vətən Müharibəsində böyük qələbəmizin qazanılmasının şəriksiz memarı Müzəffər Ali Baş Komandan və onun qəhrəman əsgəridir. Dövlət başçısının da qeyd etdiyi kimi igid cəngavərlərimiz 44 gün ərzində bir dəfə olsun geri addım atmadılar, daim irəliyə getmək, ya qalib, ya şəhid, ya da qazi olmaq əsas hədəfləri oldu. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq dastanı yazan cəngavərlərimiz xalqımızın illər boyu gözlədiyi həsrətə, iztiraba son qoydular: 30 ilə yaxın işğal altında qalan tarixi və əzəli torpaqlarımız erməni işğalından qurtuldu, ərazi bütövlüyümüz bərpa olundu. Bu haqda nə qədər yazılsa da, deyilsə də yenə azdır. Amma toxunmaq istədiyimiz bu mövzu ilə əlaqəli, amma başqa bir məsələdir. Müharibənin ilk günlərindən yuxarıda haqqlarında bəhs etdiyimiz qardaş, dost ölkələrin Azərbaycana münasibətdə tutduğu yer və sərgilədikləri mövqe diqqət cəlb edir. Təbii ki, xarici erməni lobbilərinin təsiri altında özlərini onların yalanlarına inandıran bir sıra ölkələri çıxmaq şərti ilə qalanlarının mövqeyini qənaətbəxş saymaq olar. Çünki bu düzgün mövqeyin nəticəsi idi ki, Azərbaycan kəskin beynəlxalq təzyiqlərə məruz qalmadı. Halbuki işğal faktını təsdiq edən və Ermənistanın silahlı birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurasının iki dəfə fövqəladə iclasını çağıraraq ölkəmizi haqq savaşından durdurmağa və müəyyən siyasi-iqtisadi sanksiyalar tətbiq etməyə cəhdlər olundu. Ancaq Azərbaycana qardaş, dost və müttəfiq olan ölkələrin qabaqlayıcı tədbirləri bu arzuolunmayan halların qarşısını vaxtında ala bildi.
Vətən Müharibəsi dövründə Azərbaycana ən böyük siyasi və mənəvi dəstək verən ölkələr siyahısında ilk növbədə Türkiyə və Pakistanın adı xüsusi qeyd edilməlidir, desək yerinə düşür. Ümummilli lider mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini sözdən əmələ keçirən qardaş Türkiyə II Qarabağ Müharibəsinin ilk günündən sonuna qədər rəsmi vəzifəli şəxslərindən başlayaraq sadə vətəndaşlarına qədər hamısının bir ağızdan “dost və qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik” söyləmələri necə də qürurverici idi. Sirr deyil ki, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri, xüsusən “... əgər bu münaqişədə qırmızı xəttimiz keçilərsə, inciməsinlər, babamızın oğlu da olsa gözümüz görməz” kəlmələri Azərbaycanın işğalda olan ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verdi.
Dost Pakistan ölkəsi də baş nazirləri İmran xanın dilindən “bu müharibədə haqq-ədalət tərəfi olan Azərbaycanın yanındayıq. Lazım gələrsə qardaşlarımıza hər cür dəstək verməyə hazırıq”, fikirləri sözün əsl mənasında gücümüzə güc qatdı.
Vətən Müharibəsindən sonra yaranmış reallıq bizə dost olan və olmayan ölkələri ayırd etməyə yardımçı oldu. Ona görə də bu yeni reallıq həm də haqq savaşında ölkəmizə yaxından dəstək verən ölkələrlə siyasi, mədəni, elm, təhsil və sair sahələrdə vahid əməkdaşlıq platformaların yaradılması məsələsini nəinki gündəmə gətirdi, hətta tezliklə reallaşmasını obyektiv zərurətə çevirmiş oldu.
Söz yox ki, bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bunun ən mühümü hərbi sahədə birgə əməkdaşlığın nəticəsi olan indiki təlimlərdir.
Elmi nöqteyi-nəzərdən əməkdaşlıq imkanlarını nəzərə alsaq görərik ki, qardaş, dost, müttəfiq ölkələrlə belə bir elmi platformanın yaradılması da məqsədəuyğundur. Çünki mərkəzləşmiş elmi siyasəti həyata keçirən akademik elmin mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun elmi-tədqiqat müəssəsələri və Yüksək Texnologiyalar Parkı kimi təşkilatları onsuz da ayrı-ayrılıqda yuxarıda qeyd etdiyimiz ölkələrin elmi mərkəzləri ilə bu və ya digər formada əməkdaşlıq edirlər. Təkcə, icraçı direktoru olduğum AMEA akad. Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) fundamental və tətbiqi sahədə həyata keçirdiyi müştərək beynəlxalq tədqiqatlarda, məhz Türkiyə və Pakistanın aparıcı elm, təhsil və innovasiya mərkəzlərinə önəm verməkdədir. Belə ki, 2015-ci ildən qardaş Türkiyənin aparıcı elm mərkəzləri sayılan, dünyanın məhşur universitetlərinin reytinq siyahısında ön sıralarda yer alan ali təhsil müəssisələri – Orta Doğu Texnik, Hacetepe, İstanbul Texnik, Atatürk, Bartin, Ege universitetləri ilə fundamental nəzəri tədqiqatlar sahəsində əməkdaşlıq edir. Hər bir universitetlə imzalanmış əməkdaşlıq müqavilələrində gənclərin təcrübəkeçməyə cəlb edilməsindən tutmuş, müştərək beynəlxalq laboratoriyaların yaradılması və yüksək ixtisaslı kadr hazırlığı və ən əsası beynəlxalq səviyyəli birgə tədqiqatların aparılmasına qədər bütün bunları əhatə edən akademik təcrübə mübadiləsinin reallaşdırılması praktik olaraq razılaşdırılmış və həyata keçirilməkdədir. Ötən müddətdə ilk dəfə olaraq AKİ-də sintez olunan yeni fizioloji fəal maddələrin antioksidant aktivliyi, enzim-izoenzimlər üzərində inhibitor təsirləri Atatürk və Bartin universitetlərində analiz olunmuş və yüksək təsirə malik olmaları təsdiq edilmişdir. Yekun nəticələrə görə, alınan maddələr bədxassəli şiş (xərçəng), mədə traktı, tənəffüs yollarının iltihabı, Alzheimer (yaddaşitmə, ağıl zəifliyi), qlaukoma, şəkərli diabet, yüksək hipertoniya və sair xəstəlik doğuran patoloji proseslərə yüksək inhibitor təsir göstərirlər. Hətta onlar standart dərman kimi tətbiq olunan takrin, α-tokoferol və troloksa nisbətən 10 dəfə yüksək təsirə malikdir.
Bu tədqiqatların mühüm nəticələri dünyanın Springer, Elcevier, Wiley, Taylor & Francis kimi nüfuzlu nəşriyyatlarına daxil olan, impakt faktoru yüksək, “Web of Science”, “Scopus” kimi tanınmış elm bazalarında arxivləşmiş jurnallarda 50-ə yaxın məqalə şəklində çap olunmuş, onlara dünya alimləri tərəfindən 2000-ə yaxın istinad olunmuşdur.
Bu günlərdə Türkiyəli həmkarlarla birgə həyata keçirilən müştərək elmi tədqiqatların nəticələrinə həsr olunan beynəlxalq elmi seminarın da təşkil olunmasının əsas məqsədi indiyə qədər aparılmış tədqiqatların əsas nəticələrini bir daha müzakirə etmək və gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək olmuşdur. Bu xüsusda Qarabağın zəngin flora örtüyünə malik olduğunu nəzərə alaraq, növbəti mərhələdə oradan toplanılan dərman bitkilərinin ekstraktlarının fizioloji fəallıqlarının öyrənilməsi ilə bağlı birgə tədqiqatların keyfiyyətcə yeni istiqamətdə aparılmasını mümkün edəcəkdir.
AKİ tərəfindən dost, müttəfiq ölkələrlə fundamental tədqiqatlarla yanaşı tətbiqi işlər sahəsində də önəmli nailiyyətlər əldə edilmişdir. Məlumdur ki, İnstitutumuz strateji məhsul hesab edilən sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu mayelərə aşqarların yaradılması və onların əsasında müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyaları, yağlayıcı-soyuducu mayelərin işlənməsi və istehsalın təşkili üzrə elmi-tədqiqat işləri aparır.
Azərbaycan suverenlik əldə etdikdən sonra AKİ əməkdaşları Bakı baza yağları və mövcud aşqarlardan istifadə edərək əvvəlki yağın analoqunu yaratmış, istehsalını institutun nəzdində fəaliyyət göstərən “Aşqar” XTB-də təşkil etmiş və 100 tonlarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir.
Məlumdur ki, hər bir texnika, ələlxüsus hərbi texnika ildən-ilə təkmilləşir və yeni nəsil texnika meydana gəlir. Artıq dünyada xüsusi təyinatlı texnika müəssisəsinin istehsal edilən yeni nəsil tanklarda istifadə ediləcək yüksək gücləndirilmiş müasir dizel mühərriki yaradılmışdır. AKİ-nin əvvəl yaratdığı motor yağının keyfiyyət göstəriciləri yeni yaradılmış dizel mühərrikinin tələblərinə cavab vermədiyi üçün qeyd olunan dizel mühərrikin tələblərini təmin edən yüksək keyfiyyətli yeni xüsusi təyinatlı motor yağının yaradılması ehtiyacı gündəmə gəldi.
2019-cu ilin iyul ayında Ukrayna və o cümlədən qardaş Pakistan tərəfindən yeni xüsusi təyinatlı yağın yaradılması ilə əlaqədar AKİ-yə müraciət olundu. Həmin ölkələrin nümayəndələri 2019-cu ildə tələb olunan sürtkü yağına aid müzakirələr aparmaq və əməkdaşlıq haqqında niyyət protokolu imzalamaq üçün Azərbaycanda oldular. Ardınca AKİ qısa müddətdə tələb olunan sürtkü yağını yaratdı və laboratoriya sınaqlarının nəticələri bu yağın əvvəlki yağlardan xeyli üstün olduğunu təsdiq etdi.
2020-ci ildə AMEA-nın Təcrübə-Sənaye Zavodunda yeni yağın 600 litr miqdarında nümunəsi hazırlanıb və motor sınaqları üçün Ukraynanın Xarkov şəhərinə yuxarıda qeyd olunan zavoda göndərildi. Həmin yağın sınaqları başqa şirkətlər tərəfindən təklif olunan və hazırda istifadədə olan yağlarla müqayisəli olaraq aparılmışdır. Müqayisəli sınaqların nəticələri 43 səhifədən ibarət rəsmi sənəddə öz əksini tapmışdır. Sənəddə birmənalı qeyd olunmuşdur ki, AKİ-nin yeni yağı xeyli üstün keyfiyyət göstəricilərini nümayiş etdirmişdir. Bu yağın tətbiqi ilə əlaqədar əsaslandırılmış qərarın qəbulu üçün həm Pakistan, həm də Ukrayna nümayəndələri bu yaxınlarda yenidən İnstituta səfər edəcəklər.
Yuxarıda qeyd olunduğu kimi fundamental tədqiqatlar sahəsində birgə əməkdaşlıq ölkələrin qarşılıqlı olaraq malik olduğu elminin dünya elminə inteqrasiyasını sürətləndirirsə, tətbiqi sahədə müştərək elmi işlər eyni zamanda o ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhvə vermiş olur. Xüsusən də o ölkələrin strateji məhsullarla təchizat məsələsi meydana gəldikdə, Azərbaycanla analoji problemləri yaşayan Pakistan kimi ölkələr üçün bu faydanın miqyası dəfələrlə artmış olur. Ən əsası da hegemon, super ölkələrin idxal asılılığından azad olacaqlar. Bu amili nəzərə alaraq AKİ Pakistanla olduğu kimi qardaş Türkiyə ilə də tətbiqi sahədə əməkdaşlığın aparılmasını məqsəduyğun sayır və hazırda bu istiqamətdə TUBİTAK və TUBA xətti ilə müzakirələr aparmaqdadır.
Hesab edirik ki, Vətən Müharibəsinin gətirdiyi reallıqlar nəzərə almaqla AKİ-nin timsalında AMEA-nın riyaziyyat-fizika, informasiya texnologiyaları, geologiya, kəndə təsərrüfatı, torpaqşünaslı və eyni zamanda humanitar-ictimai elmlərin aid olduğu digər elmi-tədqiqat müəssislərinin də beynəlxalq əlaqələrdə Azərbaycana əsl qardaşlıq və dostluq telləri ilə bağlı olan Türkiyə və Pakistanın analoji elmi müəssislərinə önəm verməsi elmi əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoymuş olacaq. Bu isə əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə sonda vahid əməkdaşlıq platformasın yaradılmasını təmin edəcək. Məsələnin maraq doğuran bir tərəfi də odur ki, vətənimizin çətin günündə - 44 günlük müharibə zamanı bizi tək qoymayan qardaş və dost ölkələrə bu yolla minnətdarlıq etmiş oluruq.

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
elmlər doktoru, dosent

yap.org.az

Digər xəbərlər